GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

OXTAY VƏTƏNXAH

Oxtay Vətənxah adı ilə tanınan Adil Vətənxah 1989-cu ildə Təbriz şəhərində dünyaya göz açıb. Azərbaycançılıq ruhu güclü olan vətənsevər bir ailədə böyüyüb boya-başa çatıb. İlk orta təhsilini bitirdikdən sonra Təbriz Universitetinə daxil olub 2011-ci ildə inşaat mühəndisliyi ixtisasına yiyələnib. Şeir, poeziya bütövlükdə ədəbiyyatla yaxından maraqlanan Oxtayın bu günədək yazdığı sərbəst-azad-modern şeirlərindən ibarət "Biz tarixin alzaymeriyik" "Bilməzkən utanmamaq" adlı iki kitabı çap edilərək yayılıb. Şair hazırda Təbrizdə yaşayır.

 

Ölümsüz arzuları sevərəm...

İyirmi bir yaşımda doğulmuşam,

Neçə yaşım olduğunu bilmirəm...

Kiçik bir ehtimalla Təbrizdən sovuşsan, səni sevə bilərəm.

Burda bütün girilməz

küçələrin adı həyəcan,

Çıxılmaz küçələrin adı qocalıq,

Biz getdikcə yaxınlaşar,

Hər yerə getsək ordadır,

Yalqızlığı deyirəm...

Heç kimsə yuxusunda ölməyib,

Öldüyümüz an yuxudan oyanarıq,

Kim bilir, bir axşamüstü öldüyümüzdə

hanki yuxudan oyanacağıq?!

İnsan bir vücud,

bir fikirləşməkdən yaranar,

Bunlardan üstün bir şeydən danışıram.

Yalqızlığın ikinci sekansı yoxdur,

Ölüm yaşamağın eşantiyonu ,

Sevinc toplumun şans oyunu.

Kədər içimizdə hər varsa,

Bu bermodanın üç qolu var:

Mən,

Sən,

Vətən...

 

ŞƏBNƏM FƏRZİZADƏ ƏRDƏBİLİ

1986- ildə Ərdəbil şəhərində dünyaya göz açıb. İlk orta təhsilini Ərdəbildə bitirib. "Fars dili ədəbiyyatı", "Ticari yönətim" ixtisasları üzrə ali təhsil alıb. 2015-ci ildə şeir yarışının qalibi olub. Bu günə kimi altı şeir toplusu (beşi farsca, biri türkcə) xeyli məqaləsi yayımlanıb.

 

Oxunmamış vaylar

Vüqarlı dalğalar boy atıb səndə,

Ucaman qamətin səlabətimdir.

Müqəddəs toprağın bir çıraq kimi,

Tarixdə bəslənən hüviyyətimdir.

 

Çəkilən haraylar yazılacaqdır,

Oxunmamış vaylar yazılacaqdır,

Boğulan saraylar yazılacaqdır,

Qələmin söhbəti şəhadətimdir.

 

Səndən qanad alıb göyə ucalmaq,

Adını daşımaq, adınla qalmaq,

Sən ilə yaşayıb, səndə qocalmaq,

Həyat sərgisində səadətimdir.

 

Savalan qızıyam yaşmağım yaşıl,

Saçlarım qaradır, darağım yaşıl,

Qeyrətlə doludur ocağım, yaşıl,

Sənin nəcabətin nəcabətimdir.

 

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 7 mart tarixli sayımızda)

Qoyunçuluqla bağlı yaranmış nəğmələrdə - sayaçı sözlərdə kəndlinin həyatında qoyunçuluğun qədər böyük əhəmiyyət daşıdığı vəsf edilir. Qoyuna müraciətlə oxunan sayaçı sözlərdə kəndlinin güzəranını yaxşılaşdırdığına görə, bu heyvana sevgi diqqət özünü göstərir. Özəlliklə nazını çəkdiyi, hətta aclıq gələndə başına dolandığı heyvandan zəhmət adamının xeyir-bərəkət, dolanışıq təminatı gözləntisi diləyi əks olunur. Məsələn:

Saya, saya, sayadan,

Damazlığı mayadan.

Bu saya kimdən qalıb,

Adəm atadan qalıb.

Adəm ata gələndə,

Musa çoban olanda.

 

Nənəm, qoyunun ağı,

Gedib dolanar dağı.

Otlar qara qiyası,

İçər sərin bulağı,

Acı olar dırnağı.

Dadlı olar qaymağı,

Qarılar tutar yağı,

Gəlin yeyər quymağı.

İllaki qayqanağı,

Çobana vurar dağı,

Qızlara cehiz ağı,

Çobana çarıq bağı,

Uşağa bələk bağı...

 

Hətta sayaçı sözlərin içərisində heyvanların deyişməsindən ibarət mükəmməl poetik parçalar da vardır. Bu deyişmə nümunələrdə qoyun, keçi, öküz, inək, camış, dəvə, at eşşəyin obrazları o qədər canlı təbii yaradılıb ki, onların hansı işləri gördükləri oxuyan andanca bəlli olur:

Qoyun deyər, mən heç

          otdan doymaram,

Payız oldu, çövrün-çöpün

                    qoymaram.

Hər evi mən yunum ilə

                                       bəzərəm,

Ağır-ağır xalılarım var

                                       mənim,

Allı-güllü xalçalarım var

                                         mənim.

Folklor xəzinəmizi zənginləşdirən digər janrlar isə nağıllar, dastanlar, əfsanə rəvayətlər, bayatı, layla, oxşama, dərin hikmətə söykənən atalar sözləridir. Bu inci xəzinəsi daha çox kollektiv yaradıcılıq nümunələri əsasında formalaşdığı üçün xalqın arzu istəklərini, çeşidli olaylara baxış açısını, sevinc kədər duyğularını, tərbiyəvi-didaktiv görüşlərini, dünyabaxışını, mifoloji görüşlərini, psixologiyasını, duyğu düşüncələrini, bütövlükdə yaşamını özündə əks etdirir. Bütün bunlar lirik, epik drammatik növlərdə yaranmış folklor örnəklərində orijinal şəkildə öz əksini tapır. Beləliklə bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmağa başlayıb zaman keçdikcə həmin janrlar daha da zənginləşib. Ancaq həm Güney, həm Quzey Azərbaycanda lirik epik folklor nümunələri daha geniş yayılıb, hətta qonşu xalqların da folkloruna klassik ədəbiyyatına təsir edib.

Ancaq dildə-ağızda dolaşaraq yazılı mənbələrə köçən günümüzədək gəlib çatan örnəklərindən aydın görünür ki, lirik janrın bayatı qolunda xalqın yaşamının gün-güzəranının müxtəlif yönləri yüksək bədii-emosional dillə daha təsirli, yanğılı əks olunub:

Bayatılara evsiz-eşiksiz qalanların, yuvası dağılanların dərdi, yurdsuzların yurd nisgili, xanimanları yıxılan, Türkmənçay müqaviləsindən sonra İranla Rusiya arasında Araz çayı boyunca bölünməsi, sərhədlərin bağlanması üzündən ayrılığa tuş gələn, dərddən canı sanki od tutub yanan, tüstüsü təpəsindən çıxan soydaşlarımızın yaralı ürəklərinin naləsi hopub:

Bu gün getdim suya mən,

Sudan aldım dua mən,

Qaranquşca olmadım

Barı quram yuva mən.

 

Başımda fənar yandı,

Od düşdü bu tay yandı,

Canım dərd-qəm əlində

Od tuta-tuta yandı.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.