MÜSTƏQİLLİK GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNUB
Bölgələr

MÜSTƏQİLLİK GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNUB

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərkəzin direktoru Dilbər İbayeva Müstəqillik Günü haqqında deyib ki, müsəlman Şərqində ilk dəfə 105 il əvvəl Azərbaycanda demokratik, dünyəvi dövlət qurulub. Cəmi 23 ay yaşamasına baxmayaraq ADR-ın dövlətçilik tariximizdə xüsusi yeri vardır. Keçən əsrin sonunda xalqımız ikinci dəfə azad, müstəqil yaşamaq arzusuna qovuşub. Ulu öndərin xilaskarlıq missiyası sayəsində dövlətçiliyimiz qorunub, Azərbaycan müstəqil, suveren dövlət kimi dünyada tanınıb.

Bu gün ölkəmiz güclü, qüdrərətli, qalib dövlət kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. Xalqımız Müstəqillik Gününü fəxarətlə, böyük təntənə ilə bayram edir.

***

Yardımlı Rayon İcra Hakimiyyətində Müstəqillik Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib.

Çıxışında Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova bildirib ki, 28 May şanlı tariximizə qızıl hərflərlə həkk olunub, hər bir azərbaycanlı üçün qürur mənbəyi olan müqəddəs gündür. 1918-ci il mayın 28-də Azərbaycanda ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika qurulub.

Çıxışlarda qeyd olunub ki, 28 May çağdaş tariximizin ən şanlı və parlaq səhifələrdən biridir. Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı məğlub edərək tarixi zəfərə imza atmış və torpaqlarımızı azad etmişdir. Artıq üç ildir ki, bu əlamətdar günü qürurla, fəxarətlə, qalib xalq kimi qeyd edirik.  

Əlisəfa HƏSƏNOV,

“Respublika”.