ZƏNGƏZUR 1905-1906-cı illərdə
Tarix

ZƏNGƏZUR 1905-1906-cı illərdə

Unudulmayan  erməni vəhşilikləri

Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

(əvvəli 20 avqust tarixli sayımızda)

Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında “Sisyan kəndinin əhvalatı” bölməsində həmin faciəni belə təsvir edir: “Ermənilər böyük və qüvvətli dəstə yaradaraq müsəlmanların yaşadıqları Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni quldurları kənd əhalisindən 20 nəfərini öldürdü, xeyli insan isə yaralandı. Müsəlmanlar az olsa da, bu şəhidlərin əvəzini çıxdılar. Bir neçə saat atışmadan sonra ermənilər geri qayıtdılar. Həmin günün səhərisi Sisyan kəndinin əhalisindən bir neçə nəfər Qalaya gələrək imkanları daxilində tüfəng və patronlar alıb kəndə gətirdilər. Bununla yanaşı, onlar Sisyan kəndinin ətrafında yerləşən müsəlman kəndlərinə, o cümlədən kürd tayfasına  müraciət edib kömək istədilər. Sisyana ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşayan Dərabas (bu zaman Dərabas kəndinin azərbaycanlıları kəndi tərk etmişdilər. Yəqin ki, bu səbəbdən də M.M.Nəvvab bu kəndi erməni kəndi adlandırmışdır - müəllif) kəndinə hücum etdilər. Onlar kəndi hər tərəfdən mühasirəyə alaraq kəndin içinə doldular. Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə olan övrət-uşaqlarla işləri olmayıb onları döyüş meydanından kənara çıxarırdılar. Müsəlman igidləri Dərabas kəndində öz əməliyyatlarını başa çatdırdıqdan sonra geri qayıtdılar. Səhərisi gün isə Lor kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli zərbələr endirərək böyük qənimətlə Sisyana qayıtdılar”.

1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri 102 evdən ibarət Böyük Cicimli və 26 evdən ibarət Kiçik Cicimli kəndlərinə hücum edirlər. Kiçik Cicimli tamamilə darmadağın edilir, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edilir. Erməni müəllifi A-Do ermənilərin bu hərəkətini vəhşilik adlandırır və acı olsa da bunu qeyd etməyə bilmədiyini yazır.

Sisyandan Gorusa gedən yol Ağudi və Vağudi kəndlərindən keçirdi. Ətraf kəndlərdə yaşayan ermənilər Gorusa getmək üçün ya Ağudi və Vağudinin ərazisindən keçməli, ya da yollarını dəyişib dağlara, dərələrə getməli idilər. Ona görə də ermənilər Ağudi və Vağudi kəndlərini aradan götürməyi qərara almışdılar. A-Donun yazdığına görə, dekabrın 25-də böyük bir erməni silahlı dəstəsi Ağudi üzərinə hücuma keçir. Ağudililər böyük itki verərək Vağudi kəndinə qaçırlar. Kənddə qalanların bir hissəsi isə məsciddə gizlənmişdi. Hücum edən ermənilərin bir hissəsi kəndin girəcəyindəki mövqelərdə qalmış, digər hissəsi isə kəndə soxulmuş, evləri yandırıb dağıtmağa başlamışdı. Bu zaman Şəki kəndinin türkləri köməyə çatırlar və davanın gedişi dəyişir. Bundan sonra ətrafındakı türk kəndlərindən, eləcə də Dərabasdan köməyə gəlirlər. Kəndə hücum edən ermənilər mühasirəyə düşür və geri çəkilmək məcburiyyətində qalırlar. Bu hücum zamanı ağudililər 60 nəfərdən çox, ermənilər isə 22 nəfər itki verirlər.

M.M.Nəvvab ermənilərin Sisyan kəndində törətdiyi qırğınlardan sonra Vağudi kəndində törətdikləri qırğınlardan da bəhs edir. Nəvvab yazır: “Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağadü müsəlman kəndinə hücum etdilər. Vağadü kəndi Sisyan mahalında yerləşirdi. Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və patron tədarük etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağadü kəndinin əhalisi tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox erməni vurub yıxdılar. İkinci atışmada isə ölən ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar... yüz nəfərəcən erməni öldürdülər. ... Xülasə, ermənilər öz yaralılarını da götürüb getdilər. Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi”.

1905-1906-cı illərdə ermənilər Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törətmişlər.

Dərabas dərəsində bir-birinin ardınca Şinətağ, Lor, Geğatag, Dərabas, Lçen və Şamb kəndləri yerləşirdi. Bu kəndlərdən 4-də ermənilər, Dərabas və Şamb kəndlərində isə ermənilərlə türklər qarışıq yaşayırdılar. Dərabasda 215 türk, 36 erməni ailəsi, Şambda isə 20 türk 35 erməni ailəsi var idi. Noyabrın sonlarında Gorus yolunda 2 erməni öldürülür. Onların qətlində Dərabas türklərindən şübhələnirlər. Vəziyyət gərginləşir. Dərabasdan 20-30 ailə kəndi tərk edir. Onların evlərində Şambdan olan ermənilər yerləşir. Dərabasa isə digər kəndlərin erməniləri yığışırlar. Dekabrın 26-da erməni silahlıları türk evlərinə hücum edirlər. Kəndin əhalisinin bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki üç böyük evdə - Molla Əbülhəsən, Ələkbər bəyin və Abbas Ələkbər oğlunun evində sığınacaq tapırlar. A-Do erməni vəhşiliyini belə təsvir edir: “Evlərində gizlənmiş ermənilər köməyə gələnlərin qışqırıqlarını eşidən kimi, vəhşiləşmiş dərəcədə küçəyə atıldılar, türklərin evlərinə hücum edərək, talan edib yandırdılar. Onlar yanğınları və talanları davam etdirərək, yuxarıda adları çəkilən evlərə çatmışdılar, hansı ki, orada türklər böyüklü-kiçikli, arvadlı-uşaqlı sığınacaq tapmışdılar. Ermənilər burada cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub, insanları içində sağ-sağ yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxsaylı insanlar məhv oldu. Biz o yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, daha çox da dəhşətli cəhənnəmi törədənləri lənətlədik... Öldürülmüş, yandırılmış, meyitləri səpələnmiş adamların sayı 272 nəfərə çatırdı”. A-Do Dərabasda törədilən bu cinayətin yerli hakimiyyətin ciddi araşdırılmasını münasib görmədiyini, polisin yalnız bir protokol tərtib etməklə öz işini bitmiş hesab etdiyini qeyd edir.

1905 -ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, lakin müqavimət göstərə bilməyərək, çoxsaylı itki ilə kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi. A-Do ermənilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyini, bu hücumu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişdir.

Rəsmi qaynaqlara görə, 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür.

Ermənilərin Sisyan, Ağudi, Dərabas və digər kəndlərdə törətdikləri vəhşiliklər öz növbəsində azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər tutmuşdular ki, məşhur quldurbaşı Keri (Əsl adı Arşak Kafavyan olan bu erməni qulduru 1858-ci ildə Ərzurumda anadan olmuş, Şərqi Anadoluda baş qaldıran erməni qiyamçı dəstələrindən birinin başçısı olmuş, 1905-ci ildə Zəngəzura gələrək erməni quldur dəstələrinə başçılıq etmişdi - müəllif) Əngələkət (Angeğakot) kəndindədir və onun başçılığı ilə türk kəndlərinə yeni hücum hazırlanır. 1906-cı il yanvarın 6-da Ağudi, Vağudi, Urud, Şəki və digər kəndlərdən yığışmış azərbaycanlıların böyük bir dəstəsi Əngələkət kəndinə hücum edir. Dəstəyə Şahsuvar bəy başçılıq edirdi. Hər iki tərəfdən onlarla itki verdikdən sonra atışma kəsilir və bir müddət sakitlik hökm sürür.

“Kaspi” qəzeti 13 yanvar 1906-cı il tarixli sayında “Novoe Obozreniye” qəzetinə istinadən yazırdı ki, dekabrın 25-də ermənilərlə toqquşma nəticəsində 70 nəfər ağudili qətlə yetirilmiş, 30 ev yandırılmışdır. Daha sonra ermənilərin 278 nəfər Dərabas kəndinin tatarlarını öldürdüyü xəbəri verilirdi.

1906-cı il yanvarın 9-da Sarallı və Xaçtəpə kəndlərinin azərbaycanlıları ilə Yeğvard kəndinin erməniləri arasında dava düşür və iki nəfər azərbaycanlı öldürülür. A-Donun verdiyi daha bir məlumata görə, yanvarın 18-də və 19-da İldırım bəyin başçılığı ilə türklər Qafan nahiyəsinin Zeyvə kəndinə hücum edirlər. Lakin A-Do İldırım bəyin erməni kəndinə hücumunun səbəbini açıqlamır. Əslində isə Zeyvə kəndi erməni terrorçularının yuvasına çevrilmişdi. İldırım bəy ətraf müsəlman kəndlərini vahimə içərisində saxlayan, tez-tez silahlı basqınlar edən erməniləri susdurmaq məqsədilə Zeyvə kəndinə hücum etmək məcburiyyətində qalmışdı.

1906-cı il fevralın 20-də Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman sülh məclisi (qurultayı) öz işinə başlayır. Həmin məclisdə Zəngəzur qəzasını Qubadlı bölgəsinin Hacılı kəndindən olan aqronom Cəlil bəy Sultanov (O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasından parlamentin üzvü seçilmişdi - müəllif) təmsil edirdi. Ermənilər milli münaqişənin böyük miqyas almasının səbəbini türklərin savadsızlığı və elmsizliyi ilə izah etməyə çalışsalar da, azərbaycanlı nümayəndələr iğtişaşların baiskarlarının erməni siyasi təşkilatları və onların terrorçu dəstələri olduqlarını faktlarla sübut edirlər. Erməni nümayəndələri təklif edirlər ki, elatların köçü qadağan edilsin. Bununla da ermənilər azərbaycanlıları ərzaq məhsullarından məhrum etmək istəyirdilər. Ermənilərin bu niyyəti də baş tutmur. Qafqaz Canişinliyinin ciddi tədbirlər ələ almaq niyyətində olmadığını yəqin edən ermənilər, sülh məclisi başa çatdıqdan az bir müddət sonra yenidən qətl və qarətlərini davam etdirmişdilər.

Zəngəzur qəza rəisinin tapşırığı ilə yerlərdə barışıq komissiyaları yaradılmışdı. Lakin həmin komissiyaların fəaliyyəti “Daşnaksütyun” partiyasının məramına zidd idi. Ona görə də komissiya üzvlərinə qarşı terror aksiyaları həyata keçirirdilər. 6 mart 1906-cı ildə “Daşnaksütyun” partiyasının Qafan komitəsi Oxçu dərəsinin nüfuzlu ağsaqqalları, erməni silahlı dəstələrinin hücumlarına qarşı əhalinin səfərbər edilməsində mühüm rol oynayan Hacı bəy və Molla Hacıya qarşı terror aksiyası keçirmək haqqında qərar qəbul etmişdi. Yelizavetpol qubernatoru A.Kalaçovun 24 aprel 1906-cı ildə Qafqazın canişininə göndərdiyi raportda “Daşnaksütyun” partiyasının Bığ kəndindəki muzdlu qatili Peto adlı erməninin üç naməlum ermənilərlə birlikdə barışıq komissiyasının üzvləri Hacı bəy Məlik Şəfiyevin və Molla Hacı Mir Əbdüləzim oğlunu qətlə yetirdikdən sonra həmin kənddə gizləndikləri qeyd edilmişdi.

Zəngəzur qəzasının 4-cü sahəsinin pristav əvəzi Məlik-Abbasovun qəza rəisinə 1906-cı il martın sonlarında göndərdiyi məxfi raportunda qeyd edilirdi ki, Zəngilan rayonundan Qatar zavodlarına, Şıxavuzdan həmin zavodlaradək yollar tamamilə bağlanmışdır. Ermənilərin məskun olduqları ərazilərin yolları üzərində qanunsuz erməni silahlı dəstələrinin, azərbaycanlı icmalarının məskun olduqları rayonların yolları üzərində isə İrandan qaçaq yolla gələn quldurların dərəbəylik etdikləri raportda öz əksini tapmışdır. Məlik-Abbasov qəza rəisindən erməni quldurlarının cəmləşdiyi Şıxavuz və Qaragöl kəndlərindən hər hansı birinə 100 kazak əsgərinin göndərilməsinin bölgədə quldurluğun qarşısının alınmasına yardımçı olacağını vurğulayır. Məlik-Abbasov 4-cü sahədə sülh və sakitliyin bərqərar olmasında Meğrili Keşiş Ter Vahanın, Lehvazlı Kərbəlayi Mehdi Hacı Allahverdi oğlunun, oğlanları ilə birgə Vağrivarlı David Axpercanovun, Əldərəli Həsənqulu bəy Sərməstbəyovun xidmətlərinin olduğunu yazırdı.

1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı.

Rəsmi hakimiyyət təmsilçiləri erməni-müsəlman davasında ya xristian təəssübkeşliyi edərək ermənilərin tərəfini saxlayır, ya da terror qorxusundan bütün qanunsuzluqlara göz yumurdular. Gorus sahəsinin müsəlmanları 25 iyul 1906-cı ildə Qafqaz canişininə teleqram göndərərək Zəngəzur qəzasının rəisi Mitkeviçin öz vəzifəsinin öhdəsindən gəlməməsindən şikayətlənirdilər. Teleqramda bildirilirdi ki, iyulun 9-da Gorusun müasir silahlarla silahlanmış komitəçiləri (erməni terrorçu partiyalarının silahlı dəstələri nəzərdə tutulurdu) Eyvazlar və Davutlu kəndlərinin köçərilərinə qəfildən hücum etmiş və çobanı yaralamışlar. Müsəlmanlar qorxu içərisində qaçaraq Ağudi və Vağudi kəndlərinə sığınmışlar. Ermənilər Eyvazlıların 900 qoyununu, Davutluların isə 600 qoyununu və 300 iribaşlı heyvanını aparmışlar. Köçərilər arana təhlükəsiz enmək üçün qəza rəisi Mitkeviçə müraciət etmişlər. Mitkeviç onları əmin etmişdir ki, yolların təhlükəsizliyi təmin ediləcək və təqsirkarlar cəzalandırılacaq. Qəza rəisinə inanan köçərilər yola çıxmış, lakin yenidən ermənilərin hücumuna məruz qalmışlar. Pusquda duran ermənilər iki tərəfdən hücum edərək bu dəfə Eyvazlıların 50 baş iribuynuzlu heyvanını və 15 xurcununu aparmışlar. Qəza rəisinin heç bir tədbir görmək istəmədiyini görən köçərilər, Qafqaz canişinindən onlara vurulan ziyanın ödənməsini və yeni qəza rəisinin təyin edilməsini xahiş etmişdilər.

“Kaspi” qəzeti 12 sentyabr 1906-cı ildə erməni qəzeti “Nor-Xosk” (“Yeni söz”) qəzetinə istinadən xəbər verirdi ki, Zəngəzurdan Ordubada təqribən min nəfər var-dövlətini itirən müsəlman qaçqınları gəlib. Qəzet həmin çılpaq və ac-yalavac qaçqınların dəhşətli görkəmləri olduğunu, onların vəziyyətlərinin düzəldilməsi üçün heç bir tədbir görülmədiyini yazırdı.

Zəngəzur qəzasında 1905-1906-cı illərdə ermənilərin törətdikləri kütləvi qırğınlar XX əsrdə soydaşlarımızın məruz qoyulduqları soyqırımı və deportasiyalar silsiləsinin ilk mərhələsidir.

“Kavkaz” qəzetinin Gorusdan verdiyi xəbərə istinadən “Kaspi” qəzeti həmin tarixli nömrəsində yazırdı ki, avqustun son günlərində Ucənis, Akarak və digər erməni kəndlərinin silahlıları Sultanlıq, Əhməd bəy Qışlağı, Qurban Qışlağı, Atqız, Fərəcan, Xatın bağı, Saldaş və Göyyal kəndlərinə hücum edərək 15 qadın və kişini öldürmüş, bütün tikililəri yandırmış, 20 oğlan uşağını əsir aparmışlar. Daha sonra qəzet Zəngəzur qəzasının 3-cü polis sahəsinin “tatar” kəndlərindən Çullu, Danzaver (Armudlu), Ağvanlı, Yeməzli, Saralı, Xaşdan, Firudin bəy Qışlaqlı kəndləri, 5-ci sahədən isə İncəvar, Karxana, Xələc kəndləri tamamilə dağıdılmış və viran qoyulmuşdur. Xüsusən Karxana kəndinin bütün sakinlərini doğramışlar. Bunlardan əlavə, qəzet Qatar, Oxçu, Sabadin və Atqız kəndlərinin ciddi zərər gördüklərini yazırdı.

“Kaspi” qəzeti “Kavkaz” qəzetinə istinadən 22 sentyabr 1906-cı ildə yazırdı ki, sentyabrın 4-də Tatev və digər erməni kəndlərinin silahlıları Ağvanlı və Danzaver (Armudlu) kəndlərinə hücum etmişlər. Sonuncu kəndin bütün əmlakları və tikililəri yandırılmış, üç nəfər qətlə yetirilmiş, 4 nəfər yaralanmış və bir nəfər əsir götürülmüşdür.

Erməni silahlı dəstələri boşaltdıqları azərbaycanlı kəndlərində erməniləri məskunlaşdırırdılar ki, bir daha geri qayıtmaları mümkün olmasın. “Kaspi” qəzeti 11 oktyabr 1906-cı il tarixli sayında yazırdı ki, Zəngəzur qəzasının Harar kəndindən 30 erməni ailəsi özbaşına olaraq Cavanşir qəzasının Umudlu kəndində məskunlaşıblar. Təqribən 100 ailədən ibarət həmin kəndin digər sakinlərinin isə Şuşa qəzasının Xankəndi kəndi ətrafındakı “tatarlara” məxsus ərazidə məskunlaşmaq üçün yola çıxdıqlarını qəzet yazırdı.

M.S.Ordubadi “Qanlı illər”də 1906-cı ildə Zəngəzur qəzasının 5-ci sahəsində ermənilərin törətdikləri qırğınlar haqqında müfəssəl məlumat verdiyi üçün həmin hadisələrin qısa xronologiyasını oxucuların nəzərinə çatdırırıq. M.S.Ordubadi yazır ki, 1906-cı ilin yayında ermənilər Şuşa qəzasında məğlub olduqdan və öz niyyətlərinə çata bilmədikdən sonra əsas güclərini Zəngəzurun 5-ci sahəsinə yönəltmişdilər. Bu sahədə mis mədənləri və Oxçu dərəsindəki böyük və coğrafi mövqeyinə görə strateji əhəmiyyətli azərbaycanlı kəndləri yerləşirdi. M.S.Ordubadi Oxçu, Şəbədək, Pirdavudan və Atqız kəndlərinin müsəlmanlarının ən cəsur və şücaətli adamlar olduqlarını, erməniləri dəhşətə saldıqlarını qeyd edir. Ermənilərin Qafan (Qapan) dərəsində topladıqları silahlı qüvvələri kifayət etmədiyindən İrəvandan, Gümrüdən, Abarandan, Sörəyeldən əlavə qüvvələr çağırılmışdı. Şuşada məğlub edilən erməni silahlıları iyulun sonlarında mis mədənləri yerləşən Qatar tərəfə göndərilmişdi. Müasir silahlarla və toplarla təmin edilən ermənilər avqustun 9-da Oxçu-Şəbədək kəndlərinə hücum edirlər. Köhnə silahlarla silahlanan azərbaycanlılar 4 gün ermənilərə müqavimət göstərmiş, onları mövqelərindən çıxararaq Kecalan erməni kəndinə qovmuşlar və nəhayət, erməniləri məğlub etmişlər. Erməni komandirləri Qatardakı ehtiyat hissələrini və ətraf erməni kəndlərindəki silahlıları da cəlb edərək avqustun 14-də Oxçu-Şəbədək kəndlərini işğal edirlər. Silah-sursatı tükənən azərbaycanlılar Saqqarsu dağına çəkilirlər. Kəndi tərk edə bilməyənlərin hamısını ermənilər qətlə yetirib bir-birilərinin üstünə qalaqlamışdılar. Tək-tək sağ qalanlar çıl-çılpaq Ordubada və Cəbrayıl qəzasının kəndlərinə pənah aparmışdılar. Bu qanlı cinayətin təsvirindən aydın olur ki, XX əsrin sonlarında Xocalıda törədilən soyqırımın analoqu həmin əsrin əvvəllərində Saqqarsuda törədilmişdi.

Ordubaddan Yelizavetpol qubernatoruna vurulan yüzlərlə teleqramdan sonra general-qubernator Ordubada bir rota draqun süvarisi göndərir. Saqqarsuda toplaşan 800 nəfərə yaxın Ordubadlı könüllülərin də köməyi və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilir. Sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Ordubad tərəfdən gələn silahlı dəstələrdən ağır zərbə alan ermənilər qırğınlara ara verməyə məcbur olmuşdular.

Ermənilərin Zəngəzurda törətdikləri qırğınlar Mirzə Rəhim Fənanın “1905-ci il hadisəsi” kitabında qısa da olsa işıqlandırılmışdır. M.R.Fəna yazır ki, Şuşa qalasındakı dava xəbəri ildırım sürətilə köçərilərə çatdıqdan sonra onlar dağlardan arana enmək qərarına gəlirlər. Şuşa köçərilərinin bəziləri dağdan enən zaman Minkənd kəndinin erməni məhəlləsində yaşayanlar arasında toqquşma baş verir. Bu hadisənin sədası Gorus məntəqəsinə yetdikdə minlərlə erməni hərəkətə gəlib dağlar döşündə, dərələr küncündə məskunlaşan yerli ac-susuz və silahsız müsəlmanların üzərinə tökülüşüb qarışqa kimi onları dağıdıb, birinə də aman vermədən uşaqlı-böyüklü hamısını vəhşicəsinə qətlə yetirib sonradan yandırırlar. Ermənilər Malıbəyli, Qarıqışlaq, müsəlman Minkəndi, Buzlu, Sümüklü, Türklər, Sultanlı, Əcəbli, Qarz, Qazı, Qurdəli və s. kimi kəndlərə hər yerdən hücum edib onları viran qoyurlar. M.R.Fəna daha sonra yazır: “Atmağa bir silahı belə olmayan əliyalın camaatın üzərinə düşmən coşmuş dəniz kimi tökülüşür. Bu günahsız insanlara qarşı göstərilən zülm və vəhşət ancaq mənfur ermənilərə xas xüsusiyyətdir ki, onun şərhini qələmə almaq üçün daşürəkli və polad təbiətli olmaq gərəkdir. Hadisə bir bununla bitmir, Sisyan mahalına, Bərgüşad və Həkəri dərəsinə qədər yayılır... Bu zavallıların can və mal itkiləri həddindən artıq çox olur. Bununla yanaşı, Qaladərəli erməniləri saylarının, yaraq-yasaqlarının çox və yerlərinin möhkəm olmasına güvənərək islam ümmətinin yollarını bağlamağa başlayıb zəif müsəlman qonşularına həmlələr edib, ələ düşən müsəlmanı öldürmüşlər. Bu biçarə müsəlmanlar saylarının az və silahlarının olmaması səbəbindən müqavimət göstərə bilməyib məğlub olmuşlar. Lakin Bağırbəyli davasında müsəlmanlar çoxsaylı ermənilərin böyük əksəriyyətini qətlə yetirib onların hücumunu dəf etməyə müvəffəq olmuşlar. Qaladərəlilər müsəlmanlara vurduğu zərərə və törətdikləri cinayətlərə görə lazımi qisasa məruz qalmadılar. Belə ki, onlardan ciddi hesab istənilmədi. Həkəri dərəsində Əliquluuşağı deyilən erməni kəndinin sakinləri öz yerlərini boşaldıb qaçsalar da, zərərsiz keçinə bilmədilər”. Daha sonra M.R.Fəna ac-yalavac Zəngəzur qaçqınlarının vəziyyətini belə təsvir edir: “Noyabr ayının ikinci günündə (1906-cı il) öz yerlərindən didərgin düşən Zəngəzur, Malıbəyli əhli payızın şiddətli sazağı yetdikcə Zəngəzur məntəqələrində qalmağa imkan bulmayıb ac və üryan övrət-uşaqla bir yerə yığılıb köç edərkən Xocalı postunda duran kazaklar qarşısından keçdikləri zaman yolun alt və üstündə pusquda duran ermənilər köçə tərəf atəş açırlar (bu məqam 1992-ci il aprelin 26-da ermənilərin Xocalıda törətdikləri qırğınların ssenarisini xatırladır - müəllif). Kazaklarla söhbət edən quldurların başçısı naxçıvanikli Hatəm bəy Pirimov açılan atəşin köç tərəfindən guya kazaklara tuşlandığını söyləyir. Bu sözdən sonra kazaklar heç nə söyləmədən köç əhlinə hücum edərək onları gülləbaran edirlər. Zavallılardan biri ölür və dördü isə yaralanır. Məzlumların naləsi göyə ucaldıqda onların günahsız olduqları kazaklara məlum olur”.

M.R.Fəna daha sonra qeyd edir ki, həmin Hatəm bəyi “Daşnaksütyun” partiyasına etdiyi xəyanətə görə ermənilərin özləri qətlə yetirirlər, onun qardaşı Şəmir bu hadisədən sonra ermənilərdən üz döndərib müsəlmanların tərəfinə keçir, ailəsi ilə birgə Muğanlı kəndinə köçür və Kərbəlayi Kazımın evinə sığınır.

Azərbaycanlıların təşkilatlanması, “Difai” partiyasının ermənilərin terroruna terrorla cavab verməsi erməniləri silahlı qarşıdurmadan əl çəkməyə məcbur etmişdi.

Ümumiyyətlə, M.S.Ordubadinin verdiyi məlumata görə, ermənilər təkcə həmin ilin iyul ayından başlamış avqust ayının axırına kimi Zəngəzurun Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq kəndlərini viran qoymuş, əhalisini qətlə yetirmişdilər.

Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə isə, 1905-1906-cı illərdə Zəngəzur qəzasında 43 müsəlman, 14 erməni kəndi dağıdılmışdır. Digər erməni müəllifi A-Do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Danzaver (Armuldlu), Sisyan, Ağudi, Dərabas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cibili, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı.

Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törətmişlər. Rəsmi qaynaqlara görə, 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Hesablamalarımıza görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür. Həmin illərdə ermənilərin yeni ərazilər əldə etmək niyyətlərini silahlı müdaxilə yolu ilə həyata keçirmələri nəticəsində Cənubi Qafqazın 14 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüşdür. İnsan tələfatı 10 min nəfərdən artıq olmuşdur. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir.

Ermənilərin Zəngəzur qəzasında 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XX əsrdə soydaşlarımızın məruz qoyulduqları soyqırımı və deportasiyalar silsiləsinin ilk mərhələsidir.

Nazim MUSTAFA,

Tarix üzrə fəlsəfə doktoru,

Prezident Kitabxanasının şöbə müdiri.