ZƏNGƏZUR 1905-1906-cı illərdə
Tarix

ZƏNGƏZUR 1905-1906-cı illərdə

Unudulmayan  erməni vəhşilikləri

Bu gün Azərbaycan son 200 illik tarixinin ən şərəfli günlərini yaşayır. 2020-ci ilin payızında 44 gün davam edən İkinci Qarabağ müharibəsində ermənilər elə bir zərbə aldılar ki, tarix boyu xatırlayacaqlar. Bütün dövrlərdə havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını qəsb edən, soydaşlarımızı tarixi-etnik torpaqlarından didərgin salan, onlara qarşı soyqırımları və deportasiyalar törədən ermənilər ilk dəfə biabırçı təslimçilik aktına imza atdılar. “Qalib”, “məğlubedilməz” erməni ordusu məhv edildi. Dövlətimizin başçısı həmçinin gələcək nəsillərin də erməni vəhşiliyini unutmamalarını tövsiyə edir. Çünki tarix unudulanda təkrarlanır.

Bu məqalədə 1905-1906-cı illərdə ermənilərin Zəngəzurda törətdikləri vəhşiliklərdən söhbət açılır. Çünki məhz həmin illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar nəticəsində ermənilərin yığcam yaşadıqları ilk anklavlar meydana gəldi və sonradan həmin anklavların silah gücünə birləşdirilməsi nəticəsində tarixdə ilk erməni dövləti yarandı.

 

Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

***

Erməni siyasi partiyalarının və onların silahlı dəstələrinin Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi qırğınlar, çoxsaylı terror aksiyaları barədə o dövrün arxiv sənədləri və dövri mətbuat materialları arasında kifayət qədər məlumatlar öz əksini tapmışdır.

Həmin dövrdə nəşr edilən qəzetlərdə, xüsusən də Bakıda rus dilində nəşr edilən “Kaspi” qəzetində və “İrşad” qəzetində hadisələri xronoloji ardıcıllıqla əks etdirən məqalələr dərc edilmişdir. “Kaspi” qəzetində, həmçinin 1905-1906-cı illər qırğınlarına aid digər dövri nəşrlərdə, xüsusən də “Novoe Obozrenie”, “Tiflisskiy Listok”, “Sankt-Peterburqskoe Novosti” qəzetlərində, habelə ermənicə nəşr edilən qəzetlərdə dərc edilən məqalələrin xülasələri işıq üzü görmüşdür.

Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı ilə çap edilən (Bakı, 1993) əsərində Zəngəzur qəzasının Sisyan və Vağudi kəndlərində ermənilərin törətdikləri qırğınlar və müsəlmanların ələ aldıqları əks tədbirlər haqqında yığcam olsa da, məlumat verilmişdir.

M.S.Ordubadinin “Qanlı illər” (Bakı, 1911) əsəri Azərbaycan dilində 1905-1906-cı illər qırğınlarına həsr olunmuş ən sanballı əsər olsa da, yalnız Zəngəzur qəzasının Oxçu dərəsində və Qatar mis mədənlərində 1906-cı ilin iyulundan sonra baş verən qırğınlar öz əksini tapmışdır. Halbuki, ermənilər 1905-ci ilin may ayından etibarən müəyyən fasilələrlə Zəngəzurda terror və qırğınlar törətmişlər.

Zəngəzur qəzası ərazisi 7,827 kv. km olmaqla Yelizavetpol quberniyasının ərazicə ən böyük qəzalarından biri idi. Bu qəza İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan, Yelizavetpol quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl  qəzalarının əhatəsində, Araz çayı ilə İranla həmsərhəd idi. O dövrün inzibati bölgüsünə görə Zəngəzur qəzası 5 polis sahəsinə bölünmüşdü.

1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin də bir neçə əsəri mövcuddur. Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini A-Do imzası ilə çap etdirən müəllifin “Qafqazda erməni-türk toqquşmaları (sənədli, statistik, topoqrafik izahlarla” (İrəvan, 1907, ermənicə) əsərində Gəncə quberniyasının 8 qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu qədər böyük miqyasda və uzun sürən olmadığı xüsusilə vurğulanır. A-Donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və 1897-ci il Ümumrusiya siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir. Maraqlı orasıdır ki, A-Do adıçəkilən əsəri çap olunduqdan sonra həmin ildə “Daşnaksütyun” partiyasının üzvlüyündən xaric edilmişdir. 

Digər erməni müəllifləri S.Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” (Sankt-Peterburq, 1907, rus dilində), İ.Alibeqovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” (Tiflis, 1907, rus dilində) əsərlərində 1905-1906-cı illər qırğınlarının əsl mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verir.

İndi isə qırğınların törədilməsindən öncə mövcud olan vəziyyətə nəzər salaq. XIX əsrin sonlarında formalaşan “Armenakan”, “Daşnaksütyun” və “Hnçak” erməni siyasi-terrorçu partiyaları öz məqsədlərinə nail olmaq üçün əvvəlcə Türkiyənin Şərqi Anadolu vilayətlərində, sonra isə Cənubi Qafqazda kütləvi qırğınlar törətmiş və terror aksiyaları həyata keçirmişlər. 1895-1896-cı illərdə Şərqi Anadoluda xarici qüvvələrin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqazda, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900 min erməni yaşamışdısa, 1908-ci ildə 1,3 milyon erməninin yaşadığı qeydə alınmışdı. Deməli, təkcə bu dövrdə kənardan Cənubi Qafqaza 400 min erməni gəlib yerləşmişdi.

B ununla belə, XX əsrin əvvəllərində İrəvan quberniyasının 7 qəzasından 4-də, Yelizavetpol quberniyasının 8 qəzasının hamısında azərbaycanlılar çoxluq təşkil edirdilər. Hər iki quberniyada torpaqların böyük bir qismi azərbaycanlı mülkədarların və kəndlilərin əlində cəmləşmişdi.

Erməni siyasi partiyaları öz nizamnamələrində nəzərdə tutulduğu kimi, məqsədlərinə çatmaq - yəni sənaye müəssisələrini və torpaqları ələ keçirmək üçün ciddi hazırlıq işləri görmüşdülər. 1905-ci ildə Rusiyada baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz niyyətlərini Zəngəzurda da həyata keçirsinlər. Ermənilərin başlıca məqsədləri isə Bakıda və Cənubi Qafqazın digər şəhərlərində sənaye müəssisələrinə sahib çıxmaq İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında isə silah gücünə etnik təmizləmə həyata keçirməklə yeni-yeni torpaqlar əldə etməkdən ibarət idi.

Cənubi Qafqazda başlıca olaraq “Daşnaksütyun” və “Hnçak” partiyaları öz yerli təşkilatlarını yaratmışdılar və nüfuz dairələrini genişləndirmək uğrunda bir-biriləri ilə mübarizə aparırdılar. Erməni terrorçu siyasi partiyalarının əsas məqsədlərini M.S.Ordubadi “Qanlı illər” əsərində kifayət qədər dəqiqliklə ifadə etmişdir: “İrəvandan Naxçıvana qədər yol üstündə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri birləşdirmək kimi alçaq xəyallar”dan ibarət idi.

Zəngəzur qəzası ərazisi 7,827 kv. km olmaqla Yelizavetpol quberniyasının ərazicə ən böyük qəzalarından biri idi. Bu qəza İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan, Yelizavetpol quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl  qəzalarının əhatəsində, Araz çayı ilə İranla həmsərhəd idi. O dövrün inzibati bölgüsünə görə Zəngəzur qəzası 5 polis sahəsinə bölünmüşdü.

Zəngəzur qəzasında 1905-ci il yanvarın 1-nə olan məlumata görə, 151140 nəfər yaşamışdır ki, onlardan 77.433 nəfərini azərbaycanlılar, 66181 nəfərini ermənilər (onların böyük əksəriyyəti Türkmənçay müqaviləsindən sonra bölgədə məskunlaşmışdılar), 6655 nəfərini kürdlər, 785 nəfərini ruslar və 76 nəfərini Avropa xalqlarının nümayəndələri təşkil etmişdir. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də ermənilər yaşayırdılar.

XIX əsrin sonlarından etibarən Zəngəzurda “Hnçak” və “Daşnaksütyun” partiyalarının özəkləri fəaliyyət göstərirdi. Arxiv sənədləri göstərir ki, erməni təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində təbliğat işini gücləndirmişlər. Bu məqsədə xidmət etmək üçün orada “Hnçak” və “Daşnaksütyun” partiyalarının yerli şöbələrini silahlandırmış, alınan silahların bir hissəsi gizli yolla Bakıya göndərilmişdi. Zəngəzur sahə prokurorunun müavini İv. Yakubovski Yelizavetpol dairə məhkəməsi prokuroruna 4 iyun 1905-ci ildə göndərdiyi təqdimatında yazırdı ki, 1905-ci il mayın 31-də Xınzirək məktəbinin nəzarətçisi Nazaret Şirakuni dindirilərkən ifadəsində göstərmişdir ki, kənddə “Hnçak” və “Daşnaksütyun” partiyaları fəaliyyət göstərirlər. Şirakuni Xınzirək Komitəsinin keşiş Ter-David Ter-Arutyunov başda olmaqla daha üç nəfər təbliğatçıdan ibarət olduğunu və fəaliyyətinin bütün Zəngəzur qəzasını əhatə etdiyini bildirmişdir. O, həmin komitənin əhalidən pul yığanlarının və terrorçularının da olduğunu öz ifadəsində göstərmişdir. Təbliğatçıların hər ay 120, pul yığanların 25-30 rubl aldıqları, terrorçuların isə aylıq yox, hər bir sifarişli qətlə görə xeyli məbləğ aldıqları məlum olmuşdur...”

“Məxfi” qrifi ilə Azərbaycan Respublikası Tarix Arxivində (ARTA) saxlanılan başqa bir sənəddə isə qeyd edilir ki, 1904-cü ilin noyabrında Xınzirək kəndinin sakinlərindən 8 erməni prokurora verdikləri ifadələrində göstərmişlər ki, onlar 80-100 nəfərdən ibarət partiyaya rəhbərlik edirlər. Partiyanın hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq üzvlük haqqı alırlar. Yığılan pulları kəndin icma başçısının qardaşına verirlər. Həmin pullara icma başçısı Sarkis Bağdasarov və keşiş Ter-David Ter-Arutyunov silah və güllə alırlar. Sursat keşişin anbarında saxlanılır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı ilə kəndləri gəzir, pul yığır və həmin pulla güllə alır. Həmin sənəddə göstərilir ki, oktyabrın 13-də keşiş Ter-Arutyunovun evində Cəbrayıl qəzasının rəisi Qaranı öldürmək üçün püşkatma keçirilmişdir. Püşkatma nəticəsində üç nəfərə - xınzirəkli Arsen Dadaniyevə, ballıcalılı (Şuşa) Baxşı Musaelova və irəvanlı Surenə ölüm hökmünü icra etmək həvalə edilmişdir.

Başqa bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də Zəngəzur qəzasının 1-ci polis sahəsinin sakinlərinin Yelizavetpol qurbernatoruna göndərdikləri müraciətdə qeyd edilirdi ki, hələ 1903-cü ildə polis məmuru Baqrat Əsilov 1-ci sahəyə rəis təyin edildikdən sonra bacanağı qarakilsəli Vağarşak Safrazbəyovun göstərişi ilə müəmmalı təbliğatçı rolunu öz üzərinə götürmüşdür. Əsilov və Safrazbəyovun fəaliyyətləri nəticəsində sahənin erməni və azərbaycanlı əhalisi heç bir səbəb olmadan bir-birilərinə qarşı düşmən kəsilmişlər. Qəza rəisi R.Pfelerin sayəsində Əsilov 1-ci sahədən uzaqlaşdırılsa da, 1905-ci ilin fevralında Bakıda qırğınlar başlanandan dərhal sonra Əsilov yenidən 1-ci polis sahəsinə gəlib, erməniləri qızışdıraraq söyləmişdir ki, iki millət arasında böyük iğtişaşlar gözlənilir. Əsilovun fəaliyyətinin qəzada tezliklə qırğınlara səbəb olacağından və bunun qarşısını hökumətin ala bilməyəcəyindən ehtiyatlanan yerli əhali qubernatordan təcili tədbirlər görməyi xahiş etmişdi.

A-Donun yazdığına görə, iyunun 24-də Xoznavarda gedən atışma zamanı türklər Baqrat bəy Əsilovu qətlə yetirmişdilər.

1905-ci ilin fevralında ermənilərin Bakıda başladıqları qırğınlar mart ayında İrəvana sirayət etmiş, may ayından etibarən isə Naxçıvanda davam etdirilmişdi. Lakin erməni terrorçu dəstələrinin Naxçıvanda törətdikləri təxribat və qırğınlar yerli əhalinin mütəşəkkilliyi sayəsində geniş miqyas almamışdı. Erməni silahlı dəstələrinin Naxçıvanın kəndləri üzərindən Zəngəzura doğru hərəkətlərinin qarşısı alındıqdan sonra yenidən İrəvan qəzasında qırğınlar törədilmişdi. Həmin dövrdə ermənilər Zəngəzuru sözün həqiqi mənasında barıt çəlləyinə çevirmişdilər. Erməni terrorçu dəstələri tez-tez təxribatlar törədir, ətrafdakı azərbaycanlı kəndlərinə basqınlar edirdilər.

Zəngəzur qəzasında ilk qırğınları ermənilər 1905-ci ilin iyun ayında Naxçıvan qəzası ilə həmsərhəd olan iki kənddə törətmişdilər. Erməni müəllifi A-Donun verdiyi məlumatdan belə qənaət hasil olur ki, iyunun 25-də Şağat kəndinin erməniləri ilə Ərikli kəndinin sakini Murtuzun dəstəsi arasında mal-qara üstündə dava düşür. Salvartı yaylağında olan Usublu, Əhmədallar, Kərimbəyli və digər elatlardan Murtuzun dəstəsinə köməyə gəlirlər. Qonşu Əlili kəndinin ermənilərinin şağatlılara köməyə gəlmələri nəticəsində dava daha da böyüyür. Nəticədə 5 erməni yaralanır, 10 azərbaycanlı isə öldürülür. Sonra Gorusdan 100-ə yaxın kazak gəlir və davaya son qoyulur.

Ermənilər Naxçıvanın Şıxmahmud və Tumbul kəndlərində həyata keçirdikləri ssenarini Zəngəzurda da həyata keçirmişdilər. Belə ki, özləri 1905-ci il avqustun 16-da Gorusdan Qarakilsəyə qayıdan Zülfüqar Safrazbekyanı və onun oğlunu, habelə brnakotlu iki ermənini Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə yıxmışdılar.

Ta qədimdən aran Qarabağın, hətta Cavad qəzasının heyvandarlıqla məşğul olan əhalisi yazda Zəngəzur və Dərələyəz dağlarındakı yaylaqlara köç edər, payızda isə geri dönərdilər. Türkmənçay müqaviləsindən (1828) sonra İrandan köçürülərək gətirilən ermənilərin bir qismi Zəngəzurun mülayim iqlimi olan dağətəyi zonalarında məskunlaşdırılmışdır. Ona görə də əksər erməni kəndləri köç yollarının üzərində yerləşirdi. Azərbaycanlıların yaylağa köçləri və geri qayıtdıqları zaman ermənilər onlara basqınlar edir, elat əhalisini qətlə yetirir və mal-qarasını və məhsullarını ələ keçirirdilər. 1905-ci ilin yayında Şuşada, Xaçın dərəsində və Ağdam yolunda baş verən münaqişələrin xəbəri yaylaqdakılara çatdıqdan sonra onlar ermənilərin basqınlarından xilas olmaq üçün arana enmək qərarına gəlirlər. Lakin köç yolu Gorus şəhərinin ermənilər yaşayan hissəsindən və Xndzoresk erməni kəndindən keçirdi. Avqustun 17-də ermənilər şayiə yayırlar ki, guya dağdan arana qayıdan Kərimbəyi və Kürdmahmudlu kəndlərinin köçəriləri Naxçıvan qəzasından olan 5 erməni qadınına türk libası geyindirərək özləri ilə aparırlar. Ermənilər həmçinin türklərin onların mal-qarasını oğurlayıb apardıqları barədə də şayiə yaymışdılar. Pristav Voskresenski türkləri təqib edərək, vəziyyəti yerində öyrənmiş və ermənilərin yalan söylədiklərini təsbit etmişdi. Ermənilərlə atışan Voskresenski bir ermənini qətlə yetirmişdi.

Zəngəzur qəzasında 1905-ci il yanvarın 1-nə olan məlumata görə, 151140 nəfər yaşamışdır ki, onlardan 77.433 nəfərini azərbaycanlılar, 66181 nəfərini ermənilər (onların böyük əksəriyyəti Türkmənçay müqaviləsindən sonra bölgədə məskunlaşmışdılar), 6655 nəfərini kürdlər, 785 nəfərini ruslar və 76 nəfərini Avropa xalqlarının nümayəndələri təşkil etmişdir. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də ermənilər yaşayırdılar.

Avqustun 18-də Minkəndin mirzəsi olan Şamilin atası, Həmzalı kəndindən olan Niftalı bəy 15 nəfər dostları ilə birlikdə Gorusa daxil olan zaman şəhərin girəcəyində mövqe tutan erməni silahlıları onlara atəş açırlar. Şiddətli atışma baş verir, hökumət isə bunun qarşısının alınması üçün heç bir tədbir görmür. Nəticədə Niftalı bəy və onun dəstəsindən iki nəfər, ermənilərdən də iki gənc öldürülür. Bu hadisə ətraf kəndlərdə yaşayan türkləri daha da qəzəbləndirir. Avqustun 20-də qubadlılı İldırım bəy Sultanov (İldırım bəy Qubadlı kəndində yaşamış, bölgənin ən varlı və vətənpərvər şəxsiyyətlərindən biri olmuşdur. Sovet Azərbaycanının qurucularından Çingiz İldırımın atasıdır - müəllif) nahiyəsinin pristavı Yevorskinin vasitəsilə Gorus ermənilərinə ultimatum göndərir. Ultimatumda Gorusda saxlanılan türkləri azad etmək, köçərilərin sərbəst hərəkəti üçün yol vermək, erməni silahlı dəstələrini Gorusdakı mövqelərindən uzaqlaşdırmaq və 1000 rubl təzminat ödəmək tələb olunurdu. Qəza rəisi Avaliani İldırım bəyin təzminat ödəmək tələbindən başqa, digər tələblərin ödənilməsini təmin etdirmişdi.

Qarahunc kəndi də ermənilərin terror yuvasına çevrilmişdi. A-Donun yazdığına görə, sentyabrın 6-da Gorus həbsxanasından azad edilən Məzməzəkli Xanlar bəy Qarahunc kəndinin yaxınlığında, evinə qayıdarkən ermənilər tərəfindən güllələnir. Bu terror əməlinə görə Qarahunc kəndinin erməniləri ekzekuasiyaya (cəriməyə) məruz qoyulmuşdu. Qarahunclular 1500 rubl cərimə edilmiş, üstəlik, 150 kazakın 12 gün ərzində ərzaq və digər tələblərinin ödənməsi ermənilərin üzərinə qoyulmuşdu.

Sentyabrın 18-də Yelizavetpolun general-qubernatoru Takayşvili əhali arasında barışıq yaratmaq məqsədilə Gorusa gəlir. Vəziyyətlə yerində tanış olduqdan sonra Takayşvili ermənilərin təqsirkar olduqlarını bildirir. O, iğtişaşların təşkilatçıları kimi Gorusdan 10, Dığ kəndindən isə 15 ermənini həbs etdirir.

1905 -ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə türk kəndlərinə hücum edərək Bayandurda 50, Hələkdə 35, Kosalarda 25, Malıbəylidə 50, Cağacurda 40, Çaylıda 10, Kalavalaxda 25, Novruzluda 15 evi sakinləri ilə birlikdə yandırıb dağıdırlar. Birinci üç kənd isə tamamilə qarət edilir.

“Kaspi” qəzeti 5 noyabr 1905-ci il tarixli sayında “Kavkaz” qəzetinə istinadən yazırdı ki, “Yelizavetpolun müvəqqəti qubernatoru oktyabrın 27-də Gorusdan Qafqaz canişininə aşağıdakı məzmunda teleqram göndərmişdir: “Gorusdan çıxaraq iki gün ərzində Cəbrayıla çatdım. Vəziyyətlə tanış olaraq sizin nəzərinizə çatdırıram ki, əvvəllər görülən tədbirlər nəticəsində qəzada sakitlik bərqərar olmuşdur. Oktyabrın 16-dan isə müxtəlif yerlərdən gəlmələrdən və fərarilərdən ibarət olan erməni bandası Zəngəzur qəzasından Qaryagin qəzasına keçdikdən və dağlıq erməni kəndləri olan Zamzur, Daşbaşı, Cilan və digər kəndlərin sakinləri ilə birlikdə tatar kəndləri olan Aşıxmalikli və Tararlı kəndlərinə hücumları nəticəsində 8 tatar öldürülmüş, meyitlərin başları bədənlərindən qoparılmış, bəzilərinin sağ əli və sağ qulaqları kəsilmişdir. Meyitlər elə eybəcər hala salınmışdır ki, bütün bunlar şəriət qaydalarına görə Qaryagin qəzasının müsəlmanları arasında çaxnaşma yaratmışdır. Qətllərin bütün iştirakçıları təhvil verilənədək təqsirkar erməni kəndlərində ekzekuasiya qoyulmuşdur.

Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan bir çox sənədlərdə ermənilərin 1905-1906-cı illərdə törətdikləri qırğınlar barədə materiallar öz əksini tapmışdır. Həmin qəbildən olan sənədlərin birində Sisyan kəndində törədilən qırğınlardan bəhs edilir. Sənəddə qeyd edilir ki, 1905-ci ilin oktyabrında Zəngəzur qəzasının 10 erməni kəndinin silahlı sakinləri qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə hücum etmişdir. 75 nəfər Sisyan sakini öldürülmüş  və yaralanmışdır. Yalnız kazakların özlərini yetirməsi nəticəsində qətliam və talanın daha böyük miqyas almasının qarşısı alınmışdır.

Erməni müəllifi A-Donun yazdığına görə, 1905-ci il mayın 22-də Ərəfsə kəndindən Seyid Adıgözəl yoxa çıxır. Bu hadisə Sisyan kəndinin 200 evdən ibarət türklərini daha çox həyəcanlandırır. Sisyan kəndi Ağkənd, Əlili, Təzəkənd və Tolors kəndlərinin əhatəsində yerləşirdi. Noyabrın 23-də sisyanlılar Təzəkənd kəndini iki tərəfdən mühasirəyə alırlar. Təzəkəndlilər qonşu Əlili kəndinə qaçırlar. Üç gündən sonra sisyanlıların Comərdli və digər türk kəndlərinin köməyi ilə Təzəkəndə hücumları baş tutur. Noyabrın 26-da ətrafındakı erməni kəndlərindən Təzəkəndə gələn ermənilər Sisyan üzərinə birgə hücuma keçirlər. Türklər çoxlu itki verdikdən sonra kəndin ortasındakı təpənin üstündə yerləşən köhnə qalanın qalıqları arasına çəkilirlər. Ermənilər 50-yə qədər evi yandırıb, kəndin mal-qarasını özləri ilə aparırlar. Əsgərlərin kəndə gəlib yetişməsindən sonra silah gücünə Sisyan ermənilərdən təmizlənir. Sisyan kəndindən 50-dən çox ölən və yaralanan olur. Ermənilərdən 5 nəfər öldürülür. Bu münaqişədən sonra bölgədə bir müddət sakitlik hökm sürür.

(davamı növbəti saylarımızda)

Nazim MUSTAFA,

Tarix üzrə fəlsəfə doktoru,

Prezident Kitabxanasının şöbə müdiri.