HUMANIST ADDIMLARA RIYAKAR YANAŞMA
Digər xəbərlər

HUMANIST ADDIMLARA RIYAKAR YANAŞMA

Azərbaycan hər zaman beynəlxalq humanizm prinsiplərinə sadiqliyi ilə seçilir. 30 ilə yaxın bir dövr ərzində təcavüzə məruz qalmış ölkəmiz postmüharibə dövründə də öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Tariximizin qanlı səhifələrinin səbəbkarı olan hayların törətdiyi genosid və urbisid kimi bəşəri cinayət əməllərinin qisasını döyüş meydanında alan qüdrətli Azərbaycan bu gün doğma yurdunu qurub-yaratmaqdadır.

İndiki vəziyyətdə atəşkəsi pozan, müxtəlif təxribatlarla sülh prosesini ləngidən xain düşmən öz xislətinə sadiq qalaraq çirkin əməllərinə davam edir. Düşmən unudur ki, 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq 44 günlük müharibə dövründə əsir düşmüş erməni hərbçiləri ölkəsinə sağ-salamat təhvil verilib. Bundan əlavə, postmüharibə dövründə yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçisi də geri qaytarılmışdır. Qeyd edilən humanizm nümunələrinin qarşılığı isə minalar, atəşkəsin pozulması, diversant qrupunun ərazilərimizə cəlb edilməsi, Xankəndidə saxta "soyqırımı" iddiaları və saysız-hesabsız təxribat əməlləri oldu. Ermənistan əraziyə Hindistandan aldığı hərbi texnikanı cəlb etdi. Bundan əlavə, xunta rejiminin canlı qüvvəsinin sayı artırıldı.

 Qeyd edilən prinsiplər çərçivəsində vaxtilə Azərbaycan Respublikasının dövlət bayrağını təhqir etdiklərinə görə saxlanılan 3 erməni əsilli futbolçunun cəza müddəti başa çatdığı üçün həbsdən azad edilməsi bir daha təsdiq edir ki, ölkəmiz öz ədalət tərəzisinin tarazlığını heç bir zaman pozmur. Dindirilmə zamanı futbolçular bu əməli törətdiklərini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər. Göstərilən humanistliyə görə təşəkkür edən və həbsdə olduqları müddətdə qanunla nəzərdə tutulmuş hüquqlarına tam riayət olunduğunu qeyd edən futbolçular saxlanma şəraitindən və onlara olan münasibətdən razı qaldıqlarını qeyd etmişlər.

Əfsuslar olsun ki, bütün bunların müqabilində qarşı tərəf bir müddət öncə Naxçıvan istiqamətində dumanlı hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçmiş əsgərlər - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı ağır işgəncələr verir, onlar haqqında əsassız hökm oxunur. Ermənistanın Qafan məhkəməsi tərəfindən azərbaycanlı hərbçi Hüseyn Axundovun 20 il müddətinə həbs edilməsi haqqında "qərar" verilib.

Paşinyan hökumətinin əlinə sanki fürsət düşüb. Azərbaycan əsgərlərinin taleyini siyasi alver obyektinə çevirmək istəyirlər. Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl parlamentdə "hökumət saatı" zamanı deyib ki, Sünikdə (Qərbi Zəngəzurda) peyda olan 2 azərbaycanlı hərbçi öz həmkarları tərəfindən təhqirə məruz qaldıqları üçün qaçıb Ermənistana keçiblər. İşgəncə görüntülərinin sosial şəbəkələrdə yayıldığı əsgərlərimizin bu vəziyyətindən alçaqcasına istifadə etməyə cəhd göstərən Ermənistan hakimiyyəti növbəti dəfə öz xislətini bütün dünyaya göstərmiş oldu.

Ermənistanın riyakarlığı 3 futbolçunun azadlığa buraxılmasından sonra yenidən müşahidə edildi. Belə ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, demək olar ki, bütün erməni əsilli cinayətkarların azadlığa buraxılması ilə bağlı Ermənistan tərəfindən yenidən tələblərin səsləndirilməsi misli görünməmiş səviyyəsizlik nümunəsidir. Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisini tərk etməyə cəhd edən cinayətkar Vaqif Xaçaturyanın da azadlığa buraxılması istəyi bunu deməyə əsas verir ki, haylar Azərbaycanla eyni hüquqi müstəvidə deyil və ola da bilməz. 1991-1992-ci illərdə Azərbaycan ərazisində insanlığa qarşı ağır cinayətlər törədən, Meşəli kəndinin sakinlərinin qanını əlində daşıyan bu alçağa qarşı azadlıq tələbi özü cinayət hadisəsidir. O, bir neçə məntəqədə milliyyətcə azərbaycanlı olan mülki şəxslərin edam edilməsində, onların əmlakının talan edilməsində şəxsən iştirak edib. Hazırda Xaçaturyan barəsində istintaq tədbirləri davam etdirilir. Onun törətdiyi cinayətlərin şahidləri ilə qarşıdurma təşkil edilib.

Bu cür əməllər erməni siyasi elitasının keçmişdə Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş şəxsləri "ağartmaq" cəhdidir. Xain xislət sahiblərinin bu çıxışları Azərbaycan dövlətinin ədalət prinsiplərindən qəti şəkildə kənardır.

Nurlan ABDALOV,

"Respublika".