Region

"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzusunda tədbir

"2023-cü ilin "Heydər Əliyev İli" çərçivəsində Naftalan şəhərində "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkilləri Anar Məmmədov, Ramin Məmmədov, YAP şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, şəhər ziyalıları iştirak ediblər. Tədbir iştirakçıları, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin və şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən fotoeksponatlara baxış keçiriblər. Həmçinin ulu öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablarla, əl işlərindən və rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkilləri çıxış edərək qeyd ediblər ki, ulu öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Ümummilli liderin rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Xalqımız ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yüksək zirvələr fəth edəcək.

Sonda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şəhər məktəbliləri arasında keçirilmiş "Sən Elə Bir Zirvəsən" adlı şeir müsabiqəsinin qalibləri "Fəxri Fərman"larla təltif olunub, xatirə şəkli çəkilib.

Zabit XƏLİLOV,

"Respublika".