MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

 

(əvvəli 1, 2, 3, 4, 5, 7, 8 və 9 fevral tarixli saylarımızda)

Üçüncü Antioxosdan sonra Selevkilər dövləti tamamilə zəiflədi. Daxili ixtilaflar gücləndi və onların yerini parfiyalılar öz əllərinə keçirdilər. Nəhayət, eradan əvvəl 64-cü ildə selevki torpaqları kiçik Asiya (bugünkü Türkiyədəki) Rum dövlətinin bir əyaləti oldu.

Albaniya dövləti Albaniya əhalisinin etnik tərkibi

Cənubi Azərbaycanda Atropaten dövləti yaranan zamanlar Arazın şimal hissəsində Kür ətrafından tutmuş Xəzərə qədərki ərazilərdə albanların hökuməti yaranmışdır. Albanların adına ilk dəfə eramızdan əvvəl I əsr coğrafiya alimi Strabonun əsərlərində rast gəlirik. Onlar bugünkü Azərbaycan ərazisində hakimiyyət yaratmışlar.

Keçmiş fəsillərdə dönə-dönə işarə etmişik ki, Azərbaycanın bugünkü cənub və şimal ərazisi əsasən türklərin əsl vətəni olduğu üçün burada yaşayan müxtəlif ellər, tayfalar, qəbilələr, sonrakı türklərin əcdadı olmuşlar. Daha doğrusu, türk adlandırılmışlar. Lap əvvəldən Azərbaycan ərazisində yaşayan bu ellər və xalqlardan əlavə, zaman-zaman Orta Asiyadan müxtəlif iltisaqi dilli xalqlar Qafqaz dağlarının şimalında və ya Xəzərin cənubunda Azərbaycan torpaqlarına gəlib yurd salmış və qismən Azərbaycan millətinin formalaşmasında iştirak etmişlər. Hələ vahid Azərbaycan millətinin formalaşmasından çox əvvəllər şimali Azərbaycan ərazisində yaranmış Alban xalqı və onların yaratdığı hökumətdə də əsasən cənubda olmuş müxtəlif iltisaqi dilli ellər, tayfalar və xalqlar iştirak etmişlər. Tarixçilərin fikrincə, Alban hökumətinin yaranmasında iştirak etmiş Orta Asiyadan gəlmə ellərin əhəmiyyətlisi albanlar, sakalar, utilər, iskitlər, massagetlər, sarmatlar və s. olmuşlar. Bu ellərin bəzisinin adı ilə hələ, Midiya imperatorluğunun yarandığı illərdən, yəni eradan əvvəl VII əsrdən, eləcədə midiyalıların Kir tərəfindən devrildiyi zamandan VI əsrin ortalarından tanışıq.

Albanlardan ilk rəsmi məlumat verən Strabon yazır ki, onlar 26 soydan, el və tayfadan ibarət olmuşlar. Bu soyların hər birinin öz elləri daxilində xüsusi hökumətləri olmuşdur. Ellər arasında olan bu kiçik hökumət həmin elin böyüyü, ağsaqqalı və onun hakimiyyəti olmuşdur ki, bütün türk əsilli ellərin binadan-başdan ictimai quruluşu belə idi. Həmin bu ellər müəyyən ictimai ehtiyac və tələbat nəticəsində tədricən Alban hökumətini yaratmışdılar.

Strabon bu müxtəlif soyların o zaman yaşadıqları ərazini Kür çayının orta və sol sahili göstərir. Bu çayın o biri tərəfində Xəzərlə Kür arasında kaspilər yaşayırdılar ki, onlar albanlarla eyni irqdən olmuş iltisaqi dilli idilər. Demək, albanlar Araz çayına qədər Kür ətrafında yaşamışlar.

Strabonun göstərdiyi Alban dövlətinin ərazisi bugünkü bütün şimali Azərbaycan torpaqlarını, Dağıstanın təqribən cənub yarısını, şərqi Gürcüstanın Kambisena, Quqarena eləcə də bugünkü Ermənistan ərazisini, Sisyan bölgələrini əhatə edir.

Miladdan 65 il əvvəl Alban ərazisinə hücum etmiş Rum sərkərdəsi Pumpənin mirzəsi də öz qeydlərində albanların diyarı və oranın çaylarından məlumatlar vermişdir.

Alban hökumətini yaratmış 26 müxtəlif soyun hamısı Alban boyunun ətrafında toplanaraq Alban adı ilə adlanmışdır. Albanların özləri Xəzərin qərbi ilə Kürün arasındakı ərazidə, habelə Dağıstanın cənub hissəsində yaşamışlar. Albanların bu yerlərdə nə vaxtdan yaşamaları məlum deyildi. Lakin şübhəsiz, zaman keçdikcə şimaldan gələn təzə iltisaqi dilli ellər və soylar da birləşərək tədricən formalaşmışlar. Albanlar Miladdan qabaq əhəmənilər imperatorluğu ərazisinin 11-ci dairəsinə daxil edilmişlər.

Alban hökuməti 26 xalq tərəfindən yaradılmışdır.

Utilər Dağıstanın cənubunda yaşamışlar. Alban tarixçisi Musa Kalankatlı göstərir ki, Utilər əfsanəvi Alban hökmdarı Aranın nəslindəndirlər. Hər halda Utilər Alban hökumətini yaradan soyların ən qədimlərindən biri olmuşlar. Utilərin nəsli bu gün də Şimali Azərbaycanın Nic və Vartaşen bölgələrində yaşayır və udinlər adlanırlar. Yunan tarixçisi Strabon Utilər ölkəsində 2 şəhərin adını çəkmişdir: Aynian və Anarik. Anarika sözünün əsli Anaridir. Yəni, An+ ari, Ari əleyhinə. Strabonun bugünkü Şimali Azərbaycanda adlandırdığı şəhərin adı Ari əleyhinə deməkdir. Bu ad aydın şəkildə göstərir ki, o zamankı Şimali Azərbaycan əhalisi qeyri-Ariyai olmuşdur. Yəni iltisaqi dilli olmuşlar. Anarik adını isə bunlara Ariyai yunanlar və ya hər hansı Ariyayi ellər vermişlər.

Qəl və Ləq illəri - bunlar Xəzər sahillərində dağlıq məntəqələrdə Silular isə Qafqaz dağlarının şərq ətəklərində Dağıstanda yaşamışlar.

Ləpinlər - silulardan cənubda Qafqaz dağlarının cənub ətəklərində, Gürcüstanla Alban sərhədlərində məskunlaşmışlar. Didurlar, soqdlar, qarqarlar əvvəllər Qafqaz dağlarının Şimal ərazisində yaşamış və Miladi 3-cü əsrdə Qarabağ ərazisinə gəlmişlər. Arazın lap cənubunda yerləşən Gərgər (Ələmdar-Gərgər) şəhərinin adı bu elin adı ilə bağlıdır.

Alban xalqının milli tərkibində olan Orta Asiyadan gəlmiş əski türk soylarından biri də Saraqorlardır ki, Sasani şahı Firuz zamanı (Miladın 459-484) Şimali Qafqazdan keçmiş Gürcüstan, Ermənistan və Albaniyaya basqın etmişlər. Firuz bunlarla döyüşmüşdür. Şübhəsiz ki, bu xalqların müəyyən qolları albanlar ərazisində qalmış və soydaşlarına qovuşmuşlar.

Bütün bu müxtəlif el və soyların hamısı Alban hökumətini yaratmış və əhəmənilər dövrü Cənubi Azərbaycan hökmdarı vasitəsilə, o cümlədən Atropat vasitəsilə İranla əlaqəli olmuşlar. Lakin bu əlaqə bərabərhüquqluluq əsasında olmuşdur, tabelik və asılılıq əsasında yox. Albanlar və onların soyları Atropat vasitəsilə Daranın İsgəndər əleyhinə Gaevgamel döyüşündə iştirak etmiş, habelə onların Amazon qadınlarından bir dəstəsi Atropat vasitəsi ilə İsgəndərin Şuşda təşkil etdiyi məclisə aparılmışdır. Alban xalqı döyüşkənliyi, igidliyi və qəhrəmanlığı ilə məşhur idi. Və bunun da nəticəsində Sasani şahlarının ən döyüşkən əsgərləri sırasında bəzən alban əsgərləri olardılar. Sasani ordu quruluşundan danışan Kristənsən yazır: "Sasanilərin öz köməkçi dəstələri arasında hamıdan çox Səkstanlılara inamları var idi... Dağlıq Qafqaz və Xəzərin cənubu qövnüləri, o cümlədən gillər, kadusilər, vertlər, albanlar və deyləmlər əksər hallarda müharibədə iştirak edərdilər". Straqon da öz əsərində Albanların döyüşkən olmalarına işarə etmişdir.

(davamı növbəti saylarımızda)