DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN QLOBAL İSTİLƏŞMƏDƏN DƏYƏN ZƏRƏRİ AÇIQLAYIB

ABŞ prezidenti Cozef Bayden Nyu-Cersi ştatında çıxışı zamanı qlobal istiləşmənin ölkəsinin iqtisadiyyatına təsirindən danışıb. “Trend” agentliyinin məlumatına görə, C.Bayden 2021-ci ildə qlobal istiləşmədən dəyən zərəri 100 milyard dollar qiymətləndirib.

ABŞ prezidenti sentyabr ayında “İda” qasırğasının zərər vurduğu Nyu-Cersiyə gəldiyini xatırladıb. O təbii fəlakəti iqlim dəyişikliyi ilə əlaqələndirib.

Cozef Baydenin sözlərinə görə, federal hökumət təxminən 30 min Nyu-Cersi sakininin yardım üçün müraciətlərini təsdiqləyib və təmir, dəyişdirmə, kirayə və digər ehtiyaclarla bağlı yardım üçün 150 milyon dollar ayırıb. “2010-2020-ci illər arasında bu ştatda 24 ekstremal hava hadisəsi baş verib”, - deyə prezident əlavə edib.

 

ÇEXİYA PREZİDENTİ SƏLAHİYYƏTLƏRİNDƏN MƏHRUM EDİLƏ BİLƏR

Oktyabrın 10-da xəstəxanaya yerləşdirilən Çexiya prezidenti Miloş Zeman sağlamlığını önümüzdəki iki həftə ərzində dövlət başçısı vəzifələrini yerinə yetirməyə imkan verəcək səviyyəyə qaytarmalıdır. Əks halda, prezident səlahiyyətlərindən məhrum edilə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çexiya Radiosu məlumat yayıb.

Bildirilir ki, Çexiya parlamentinin yeni deputatları ilk iclasını noyabrın 8-də keçirəcək. Mümkündür ki, deputatlar prezident səlahiyyətlərinin müvəqqəti olaraq Miloş Zemandan aşağı palatanın spikeri və ya baş nazirə keçməsi məsələsini qaldırsınlar.

Senatın sədri Miloş Vıstrçil daha əvvəl bildirmişdi ki, Senatda M.Zemanın səhhəti ilə bağlı növbədənkənar iclasın çağırılması mümkündür. O, əlavə edib ki, bunun üçün 9 noyabr tarixi münasibdir.

Bu arada, Çexiya prezidentinin müalicə olunduğu xəstəxananın sözçüsü Yitka Zinke bildirib ki, kompleks müalicə səbəbilə Zemanın sağlamlığı bir qədər yaxşılaşıb.

 

PENTAQON İŞİD VƏ "ƏL-QAİDƏ"nin YENİ HÜCUMLAR EDƏCƏYİNİ BildirİB

ABŞ kəşfiyyatçıları İŞİD-in Əfqanıstan bölməsinin yaraqlılarının yarım il ərzində yeni xarici hücumları  həyata keçirəcəkləri qənaətindədirlər. “APA”nın verdiyi məlumata görə, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.

“ABŞ kəşfiyyatçıları hesab edir ki, İŞİD Əfqanıstanda 6-12 ay sonra bu imkana malik olacaq. “Əl-Qaidə” üçün isə 1-2 il müddət lazım gələ bilər”, - deyə Kolin Kol Senatda keçirilən dinləmələrdə vurğulayıb.

Pentaqon rəhbərinin müavininin sözlərinə görə, İŞİD və “Əl-Qaidə” “xarici hərbi əməliyyatları”, o cümlədən ABŞ-a qarşı hücumları bərpa etmək niyyətindədir. Lakin qruplaşmalardan heç biri hələlik belə imkana malik deyil.

 

ÇİNDƏ ÜÇ YAŞDAN YUXARI UŞAQLARIN VAKSİNASİYASI BAŞLAYır

Çinin bəzi regionlarında üç yaşdan 11 yaşadək uşaqların koronavirusa qarşı peyvəndlənməsi başlayacaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə oktyabrın 24-də Haynan əyalətinin, oktyabrın 25-də isə Hubey əyalətlərinin rəhbərlikləri elan edib.

Verilən xəbərə əsasən, üç yaşdan yuxarı uşaqların vaksinasiyası Çjetszyan və Hunan əyalətlərinin bəzi şəhərlərində keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Çində əhalinin vaksinasiyası ötən ilin dekabrında başlayıb. Bu ilin iyulunda isə 12 yaşdan 17 yaşadək yeniyetmələr vaksinasiyaya cəlb olunub.

Bugünədək Çində koronavirusa qarşı 2,24 milyard dozadan çox vaksin vurulub.

 

İRAN PREZİDENTİNDƏN AVROPA İTTİFAQINA ÇAĞIRIŞ

İran prezidenti İbrahim Rəisi Avropa İttifaqı (Aİ) ölkələrinə müstəqil hərəkət etmək və ABŞ-ın təzyiqlərinin təsirinə məruz qalmamaqla bağlı çağırış edib. “Teleqraf.com”un xəbərinə görə, bu sözləri İran prezidenti Belçika, Finlandiya və İsveçrənin Tehran səfirlərini qəbul edərkən bəyan edib.

İbrahim Rəisi görüş zamanı İranın öhdəliklərə sadiq olduğunu, lakin Aİ ölkələrinin nüvə razılaşması vədlərinə əməl etmədiyini vurğulayıb.

Prezidentin sözlərinə görə, Aİ ölkələri ABŞ-ın təzyiqlərinin təsiri altında qalmamalıdır. “Ümid edirəm ki, Aİ və Avropa ölkələri strateji suverenlik mövzusunda irəliləyişə nail olacaq və ABŞ-ın siyasətindən uzaq duracaqlar”, - deyə İbrahim Rəisi bildirib.

 

 

ABŞ VƏ RUSİYA ARASINDA NÖVBƏTİ GƏRGİNLİK

ABŞ ilə Rusiya arasında diplomatik əlaqələrdə son illər müşahidə edilən gərginliyə viza təzyiqi də əlavə edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti bir neçə gün əvvəl yaydığı açıqlamada bundan sonra Rusiyadakı ABŞ diplomatik təmsilçiliklərinin Rusiya vətəndaşlarına viza verməyəcəyini elan edib.

Açıqlamada ABŞ-a getmək istəyən Rusiya vətəndaşlarına Polşanın paytaxtı Varşavadakı ABŞ konsulluğuna müraciət etməli olduqları bildirilib.

Məlumata əsasən, ABŞ-ın viza addımına Rusiya tərəfinin qarşılıq verməsi çox çəkməyib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib ki, ABŞ hakimiyyəti viza kimi bəsit formullardan istifadə etməkdən çəkinmir. Onun sözlərinə görə, ABŞ bu ölkəyə səfər etmək istəyən Rusiya vətəndaşlarına uyğun olmayan formada davranır.

 

ÇİN KOSMİK TULLANTI  TOPLAMA TEXNOLOGİYASINI SINAQDAN KEÇİRİR

Çin kosmik tullantıları təmizləmək üzrə texnologiyalarını sınamaq üçün “Şitszyan-21” peykini uğurla orbitə buraxıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Bildirilir ki, uçuş ölkənin cənub-qərbindəki Sıçuan əyalətindəki kosmodromdan havaya qalxan “Çançjen-3B” daşıyıcı-raketin köməyi ilə həyata keçirilib.

Peyk kosmik tullantıların, o cümlədən köhnə kosmik aparatların və raket qalıqlarının orbitdən toplanması ilə bağlı təcrübələr aparmalı olacaq.

Bu ilin yayında “Roskosmos”da bildirilib ki, hazırda Yerin orbitində ümumi kütləsi yeddi min tondan çox olan kosmik tullantılar mövcuddur.

 

NASA RƏHBƏRİ: KAİNATDA TƏK DEYİLİK

Sosial şəbəkələr ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelsonun məxfi məlumatları açıqlamasını müzakirə edir. “Teleqraf.com”un xəbərinə görə, bundan öncə “Kainatda tək olduğumuzu düşünmürəm” deyən Nelson bu dəfə yadplanetlilərin varlığı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Bill Nelson UNO-ya bənzər aparatların hərbi radarlara düşdüyünü, bununla bağlı araşdırmaların davam etdiyini bildirib.

NASA rəhbəri deyib: “Pilotlarla danışdım və onlar nəsə gördüklərini və onların radarlara düşdüklərini deyirlər. Lakin bunun nə olduğunu bilmirlər. Biz də bunun nə olduğunu bilmirik. Ümid edirik ki, dünyada bu cür texnologiya sahib olan düşmən deyil”.

Eyni zamanda, Bill Nelson Yerdən kənarda həyat axtarışının NASA-nın davamlı missiyası olduğunu söyləyib: “İndi başqa kainatların ola biləcəyinə dair nəzəriyyələr var. Əgər belədirsə, mən kiməm ki, Yer kürəsinin həyat olan yeganə məkan olduğunu söyləyim?”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.