ŞƏT-in terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi məqsədləri ölkəmiz üçün də əhəmiyyətlidir
Digər xəbərlər

ŞƏT-in terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi məqsədləri ölkəmiz üçün də əhəmiyyətlidir

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş Azərbaycanın uğurlu xarici siyasi strategiyası ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini artırıb, onu dünya miqyasında böyük söz sahibinə çevirib. Mövzunun nə olmasından asılı olmayaraq, istənilən regional və beynəlxalq müzakirələrdə Prezidentimiz ön sıralarda yer alır, onun baş verən proseslərə baxışı və münasibəti diqqətlə izlənilir. Cənab İlham Əliyevin dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi baxışlara malik olması imkan verir ki, o, bütün beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin etsin. Bu baxımdan, dövlətimizin başçısı beynəlxalq və regional təşkilatların, əhəmiyyətli toplantıların kürsüsündən böyük ustalıqla yararlanaraq hər mövzuda ölkəmizin mənafeyini ləyaqətlə təmsil edir. Ərazi və əhali baxımından dünyanın ən böyük ölkələrindən bir neçəsini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu regional təsisatın Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması, aparılan müzakirələrdə fikirlərinin öyrənilməsi və dəstəklənməsi bunun əyani təsdiqi, həmçinin onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramın əlamətidir.

 

ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olan Azərbaycanın bu təşkilatla dərinləşən və genişlənən münasibətləri ölkəmizin maraqlarına tam cavab verir. ŞƏT-in məqsədləri arasında yer alan terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı kimi məqamlar ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafı, regionun lider dövlətinə çevrilməsi, həmçinin əlverişli təbii-coğrafi mövqeyi bu təşkilat üçün ölkəmizin əhəmiyyətini daha da artırır. Tədbirdə çıxışı zamanı Prezidentimiz Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək, həmçinin perspektivlər barədə məlumat verdi. Qürurverici haldır ki, Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Qeyd olunan bu məqamlar ölkəmizin dinamik inkişafının uğurlu davamıdır.

Dövlətimizin başçısı Zəngəzur dəhlizinin əhəmiyyətini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Təbii ki, dəhlizin açılması ŞƏT-də təmsil olunan ölkələr, eləcə də bu yolun üzərindəki bütün dövlətlər üçün səmərəli olacaq. Ermənistan tərəfinin bunu anlaması vacibdir. Amma bu dövlətin son zamanlar ard-arda törətdiyi hərbi təxribatlar deməyə əsas verir ki, Ermənistan hələ də mövcud reallıqlardan qaçmağa çalışır. Sözsüz ki, onların bu kimi çirkin niyyətləri baş tutmayacaq. Çünki diqtə edən tərəf qalib ölkədir. Zirvə görüşündə dövlətimizin başçısı sentyabrın 13-də dövlət sərhədində Ermənistanın hərbi təxribatlarını qeyd etdi və bu tribuna vasitəsilə əsl həqiqəti dünya ictimaiyyətinə çatdırdı. Görünür, təxribatçı dövlət münasibətlərin normallaşmasında, sülh danışıqlarının aparılmasında maraqlı deyil, təcavüzkar xislətindən əl çəkmək istəmir. Bu cür əməllər Ermənistanın onsuz da ağır olan vəziyyətini daha da gərginləşdirməkdədir. Qarabağ münaqişəsini parlaq qələbə ilə başa çatdıran Müzəffər Ali Baş Komandan dəfələrlə bəyan etmişdir ki, "Dəmir yumruq" yerindədir. Ermənistan tərəfinin istənilən hərbi təxribatına layiqli cavab veriləcək. Son hadisələr bunu bir daha göstərdi. Təcavüzkar dövlət bundan dərs çıxarmalı, bu kimi təxribatlardan çəkinməlidir. Çünki başlarına enəcək yumruğun gücünə bələddirlər.

Sammit çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər, apardığı danışıqlar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın normallaşma prosesini əngəlləyən əməlləri dost və qardaş ölkələrin diqqətinə çatdırıldı və onlar tərəfindən pislənildi.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.