Saf, keyfiyyətli toxum bol məhsul istehsalına təminat deməkdir
Region

Saf, keyfiyyətli toxum bol məhsul istehsalına təminat deməkdir

Bu günlər respublikamızın hər yerində olduğu kimi, Xaçmaz rayonunda da payız əkinlərinə ciddi hazırlıq görülür. Sahələrdə şum qaldırılır, torpaq səpinə hazırlanır. Rayonda cari ilin səpin kampaniyasını müvəffəqiyyətlə başa çatdırmaq üçün kifayət qədər taxıl toxumu tədarük olunmuşdur.

Bu barədə Quba Regional Toxum Analizi şöbəsinin mütəxəssisi Ağamurad Əzizov bildirir ki, bu il rayonda taxıl toxumçuluğu ilə 10 təsərrüfat məşğul olub. Həmin təsərrüfatlarda ümumilikdə 3.661 ton taxıl, o cümlədən 3.043 ton buğda, 618 ton arpa toxumu tədarük olunmuşdur. Toxumçular əsasən “Qobustan”, “Fatimə”, “Qırmızıgül”, “Murov – 2”, “Alekseyiç”, “Şəfəq – 2” buğda sortları, “Qarabağ – 22”, “Ramata”, “Cəlilabad – 19”, “Etincel”, “Salamadra” arpa toxum sortları yetişdirmişlər. Azərbaycan-Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsi, “Yalama Aqropark” MMC, “Nümunə” MMC və fiziki şəxslər Vüqar Haqverdiyev, Habil Məmmədov daha çox məhsul istehsal edərək yüksək reproduksiyalı toxum tədarük etmişlər. Hazırda bu təsərrüfatlar səpin üçün fermerlərə “Super elit”, “Elit”, “R-1”, “R-2” toxumlarının satışını həyata keçirirlər. Toxumlar həm dərmanlanmış, həm də dərmanlanmamış şəkildə təklif olunur. Qeyd edək ki, istehsal olunmuş bu toxum sortlarından ətraf rayonların fermerləri də bəhrələnə biləcəklər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, bu il Xaçmazda 20 min hektarda payız səpininin keçirilməsi planlaşdırılıb. Taxılçılıq təsərrüfatlarının toxum təminatının 80 faizdən çoxunu yerli toxumçular təmin edəcəkdir. Rayonda səpin kampaniyasına yaxşı hazırlıq görülmüş, işin gedişində heç bir çətinlik yoxdur. Əkinçilər payız əkiminə vaxtında hazırlıq görmüş, kifayət qədər keyfiyyətli toxum tədarük etmişlər. Bu ayın sonundan başlayaraq sahələrdə payız əkinə tam start veriləcəkdir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.