Erməni yalanı  ayaq tutsa da daha yerimir. . .  
Digər xəbərlər

Erməni yalanı  ayaq tutsa da daha yerimir. . .  

Erməniliyin mahiyyəti yalandan,  hiyləgərlikdən,  satqınlıqdan,  xəyanətdən və digər qara əməllərdən,  həmçinin yaltaqlıqdan ibarətdir. Tarixin səhifələrində və həyatın özündə erməni saxtakarlığı haqqında saysız-hesabsız misallar var,   yeri düşəndə ağalarının qarşısında qula,  köləyə,  girəvə tapan kimi terrorçuya çevrilir,  qatı cinayətkar sifətini gizlədərək məzlum,  yazıq görkəm alır,  şeytan əməllərindən əl çəkmir. Ermənilərin ən böyük silahı yalandır,  təxminən iki yüz ildir ki, onlar bu ağ yalanla dünyanı aldadır,  öz mənfur xislətlərinə başqa don geyindirir,  harada isti qucaq görsələr dərhal orada zühur edirlər.  Utanıb qızarmadan,   həyasızlıqla,   qondarma,   saxta,   çürük xəyalları “həqiqət” kimi gözə dürtürlər.

Vətən müharibəsində Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi,   düşmənin yaratdığı erməni mifini dağıtdı,  həm də döyüş meydanında,  eyni zamanda siyasi arenalarda erməni ideoloqları,   lobbiləri, ermənipərəst,  ermənidən çox ermənilik edən qüvvələr sözün əsl mənasında məğlub edildi. Ermənistanın yalan üzərində qurulmuş ideoloji,  hərbi dayaqları çökdürüldü,  ağır məğlubiyyət nəticəsində kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Silahlı qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin adı ərazi bütövlüyünü bərpa edən dövlət başçısı kimi  tarixin səhifələrinə həkk edildi. Yaxşı deyiblər ki,  tarix ən yaxşı bələdçidir,  onun məhvərini heç bir qüvvə dəyişə bilməz.  Tarixin ibrət dərsləri isə müharibəyə  və işğala susayan dövlətləri həmişə ağır məğlubiyyət,   məhrumiyyət,   faciələr və insan qırğınları ilə üz-üzə qoyub. İki ilə yaxındır ki,  Ermənistan bu ağrıları yaşamağa məcburdur,  işğalçı xisləti minlərlə ailəni faciələrə,  göz yaşlarına,   sağalması mümkün olmayan kədərə qərq edib.  Vaxtilə torpaqlarımıza köçürülən və burada məskunlaşdırılan ermənilər yaddaş sarıdan həmişə əziyyət çəkirlər,  tarixi saxtalaşdırmaq,  özgə torpaqlarına göz dikmək,  başqa xalqlara qarşı nifrət onların faşist təfəkkürünə,  daşnak xislətinə elə hopub ki,  uzun illərdir ki,  müalicəsi mümkün olmur.

Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində yaşayış evlərini,   ictimai binaları,   məktəbləri,   mədəniyyət ocaqlarını,   uşaq bağçalarını,   xəstəxanaları,   istehsalat müəssisələrini,   bütün infrastrukturu talan edib, dağıdıb və yandırıblar.  İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi ölçüyəgəlməz vəhşiliyin şahidi oluruq. Düşmən güman edirdi ki,   bu dağıntılardan sonra azərbaycanlılar bir də bu yerlərə qayıtmayacaq.  Yanıldılar.  Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayıb,   Qarabağla nəfəs alırdı.  Artıq Qarabağa və Şərqi Zəngəzura 30 ildən sonra həyat qayıdır,   o torpaqların yeni dövranı başlayıb... Ermənilərin vəhşiliklə törətdikləri dağıntılar aradan qaldırılır,  xarabalıqlar üzərində yeni və müasir şəhərlər salınır.

Ağır məğlubiyyəti qəbul edə bilməyən ermənilər və onların havadarları Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə də paxıllıq edir,  Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayırlar. Əslində,  Vətən müharibəsində Ermənistan terrorçu dövlət olduğunu,   dinc azərbaycanlılara qarşı müharibə cinayətləri törətdiyini,  üçyaşlı körpəyə güllə atdığını,   öz qəddar xislətini,   faşist simasını tam çılpaqlığı ilə büruzə verdi. Yalanı və iftiranı dövlət siyasətində başa keçirən ermənilər Moskva şəhərində üçtərəfli görüşdə əldə olunan humanitar atəşkəs rejiminin sənədinin mürəkkəbi qurumamış bu razılaşmanı kobud surətdə pozaraq Azərbaycanın yaşayış məntəqələrini intensiv surətdə atəşə tutdu.  Döyüş meydanında qarşı- qarşıya döyüşməyə ləyaqəti və gücü çatmayan düşmən öz mənfurluğunu  azərbaycanlı dinc əhaliyə göstərdi,   evləri,   mülki obyektləri,   məktəbləri,   uşaq bağçalarını raket atəşinə tutdu. Yüzlərlə dinc insan həlak oldu.

Ermənistan üçtərəfli Bəyanatın müddəalarına əməl etməkdən boyun qaçırır,  sülh sazişini imzalamaqdan hər vasitə ilə yayınır,  verdiyi sözə əməl etmir,  əksinə erməni tərəfi sərhəddə alçaq təxribatlara əl atır. Son günlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar onu göstərir ki,  düşmənin öz mənfur və çirkin əməllərindən əl çəkmək fikri yoxdur. Ötən əsrin 80-ci illərində istifadə etdikləri yalan mexanizmini yenidən işə salıblar. Dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Qarabağın işğalı illərində etdikləri hiylələri təkrarlayırlar. Müşahidəçilərin gəlişinə az qalmış erməni hərbçiləri komandanlığın əmri ilə və həmçinin təxribat törətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Missiya nümayəndələri gələnə kimi Azərbaycan tərəfi də təbii ki,   cavab atəşi açır.  Müşahidəçilər də ancaq Azərbaycan hərbçilərinin açdığı atəşi qeydə ala bilirlər.  Bunun cavab atəşi olduğunu isə erməni təxribatçıları,   təbii ki,   onlara demir. Bir daha qeyd edək ki,  şərəfsiz Ermənistan ordusu işğal illərində də bu yalanlardan gen-bol istifadə edib. Həmin vaxtlarda onlar atəşkəs rejiminə nəzarət edən ATƏT müşahidəçilərini də belə yanıltmağa çalışırdılar. Lakin düşmən bir həqiqəti unudur ki,  belə alçaq hiylələr bu dəfə  onlara kömək etməyəcək.  44 günlük müharibə göstərdi ki,  odla oynamaq nə ilə nəticələnir. Bunu kimlərinsə əlində oyuncağa çevrilən ermənilər daha yaxşı bilirlər.  

                                           Salman ALIOĞLU, 

                                            “Respublika”.