Azərbaycanın mədəniyyət naziri bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb
Mədəniyyət

Azərbaycanın mədəniyyət naziri bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də mədəniyyət naziri Adil Kərimli bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-UNESCO əməkdaşlığından söz açılıb, ölkəmizin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin oktyabrında Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı Prosesi": dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" adlı qərar layihəsi yekdilliklə qəbul olunub. Bu dəstəyə görə ölkəmiz adından UNESCO-nun İcraiyyə Şurasına minnətdarlıq ifadə edilib.

Nazir Forum çərçivəsində mayın 3-də Ağdamda təşkil olunacaq "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiya barədə məlumat verib.

Bildirilib ki, sessiya UNESCO-nun 2023-cü ildə qəbul etdiyi "Minaların mədəni mülkiyyətə təsirinə dair qətnamə"yə həsr olunub.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.