GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

LİDA ƏHMƏDİ

1985-ci ildə Ərdəbildə dünyaya gəlib. İlk və orta məktəbi də burada bitirib. Ali təhsilini Ərdəbil Universitetinin fars ədəbiyyatı fakültəsində alıb. Sonra isə Tehran Əllamə Təbatəbai Universitetinin dilçilik bölümündə magistr dərəcəsi qazanıb. Tehranda müəllim işləyir. Şeirləri həm Güneydə, həm də Quzeydə müxtəlif dərgi və toplularda dərc olunur. Geniş oxucu kütləsi var.

Lida xanım özü haqda deyir: "Uşaqlığımın yaylarını Qaradağın dağ-dərəsində keçirdim. Rəsm çəkməyi şeirdən öncə sevdim. Təbiətdə ağacları, insanların isə gözəllərini çox çəkərdim. İlk okulu bitirdikdən sonra nə oldusa, şeir yazmağa maraq göstərdim…".

 

İçimdə məmləkət ağlayır

İçimdə məmləkət ağlayır.

Batı,

Yüksəliş artığıdır yer sayfasında.

Xəritə çizilir dərim üzərində.

Dünya gözlərimdən tökülür.

Sağ-solum itir.

Arxadan sərilən göy barıt qoxuyur.

Günəş durduğundan batır.

Yaşıllığa yanğın köynəyimdən solur torpaq

Hansı mövsümünə küsmüş?

Yer nədən oyanmır?

Ağlayır.

İçimdə məmləkət ağlayır.

 

HƏMİDRZA HÜSEYNİ

1988-ci ildə Parsabad (Muğan) şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini burada alıb. Uşaqlıq çağlarından, şeirlə, sənətlə maraqlanıb. Yeniyetməlik çağından şeir yazmağa başlayıb.

 

Beçə

Nənəm dedi: Ay bala

Tut beçəni ver bana

Qovdum yazıq beçəni

Dedim, tutaram səni

Qaçdı bağa soxuldu

Göz qırpımı yox oldu

Axtardım onu bağda

Solda idi, nə sağda

Qaqqıldadı qəfildən

Kəsildi səsi birdən!

Bir də gördüm uzaqdan

Tülkü qaçdı alaqdan

Əngində idi beçə

Getdi o heçdən-heçə.

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 15, 16 və 22 fevral tarixli saylarımızda)

Güneydə sonuc, mövcud durum budur… İransa bu sonucu sanki görməməzliyə vurur və tam tərsini edir… Amma nikbin düşünmək və inanmaq gərəkdir ki, Tanrı açan yolu bəndə bağlaya bilməz… Nazir Şərəfxaninin Urmu gölünə müraciətlə yazdığı və bu şanlı gölün sahilində yerləşən qədim bir elin-Türk yurdunun tarixini vərəqlədiyi, misilsiz gözəlliklərini böyük bir məhəbbətlə vəsf etdiyi "Urmu dəryaçası" poemasından gətirdiyimiz örnəkdə də olduğu kimi:

Urmu dəryaçası! Tufanlı dənizlər başısan sən,

Parlayan taci-təbiətdə brilyant qaşısan sən,

Duzlu, istəkli, maraqlı dərə, dağ yoldaşısan sən,

Şor olubsan, elimin gözdən axan göz yaşısan sən,

Dəryalar səngi-səbur olsa, dəyirman daşısan sən.

                    Səni tufan yıxa bilməz,

                    Sənə heç kim çıxa bilməz,

                    Sənə yel, sel bata bilməz,

                    Səni könlüm ata bilməz!

Maraqlı burasıdır ki, ədəbiyyat həqiqətən dövrün, zamanın, cəmiyyətdə və təbiətdə baş verən olayların bədii salnaməsi, poetik əks-sədasıdır. Ədəbiyyat həyatın, doğrudan da, aynasıdır... Baş verənləri olduğu kimi, göstərmək, bəzən olacaqları belə duyğularınun gözü ilə, yəni, üçüncü-bəsirət gözü ilə görmək və onları yaratdığı əsərlərə gətirmək bacarığı gerçək şairlərə öz şah əsərlərini yazdırdı. Ustad Şəhriyar da, Urmunun başına gələcəkləri gah 1946-cı ildə, gah da 1960-cı illərdə yazıldığı söylənən "Azərbaycan" qəzəlində bu beyti qələmə almışdı:

Əşk-e Urumi bin ke ba xun-e del-e                                                Səlmas-o Xoy

Dərya şod-o bər mikənəd bonyad-e                                              Azərbaycan.

Çağdaş dövrümüzün böyük şairi Əli Daşqının türkcə çevirisində həmin beyt belə səslənir:

Urmunun göz yaşına bax, Xoy-Salmasın                                       ürək qanıyla,

Dənizə dönüb, qoparır, Azərbaycanı                                   kökündən!

Çağdaş dövrün ən məhsuldar şairlərindən olan Rəsul Qədiri həyəcan təbilini daha gur səsləndirərək soydaşlarını qeyrətə gəlməyə, can verməkdə olan Urmunu zalımların cəngindən xilas edərək öncəki durumuna qaytarmaq üçün səfərbər olmağa çağırır:

Ey vətəndaş! Deyil yatmaq zamanı,

Qeyrətindən nişanələr bəs hanı?

Eşitmirsən naləni, əlamanı?!

Can verən göl yaralı vətənindi...

 

Söz verdilər sonra da unutdular,

Gölümüzü özləri qurutdular.

Danışanı döyə-döyə tutdular,

Tanı kimlər dostun, kim düşmənindi?!

 Ədəbiyyatın möcüzəsi budur: dahi şair bir beytlə tarixin Urmu səhifəsini necə böyük bir ustalıqla vərəqləyir... Və Urmu gölünün suyunun şor olduğunu göz yaşı ilə əlaqələndirərək öz poetik kəşfini də ortaya qoyur: göz yaşından, dərddən, qəmdən yaranan bu göl artıq dənizə dönüb və Azərbaycanı kökündən-ilkinliyindən qoparır. Axı, bu gölün sahilindəki əski şəhər - Urmiya türkün yaradılış məskəni, ilk beşiyi, sevgi ocağıdır!.. Və gölün quruması ilə yaranacaq (Tanrı qorusun!) nəhəng duz fırtınası - canlı aləmi-flora və faunanı məhv edəcək təbii fəlakət Urmiya şəhərini də hədəfə alır... Görəsən, şair və yazarlar, kimlər, daha kimlər Urmu//Urmiya adlı qara sevdaya, bu kədərli taleyəmi görə tutuldu?!..

 

Esmira FUAD,

filologiya elmləri doktoru, dosent.