MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

 

(əvvəli 1, 2, 3, 4, 5 və 7 fevral tarixli saylarımızda)

ATROPATEN ƏHALİSİNİN ETNİK TƏRKİBİ

Bir daha qeyd etmək zəruridir ki, Atropat zamanı və ondan çox əvvəllər bugünkü Azərbaycan (şimali və cənubi) və şərqi-qərbi Midiya (Əsədabad, Həmədan, Qəzvin, Zəncan və Marağa şəhərləri arasındakı ərazilər) ərazisində yaşayanlar ayrı-ayrı el-oba, tayfa və qəbilələrin hamısı iltisaqi dilli və vahid etnik xüsusiyyətə malik idilər. Atropatın Azərbaycanı ümumi Midiya ərazisindən ayırması zaman və məkan şəraiti və müstəqillik üçün lazım idi. Buna baxmayaraq, vahid Midiyanın iki hissəyə bölünməsi və onların etnik birliyini müqəddəratını pozmadı. Bu gün də onlar eyni dilə və tarixə sahibdirlər. Şübhəsiz, gələcək müqəddəratları da vahid şəkildə həll olunacaqdır.

Keçmiş fəsillərdə dönə-dönə göstərmişik ki, Miladdan təqribən 4 min il qabaq o zamankı İranın qərbi mərkəzi və bütün Azərbaycan ərazisində, həmçinin bir sıra başqa İran bölgələrində elam dili və mədəniyyəti əsasında vahid incəsənət, mədəniyyət mühiti yaranmış, arottalar və hurilər, quttilər, lullubilər, mannalar, midiyalılar hətta əhəmənilər dövründə də hakim olmuşlar. İsgəndərin hucumu dövrü və ondan sonra sələfkilər zamanı bu vahid dil, mədəniyyət, incəsənət mühiti mərkəzi və qərbi Midiya ərazilərində və xalqlar arasında hakim olmuşdur.

Azərbaycan ərazisində yaşayan əhalinin əsas hissəsini qədimdən bu yerlərdə hökumət və mədəniyyət qurmuş hurri, lullubi, qutti və mannaların nəsilləri və sonralar Orta Asiyadan gəlib Azərbaycan torpaqlarında yurd salan lullibi-quttilərlə birləşmiş sakalar, massagetlər, sarmatlar və sairə təşkil edirdi. Onların dilləri və mədəniyyətləri Manna və midiyalıların dilləri ilə eyni idi. Şübhəsiz, lullubi-quttilərdən əlavə, Manna-Midiya dövründə də Azərbaycan torpaqlarında onlarla eyni dilli və ya dilləri yaxın olan digər kiçik xalqlar (sakasinlər, alban, kadusi və s.) da yaşayırdı. Bu əksəriyyət qeyri-adi xalqlar idilər və hamısı vahid incəsənət və mədəniyyətə malik idilər. Bu ellər, qəbilələr və xalqların əksəriyyəti əhəmənilər dövrü bir növ müstəqil idilərsə də, Atropat dövründə onların çoxu təzə yaranan hökumətlə birləşdi. Bu siyasi iqtisadi birlik tədricən Atropaten millətinin yaranmasına gətirib çıxardı. Miladi 2-ci əsrdə bu proses daha da gücləndi.

Bu siyasi-iqtisadi birlik bugünkü Cənub Azərbaycan, Zəncan, Qəzvin, Həmədan, Savə və sairə də daxil olmaqla burada yaşayan xalqlardan ibarət idi. Eləcə də, Arazın şimalında Xəzər sahillərində və bugünkü Şimali Azərbaycan və Dağıstan torpaqlarında yaşayan albanlar, kadusilər, sakasenlər, kaspilər, habelə sarmatlar, massagetlər və s. xalqlar da daxil idilər ki, onların bir qismi Qafqaz dağlarının cənubu və bir qismi isə Şimalında yaşayırdılar. Midiya Atropaten hökumətinin tərkibinə daxil olan bu müxtəlif xalqlar və ellər əsrlər boyu gələcək Azərbaycan millətini meydana gətirdilər.

İsgəndərin hücumu zamanı Atropat tərəfindən yaranmış müstəqil Midiya Atropaten hökuməti ərazisində yaşayan və xalqların dili barədə dediklərimiz yetərlidir. Lakin bəzilərinin İsgəndər və Atropat zamanı Midiya Atropaten dini haqqında fikirləri bu barədə bir daha söz açmaq zərurəti yaradır.

Buraya qədərki bəhslərimizdə dəlil və sübutlarla göstərilmişdir ki, İsgəndər zamanına qədər bütün Midiyada, o cümlədən Azərbaycanda (Şimali və Cənubi) yaşamış ellər, xalqlar və qəbilələrin dili iltisaqi olmuş və əksəriyyəti Orta Asiyadan buraya gəlmiş, yerli əhali ilə qaynayıb-qarışmışlar. Yuxarıda gördük ki, əhəməni şahları, hətta bu ərazinin əhalisini özlərinə tabe də edə bilməmişdir, o ki qalsın dillərini dəyişdirsinlər.

Bəhs etdiyimiz həmin dövrdə Azərbaycan ərazisində qutti, lullubi, işqus, sarmat, alban, massaget, kadusi, kaspi... kimi müxtəlif ləhcəli iltisaqi dilli ellər, xalqlar, qəbilələr yaşamış və onlar etnik cəhətdən vahid kökə sahib olmuşlar. Demək, ozamankı Şimali və Cənubi Azərbaycanda müxtəlif dilli millətlər və qövnülər olmamış və buna şərait də yaradılmamışdır. Bütün bunlara baxmayaraq, bəzi tarixçilərin əsərlərində belə cümlələrə rast gəlirik:

"Rəsmən Midiya adlanan təzə dövləti xalq haqlı olaraq Midiya Atropaten yəni onun adı ilə və ya Atropatqan adlandırdılar. O ərazinin sakinləri etnik cəhətdən müxtəlif idilər. İran hökumətinin orada 2-3 əsrlik hakimiyyəti dövrü İran dilinin orada nə qədər üstünlük qazanması barədə məlumatımız yoxdur. Qəti olaraq bu üstünlük nəzərəçarpacaq dərəcədə olmuşdur".

Ə.M.Diyakonov özü də təkid edir ki, əhəmənilərdən əvvəl Azərbaycanın dili İran dili olmamışdır və müxtəlif əsərlərində göstərir ki, əhəməni şahları hətta Şimali və qismən Cənubi Azərbaycan ellərini özlərinə tabe edə bilmədilər. Məlumdur ki, əhəməni sülaləsinin banisi Kir Arazın şimalında Tomrislə döyüşdə ölmüşdür. Onu da bilirik ki, əhəməni şahları midiyaliları talayıb soymuş, gənclərini müharibələrə aparıb məhv etmişdilər. Lakin heç bir yerdə Azərbaycan və Midiya ərazisinə hər hansı bir İran dilli elin gəlməsi və ya köçürülməsini nə oxuduq, nə də eşitdik. Heç bir tarixçi belə bir hadisəni qeyd etməmişdir.

Belə isə Ə.M.Diyakonovun göstərdiyi müxtəlif qövnülər Azərbaycanda necə və nə zaman yarandı? İran dili necə və hansı sənəd əsasında əhəmənilərin hakimiyyəti illərində Azərbaycanda gözəçarpan üstünlük qazandı? Əslində, nə əhəmənilərdən qabaq, nə onların hakimiyyəti dövrü, nə də ondan sonra heç vaxt Azərbaycanda İran dili üstünlük qazanmamışdır. Sonrakı dövrlərdə bu barədə ayrı-ayrı bəhs edəcəyik.

 

ATROPATEN SƏLƏVKİLƏR DÖVRÜNDƏ

(ERADAN ƏVVƏL 323-312)

İsgəndər eradan əvvəl 323-cü ildə Babil şəhərində çox şərab içməkdən zəhərlənərək öldü. İsgəndər ölüm ərəfəsində üzüyünü sərkərdə Heldikasa vermişdi. İsgəndərin vəfatından sonra sərkərdələri arasında ixtilaf başlandı. Bu ixtilaflar nəticəsində eradan əvvəl 312-ci ilə qədər sərkərdələri arasında həm Yunanıstanda, həm də Asiyada qanlı çəkişmələrə səbəb oldu.

İsgəndərdən sonra yaxınları və sərkərdələrinin bəzisi onun Roksanadan hələ doğulmamış oğlunu, bəzisi isə onun ağıldankəm qardaşını şah elan edib, Perdikası ona canişin qoydular. Beləliklə, İsgəndərin ölümündən sonra Atropatın kürəkəni Perdikas hakimiyyətə gəldi. Nəticədə həm Atropatın durumu, həm də qurduğu müstəqil Atropaten dövləti və hökuməti möhkəmləndi.

Qeyd etmək lazımdır ki, İsgəndər bugünkü Cənubi və Şimali Azərbaycan, Ermənistan və Gürcüstan torpaqlarına ordu yeritməmişdi. Buna görə də, bu yerlər İsgəndərin yaratdığı imperatorluğa daxil deyildilər. Şübhəsiz, bu hadisə Kiçik Midiyanın (Midiya Atropaten) müstəqilliyinə müəyyən dərəcədə kömək etmişdir.

Bütün bu amillər nəticəsində Perdikas zamanında İsgəndərin yaratdığı imperatorluğun onun sərkərdələri arasında ilk bölgüsünə Atropaten daxil olmadı. Və nəticədə Atropat İsgəndər dövründə olduğu kimi bugünkü Azərbaycanın hakimi olaraq qaldı. Bu iş Kiçik Midiya (Atropaten) hökumətinin müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynadı.

Bu dövrdə Cənubi Midiya (İsfahan-pars), Babil, Suriya, Misir və yunanda İsgəndərin sərkərdələri arasında hakimiyyət uğrunda qanlı döyüşlər gedirdi. Eradan əvvəl 322-ci ildə Perdikas Misiri tutdu və sərkərdə Bətləmyusla döyüşməli oldu. Müharibədə Perdikas öz adamları tərəfindən öldürüldü və onun yerinə sərkərdə Antipater canişin oldu. Onun zamanında eradan əvvəl 319 və ya 321-ci ildə İsgəndərin imperatorluğu ikinci dəfə olaraq sərkərdələri arasında bölüşdürüldü. Bu hadisəni təsdiq edən Gutşmidt yazmışdır: "Perdikasın ölümündən sonra eradan əvvəl 321-ci ildə ikinci dəfə əyalətləri böldülər... Lakin Kiçik Midiya adı araya gəlmədi. Bu bölgə əslində o zaman daha ölkənin malik olduğu yerlərdən sayılmırdı.

Beləliklə, Atropaten elə bir ölkənin əsasını qoydu və o zamandan bəri əsaslı olaraq öz adı ilə adlandırıldı." Kiçik Midiya və ya Midiya Atropaten yenə də bu bölgüdən kənarda qaldı. Atropat vətəninin müstəqilliyini daha da möhkəmləndirdi. Bu ikinci bölgüdə Babil şəhəri və vilayəti İsgəndərin sərkərdəsi olan Selevkosa çatdı.

Antipater qocalmışdı. Buna görə də sərkərdə Polisperxonu öz yerində canişin və oğlu Kasandrı ordu rəisi təyin etdi. (e.ə. 319-318). Bir müddət sonra bu iki şəxs arasında başlanan ixtilaf döyüşə çevrildi. Bu döyüşdə Kasandr qələbə çaldı.

Eradan əvvəl 317-316-cı illərdə sərkərdə Antiqon İsgəndər imperatorluğunun Asiya hissəsində qələbə çaldı və hətta Babilin hakimi Selevkoslara müxalif oldu. Selevkos eradan əvvəl 315-ci ildə Misirdə Bətləmyusun yanına qaçdı və Perdikasın ölümünə səbəb oldu. Sonralar isə Antiqonun əleyhinə çalışdı.

(davamı növbəti saylarımızda)