Abad, rahat kənd yolları
Region

Abad, rahat kənd yolları

Turizm məkanı olan Qubanın kənd yollarının abadlaşdırılması daim diqqət mərkəzindədir. Rayonda bu istiqamətdə xeyli iş görülüb. Dağılmış, yararsız vəziyyətdə olan kənd yolları əsaslı surətdə yenidən qurulur. İndi ucqar dağ kəndlərinə də rahat, asfalt yollar uzanır. Təkcə son bir neçə ildə Rustov, Zərqova, Hacıhüseynli, Susay, Alpan, İspik inzibati ərazi dairələrini əhatə edən kəndlərə, habelə Qonaqkənd qəsəbəsinə yeni, rahat asfalt yollar çəkilib. Bu yaxınlarda daha bir kənd yolu- Alekseyevka-Zizik yolunun asfalt örtüyü təzələnmişdir.

Rayon mərkəzindən xeyli aralıda yerləşən Aşağı Tüləkəran-Gültəpə yolunda inşaatçıların gərgin çalışdığının şahidi oluruq. Burada ölkə Prezidentinin müvafiq sərənacamına uyğun olaraq 5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Amsar - Əski İqriq-Gültəpə - Möhüc - Aşağı Tüləkəran - Yenikənd - Tülər - Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri aparılır. Yolun bir hissəsində torpaq işləri görülür, bir hissəsində suötürücü bəndlər qurulur, arxlar çəkilir, digər hissəsinə isə asfalt örtük döşənir.

Yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "8 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi" MMC tərəfindən həyata keçirilir. Görülən işlər barədə iş icraçısı Nazim Umudov məlumat verərək bildirir ki, yolun ümumi uzunluğu 29 min 600 metrdir, eni mövcud vəziyyətə uyğun 8-10 metr həddindədir. Asfalt qatın hündürlüyü 12 santimetr, eni 6 metrdir. Qısa müddətdə 2 kilometr yola asfalt örtük döşənmiş, Ağçayın Tülər kəndi ərazisindən keçən hissəsində 18 metr uzunluğunda keçid körpüsünün inşası başa çatdırılmışdır. Qeyd edim ki, bundan əlavə, 13 kilometr yol boyunda 24 ədəd suötürücü kanal çəkiləcək. Tikintiyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunmuş, işdə heç bir çətinliyimiz yoxdur. Yolun tikintisi ilin sonuna qədər nəzərdə tutulmuş vaxtda başa çatdırılacaqdır.

Yeni yolun tikintisi bu kəndlərin sakinləri arasında böyük razılıq hissilə qarşılanıb. İllərlə yolsuzluqdan əziyyət çəkən bu insanların sevincinin həddi-hüdudu yoxdur. Hamı bu xeyirxah təşəbbüsü alqışlayır, ölkə rəhbərinə öz dərin minnətdarlığını ifadə edir. Gültəpə kənd sakini Rüstəm İsayev deyir ki, bu yol bizim kəndlərin həyatında çox böyük hadisədir. 50-60 il bundan əvvəl çəkilən yollar tamamilə dağılıb sıradan çıxmış, bərbad hala düşmüşdü. Camaat çox böyük çətinliklə üz-üzə qalmışdı. Təzə yolun çəkilişi isə mən deyərdim ki, kəndlərimizə rahat həyat gətirəcək. Ailələrin iqtisadi durumunda böyük dönüş yaranacaqdır. Bu qayğı və diqqətə görə möhtərəm Prezidentimizə camaatımız adından dərin təşəkkürümüzü bildiririk.

Bəli, yol mədəniyyət, inkişaf deməkdir. Çox keçməyəcək ki, bu kəndlərin asfalt yolları insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, bu yerlər həm də gözəl turizm məkanına çevriləcəkdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".