Heç bir cinayət cəzasız qalmayacaq
Tarix

Heç bir cinayət cəzasız qalmayacaq

44 günlük zəfər tarixinin ardından mənfur düşmən daha çox nifrət xarakterli aktlara əl atıb. Nəticədə 10-dan çox hərbi qulluqçumuz həlak olub və yaralanıb.

Şübhəsiz ki, riyakar Hayastan hakimiyyətinin bu davranışları bizə tarixdən məlumdur. Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova bildirir ki, Azərbaycan 44 günlük savaşda qalib gəldikdən sonra da Ermənistan öz təxribatçı əməllərindən əl çəkməyib: "Həm iki ölkə arasındakı sərhəddə, həm də Qarabağ iqtisadi rayonu ərazisində insan itkisi ilə nəticələnən silahlı təxribatlar törədib. 35 il ərzində ermənilərin işğalçılıq siyasətini görməzdən gələn, beynəlxalq münasibətlər sistemində söz sahibi olan böyük dövlətlər, aparıcı güc mərkəzləri, beynəlxalq təşkilatlar 44 günlük Vətən müharibəsi nəticəsində formalaşmış status-kvonu təkzib etməklə qalib Azərbaycanla məğlub Ermənistanı yenə də tərəzinin eyni gözünə qoyaraq öz geopolitik maraqları çərçivəsində problemin həllinə qərəzli yanaşmaqda davam edirlər. Xüsusilə də keçmiş Minsk qrupunun artıq de-fakto fəaliyyətinə xitam verilmiş həmsədrləri ABŞ və Fransa beynəlxalq hüququn, Təhlükəsizlik Şurasında daimi üzv statusuna malik olduqları BMT nizamnaməsini, onlara həmsədrlik mandatı vermiş ATƏT-in yekun aktı və digər beynəlxalq normaları bir kənara qoyaraq yalnız öz qlobal və regional geopolitik maraqlarını əsas götürməklə artıq həlledici mərhələsi geridə qalmış Qarabağ münaqişəsini alovlandırmağa çalışırlar.

44 günlük savaşda ABŞ və Fransa prezidentlərinin Azərbaycan dövlət başçısına zəng edib israrla müharibəni dayandırmaq çağırışları, ölkəmiz əleyhinə bəyanatlar vermələri, sərhədə Ermənistan tərəfdən Avropa Birliyinin silahlı müşahidəçilərinin göndərilməsi və s. buna misal ola bilər. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəldilmiş qəsdlərin qarşısı ordumuz tərəfindən hər zaman müvəffəqiyyətlə alınır. Dövlət başçısı İlham Əliyev ən mötəbər tədbirlərdə ilk növbədə bu məsələləri gündəmə gətirir və Azərbaycanın haqlı mövqeyinin tamamilə legitim olduğunu diqqətə çatdırır. Lakin Ermənistanı və dünya erməniliyini beynəlxalq siyasətdə istifadə etmək istəyən və tarix boyu onu bu məqsədlə siyasətə alət etmiş böyük güclər yüzillər boyu formalaşmış ənənələrinə sadiq qalaraq beynəlxalq hüququn norma və prinsiplərin əksinə hər vəchlə buna mane olmağa çalışırlar. Lakin sərhədimizdə baş verən təxribatlar əsrlər boyu türk dünyasına qarşı qurduqları məkrli planları Azərbaycan Prezidenti İlham Əliyevin dərin, düşünülmüş, müdrik siyasəti nəticəsində iflasa uğramış Ermənistanın və dünya erməniliyinin son çırpıntılarıdır, desək yanılmarıq. Ermənistan məğlub olduğunu qəbul etmək istəmir və təxribatlarla mümkün qədər çox güzəştlər qoparıb bununla öz böyük məğlubiyyətini ört-basdır etməyə çalışır. Çünki dünya erməniləri Azərbaycan torpaqlarını qəsb etmək üçün yüzillər boyu təşkilatlanıb, silaha sarılıb, bu işə böyük maliyyə vəsaiti sərf ediblər. İndi həm də diaspordan ötürülmüş həmin pulların üstündə haqq-hesab çəkmə gedir və mənimsənilmiş milyonların da hesabatı aparıldığı üçün günahı hər tərəf o birinin boynuna qoymağa çalışır. Qalibiyyətin sahibi çox olur, məğlubiyyət isə hər zaman yiyəsizdir. Paşinyan məğlubiyyətin səbəbini Qarabağ klanının boynuna atıb birtəhər vəziyyətdən çıxa bildi, lakin onilliklər boyu bu məkrli planın təşkilatçısı və icraçısı olan diaspordakı və Ermənistandakı qruplar, klanlar, ermənilərin məkrli ideoloji mərkəzi olan kilsə arasında qarşıdurma davam edir. Belə olan şəraitdə diqqəti bu problemlərdən yayındırmaq, eyni zamanda sülh müqaviləsinin bağlanılması istiqamətində işlər gedən zaman Azərbaycanın uğurlarına kölgə salıb bununla barışmaq istəmədiyini göstərirlər. Eyni zamanda Azərbaycana psixoloji təzyiq və müharibənin hələ də davam etdiyi mesajı ötürmək istəyirlər. Bunu savaşda növbəti məğlubiyyət kimi qiymətləndirən Ermənistan anlamalıdır ki, bu zəfər tarixə yazılmış əbədi zəfərdir və bu reallığı dəyişdirməyə nə Ermənistan, nə də onun havadarlarının gücü çatmaz".

Töhfə SƏMƏDOVA,

"Respublika".