Torpaq üstündə göyərən ayaq izləri
Digər xəbərlər

Torpaq üstündə göyərən ayaq izləri

O, Şirvanda dünyaya göz açmışdı. Amma Vətən sevgisi yollarını işğala məruz qalmış yurd yerlərimizə tuş elədi. Bu gün azad olunmuş torpaqlarımızda digər oğullar kimi, Fuadın da ayaq izləri var. Hər il yaz fəsli bu yerlər yaşıllığa bürünəndə amansız düşmənlə üz-üzə gəlib canını fəda edən igid əsgərlərin ayaq izləri gül-çiçəyə bürünür.

Vətənimizin müdafiəsi uğrunda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid baş leytenant Fuad Allahverdi oğlu Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olmuşdu. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirəndən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbin sirlərini öyrənmişdi. Aprel döyüşlərinin iştirakçısı idi. Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etdi. Hərbi xidməti zamanı şəhidlik zirvəsinə ucalan Fuad Bağırov 1 fevral 2022-ci il tarixində Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olundu.

Hərbi xidmətlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi qəhrəmanlıqlara görə şəhid baş leytenant Fuad Allahverdi oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Qüsursuz xidmətə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edildi.

Fuadın anım gününə qohum-əqrəbası, dost-tanışı, həmyerliləri toplaşmışdılar. Xatirələr dilə gəldi, igid zabitin ruhuna dualar oxundu, bir daha dillərdə şüar səsləndi; "Sən daim bizimləsən, adın əbədi olaraq ürəklərə həkk olunub".

Tofiq HÜSEYN,

"Respublika".