Təəssüf ki, beynəlxalq hüquq ya işləmir, ya da selektiv qaydada işləyir
Digər xəbərlər

Təəssüf ki, beynəlxalq hüquq ya işləmir, ya da selektiv qaydada işləyir

Hər bir insan öz hüquqlarını mütləq şəkildə bilməlidir. Cəmiyyətin normal fəaliyyəti üçün hüquqi nizamlanmanın mövcudluğu zəruri bir haldır. Dünyada olan dövlətləri bir cəmiyyət kimi təsəvvür etsək, o zaman bu cəmiyyətdə də beynəlxalq hüquq normalarına ehtiyac duyulacaq. Gəlin baxaq! Bəli, dünyada beynəlxalq hüquq deyilən anlayış və onu "icra" edən bir qurum var: Haaqa məhkəməsi. Bəs, bu məhkəmə həqiqətən də qərəzsizdirmi?

Bu suala cavab vermədən əvvəl, Haaqa məhkəməsinin əhəmiyyətini və fəaliyyət istiqamətlərini qısaca da olsa təhlil etməliyik. Beynəlxalq məhkəmənin səlahiyyətləri ancaq dövlətlər arasındakı mübahisələrə aiddir. Məhkəmə adi şəxslərlə dövlət arasındakı və əlbəttə, fərdlər arasındakı mübahisələrə baxa bilməz. Ən əsas qaydalardan biri də odur ki, yalnız tərəflərin razılığı olduğu halda, məhkəmə həmin məsələyə baxır. Buradan da o nəticəyə gəlirik ki, beynəlxalq hüquq məhkəməsi dövlətlər üçün məcburi deyil, yalnız fakültətivdir.

Biz haqqımızı müdafiə işinə beynəlxalq hüquq müstəvisində 30 ildən çox idi ki, başlamışdıq.  Özü də tarixi faktlar və həqiqəti əks etdirən sübutlarla. Lakin nəinki dünya ölkələri, hətta beynəlxalq hüquq belə görməzdən gəlirdi. Təbii ki, nə xalqımız, nə də Ali Baş Komandanımız bu məsələyə səssiz qalmadı.

Dövlət başçısı bildirib: "Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil".

Danışıqlar prosesinin məqsədyönlü şəkildə uzadılması və qənaətbəxş olmayan qərarlarla nəticələnməsi göz önündə idi. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da qeyd etdiyi kimi, məqsəd insanlara bu konflikti unutdurmaq olub. Onlar düşünürdü ki, Azərbaycanda o torpaqlarda heç vaxt olmayan, o ağrıları yaşamayan yeni nəsil yetişəcək və beləliklə, Azərbaycan dövləti güzəştə gedəcək. Lakin düşmən gördü ki, 30 il keçsə də, Azərbaycan xalqı mübarizədən əl çəkmədi və öz sözünü dedi. Heç o torpaqları görməmiş, havasını udmamış, Qarabağ sözünü sadəcə kitablarda, yazılarda oxumuş gənclər Qarabağ uğrunda öz canlarından keçdilər. Təkcə səngərdə yox, həmçinin öz isti ocaqlarında oturan insanlarımız belə, bu məsələyə münasibətdə sakit qalmadılar. Onlar da evlərində sosial media üzərindən hücumlar edir və orduya dəstək olurdular. Bu da bir daha azərbaycanlıların harada olmalarından asılı olmayaraq bir yumruq kimi birləşib necə qalib gəldiklərinin sübutudur. Təəssüf ki, çox zaman haqsızlıqlara, ayrı-seçkiliyə məruz qalmışıq. Bu hal hələ də davam edir. Lakin unudulmamalıdır ki, Azərbaycan artıq güclü dövlətdir, dünyada öz sözünü deyə bilir.

Ən önəmlisi də odur ki, 30 il davam edən haqq mübarizəmiz hüquqi müstəvidə deyil,  döyüş meydanında öz həllini tapdı, ədalət yerini tutdu. Və bir daha əmin olduq ki, beynəlxalq hüquq işləmir.

Töhfə SƏMƏDOVA,

"Respublika".