Toz burulğanı Türkiyədə havanın çirklənməsini artırıb
Sosial həyat

Toz burulğanı Türkiyədə havanın çirklənməsini artırıb

Yaxın Şərq və Şimali Afrika səhralarındakı toz burulğanı artıq Türkiyədə də özünü göstərir. Havanın temperaturu yüksəldikcə polen hücumu və səhra tozu eyni anda hava sahəsində bir-birinə qarışıb. Həkimlər səhra tozunun ağciyərləri hədəf alacağı barədə xəbərdarlıq etsələr də, xəstəliklərə səbəb olan polenlərin yaratdığı allergiya riski daha yüksəkdir. Verilən məlumata görə, toz burulğanı nəticəsində toz qatı atmosferin yuxarı təbəqələrinə qalxır. Bu səbəbdən, Türkiyədə palçıqlı yağışın yağması müşahidə olunur.

Aparılan monitorinq nəticəsində müəyyən olunub ki, Türkiyənin hava atmosferində tozlanma normadan 2,5 dəfə çox olub. Polen yayılmasının yüksək olduğu mövsümdə Egey və Mərmərə bölgələri daha çox təsirə məruz qalıb. Şimali Afrikadan yüksələn səhra tozları başda cənub bölgələri olmaqla bütün Türkiyəyə təsir edib.

Ekoloq və həkimlərin fikrincə, hər hansı səbəbdən havanın tərkibi dəyişərsə, bu, havanın zəhərlənməsinə də gətirib çıxarır. Havada karbon qazının miqdarının artması isə insanlarda bəzi ciddi xəstəliklər yaradır. Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər vardır ki, onlar orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirir və zəhərli maddələr istehsal edir.

"Bu toz hissəcikləri tənəffüs yollarına çökür və nəticədə yad maddələr şəklində insan orqanizminə daxil olur. İmmuniteti zəif olan insanlara toz daha pis təsir göstərir. Tənəffüs yollarında problemi olan insanlar üçün də toz daha təhlükəlidir. Tozlu havalarda insanlara mütləq şəkildə məlumat verilməlidir. Hamilə qadınlara və uşaqlara da bu cür hava mənfi təsir edir. Ona görə uşaqların belə havalarda qalması gələcəkdə onlarda astma xəstəliklərinə yol aça bilər". Mövzu ilə bağlı açıqlamasında daxili xəstəliklər uzmanı Mehmet Gümüş bildirib ki, son vaxtlar iqlim dəyişmələri səbəbindən həm tozcuqların yayılması, həm də səhra tozları artıb. "İqlim dəyişmələri ağac və ot tozcuqlarını və kifləri artırıb. Onlar canlı mühitə daha çox çiçək tozcuqları buraxmağa başlayıblar. Tozun içərisində yer alan alergenlər və ağır metallar isə insan sağlığına mənfi təsir edir. Bunu xəstəxanaya bu günlərdə gələn çox sayda insanlarda daha çox müşahidə edirik. Havada tozun çox olduğu bir zamanda insanlarda qrip kimi xəstəliklərin artdığını görürük. Amma yaşlı və xroniki xəstəliyi olan insanları birbaşa reanimasiya şöbələrinə yerləşdiririk. Çünki bu kimi hallarda daha çox ürək və ağciyər xəstəliklərindən insanlar dünyalarını dəyişir. Bu səbəbdən də mənə görə hər kəs havaya cərrahi maskalarla çıxmalıdır. Belə havalarda meteohəssas insanların evdə olmaları məsləhətdir. Havanın temperaturunun birdən-birə 5-6 dərəcə yuxarı qalxmasının ürək xəstəliyi olan insanlara da mənfi təsiri var. Bunu nəzərə alıb meteohəssas, ürək problemi olan insanların daha diqqətli olmalarını tövsiyə edirik.

Havada toz qatının olması psixoloji problemlər yaradır ki, bu da insanların əhvali-ruhiyyəsinə ciddi təsir edir. Xüsusən astma xəstəliyi və allergiyası olan insanlara dəyişkən hava müəyyən qədər problemlər yaradır. Toz müxtəlif növ allergiyalar, bronxial astma, böyrək, mədəaltı vəzi, ürək və tənəffüs orqanlarının xəstəliklərinə səbəb olur, xroniki xəstəliklərin ağırlaşmasına və yeni patoloji proseslərin baş verməsinə, hətta ağciyər xərçənginin yaranmasına belə gətirib çıxarır. Tozlu hava göz kataraktası olan xəstələrə də təsirsiz ötüşmür. Bu adi hava şəraiti deyil. Ona görə insanlar ehtiyatlı olmalıdırlar".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.