Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Ağstafada "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Bayramov, həmin kafedranın dosenti Elgün Aslanov, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan icra başçısı Seymur Orucov bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev istər sovet hakimiyyəti dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə daim öz xalqına ləyaqətlə xidmət etmiş, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin olunmuşdur.
Qonaqlar ümummilli lider Heydər Əliyev haqqında konfrans iştirakçıları ilə xatirələrini bölüşüblər. Elm xadimləri isə dahi siyasətçi, görkəmli dövlət xadiminin şərəfli ömür yolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
"Respublika".