Qəhrəmanlıq nümunəsi
Sosial həyat

Qəhrəmanlıq nümunəsi

Vətən müharibəsi şəhidi  Əsədli Əsəd Mahir oğlu 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının  Nizami rayonunda  Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. Ali təhsilə yiyələnərək 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan igid döyüşçü Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatçı kimi xidmət edib. Hərbi mükəlləfiyyət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.

Vətən müharibəsi başlandıqdan sonra ilk günlərdən döyüşlərə qatılıb, Füzulidə, Xocavənddə düşmənə ağır zərbələr vurub. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. O, döyüşə getməzdən əvvəl çəkdiyi videoda deyilən fikir ilə də yaddaşlarda qaldı: “İnşallah sağ qayıdarıq, əgər şəhid olsaq belə, biz ölməyəcəyik...”. İgid döyüşçü Əsəd Əsədli "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası Səidə Abbasova: “Heç düşünmədim ki oğlum şəhid olar. Sonuncu dəfə noyabrın 7-də onunla danışmışam. Ölənə qədər qulağımda oğlumun son zəngindəki yuxulu səsi qalacaq. Əsəd çox xeyirxah, vətənpərvər bir uşaq idi. Övladım haqqında danışmaq çox ağırdır. Savadlı idi, orta məktəbi də əlaçı bitirmişdi. Müəllimlərinin sevimlisi idi”.

  Şəhidin qardaşı Səməd Əsədli də Əsədin döyüş dostlarından eşitdiyi bəzi epizodlar barədə həm ürəkyanğısı, həm də qürurla danışır: “Bir qazi yoldaşı deyir ki, iki yoldaş snayperə tuş gəliblər. Əsəd əvvəl deyib ki, o keçsin, arxasınca özü gəlsin. Sonra deyib ki, yox dayan, keçərsən birdən səni vurarlar. Qoy arxanca gəlim, sən birinci keç. Sonra nə o, nə də yoldaşı keçəsi olublar. İkisi də qol-qola girib sağ-sol yayına-yayına qaçıblar. Bu minvalla snayper gülləsi də  dəyməyib. Başqa bir döyüşdə isə silah-sursatları bitib. Əsəd keçib ermənilərin silah-sursatını götürüb, onların silahları ilə vuruşub. Düşmənin bir tankını partladıb. Döyüşlərdə hərtərəfli şücaət göstərib. Bir dəfə də 20 nəfər çöldə soyuqdan donmuş vəziyyətdə qalıb. Yorğan-döşəkləri də məntəqədə imiş. Heç kim yorğan-döşəkləri çıxarmağa ürək etməyib. Əsəd gedib gətirib, axırda öz buşlatını da çıxarıb dostuna verib. Deyib ki, o üşüyən deyil. Əslində isə mənim qardaşım çox üşüyən idi...”.

Əsədin ən böyük qəhrəmanlıqlarından biri isə 21 nəfər yaralı əsgərin mühasirədən çıxarılması ilə bağlı olub. Belə ki, Xocavənd uğrunda gedən döyüşlər zamanı əsl qəhrəmanlıq nümunəsi göstərən Əsəd düşmənin tankını və onlarla əsgərini məhv edərək, mühasirəyə düşmüş əsgər yoldaşlarını ölümdən xilas edib.

 Hər bir gənc kimi, 25 yaşlı Əsədin də arzuları çox idi. Əlbəttə ki, ailə qurmaq istəyi də var idi. Amma qismətində ailə başçısı olmaq deyil, Şəhidlik zirvəsi var imiş. 9 noyabr 2020-ci ildə şəhid olan Əsəd Əsədli II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ömrünü Vətən yolunda qurban verən Əsəd də adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını  Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

                                                                                                M.MİRZƏ,

                                                                                              “Respublika”.