Təcavüzkar müharibəyə çağırış edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixayıl Delyagin barəsində cinayət işi başlanılıb
Digər xəbərlər

Təcavüzkar müharibəyə çağırış edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixayıl Delyagin barəsində cinayət işi başlanılıb

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

 Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mixayıl Delyagin 2022-ci il martın 28-də Rusiya Federasiyasının "Rossiya 1" telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.

Rusiya Federasiyasının vətəndaşı Mixayıl Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2-ci (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3-cü (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1-ci və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 2022-ci il martın 29-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 2022-ci il martın 29-da Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib.

Eyni zamanda, bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq.

AZƏRTAC