Uğurlu Horadiz əməliyyatından 30 il ötür
Tarix

Uğurlu Horadiz əməliyyatından 30 il ötür

1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Füzuli sakinlərinin yaddaşına əbədi həkk olundu. Azərbaycan Ordusu bu tarixdə Horadiz əməliyyatını həyata keçirdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə yenidən Azərbaycan hakimiyyətinə qayıdışından sonra Füzuli rayonunun bir çox yaşayış məntəqələrinin, eləcə də Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsinə zəmin yarandı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Ali Baş Komandanlığı ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazıldı. 1993-cü ilin dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə doğru hərəkət etməyə cəhd göstərsə də, görünməmiş müqavimətlə qarşılaşaraq geri çəkilməyə məcbur oldular. Azərbaycan Ordusu dekabrın 15-də beş istiqamətdə hücuma keçərək düşmənin müdafiəsini dağıdıb, artilleriya atəşləri altında Füzuli rayonunun içərilərinə doğru irəlilədi. 1994-cü il yanvarın əvvəlində artıq Horadiz də daxil olmaqla iyirmi iki yaşayış məntəqəsi azad edildi və yüz hektarlarla ərazi tam nəzarətə götürüldü.

Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Həmin dövrdə ümummilli liderin xalqa tarixi müraciəti orduda da nizam-intizam yaratdı. Bu, o zaman idi ki, Azərbaycan Milli Ordusu, əslində yenicə yaranırdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra cəmi 2-3 il ərzində güclü ordu yaratmağa müvəffəq oldu. Düşmən bunu gözləmirdi. Ona görə də, qəfil zərbədən sarsıldı və pərən-pərən oldu. Əsgərlər tankların, hərbi maşınların üstündə yazılmış “Heydər Əliyev uğrunda”, “Torpaq, qeyrət uğrunda” şüarları ilə döyüşə girdilər. Düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirildi. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu.

1996-cı ildən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanıldı. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salındı, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olundu. Bu, dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, 70 minə yaxın əhali rayon ərazisinə qayıdıb.

Onu da qeyd etmək lazımdır ki, 23 oktyabr 2007-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilib.

Horadiz uğurunun davamı olaraq, 2016-cı ildə Aprel döyüşləri nəticəsində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri də düşməndən azad edildi. Bu qələbə sayəsində Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlı kəndində ən müasir qəsəbə salındı. Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur rayonunun Günnüt kəndini işğaldan azad edən ordumuz daha əlverişli mövqelərə yiyələndi. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. “Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.

Röya RÜSTƏMLİ,

“Respublika”.