Kütləvi məzarlıqlar erməni vəhşiliyinin isbatıdır
Digər xəbərlər

Kütləvi məzarlıqlar erməni vəhşiliyinin isbatıdır

Yenə də erməni vəhşiliyi, terror dəhşətləri. İzlədikcə dəhşətə gəlirsən. İnsan belə vəhşilikləri necə törədə, başqa birinə zülm verməkdən həzz ala bilər? Törətdikləri cinayətlər erməni vəhşiliyinin nəticəsidir. Aşkarlanan kütləvi məzarlıqlar da bunu təsdiqləyir.

Avqustun 1-dən 15-ə kimi aparılan qazıntı axtarış işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal olunan insan qalıqları tapılmışdır. Ermənilər həmin insanlara işgəncə, zülm verərək öldürüb, çirkab suların axıdıldığı ərazidə basdırmışlar. Əsir və yaxud da girov götürülən soydaşlarımızın cəsədləri üzərində müxtəlif cür zorakılıq əməlləri aşkar edilib. Həmin cəsədlərin qarın nahiyəsində mismarlar olduğu müəyyən olunub. Verilən məlumatlara görə bu, vaxtilə əsirlikdə olan insanlara məcburən mismar uddurulması nəticəsində baş verib. Eyni zamanda tapılan meyitlərdə kəsici-deşici alətlərlə yetirilmiş xəsarətlər, güllə izləri, ətraf əzalarının kəsilməsi halları da aşkar edilib. Bu, bir daha onu göstərir ki, Şuşa həbsxanasında azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib. Aşkarlanan bu məzarlıq da həmin vəhşi əməllərin bariz nümunəsidir. Ermənilər əsir və girov götürdükləri azərbaycanlıları vəhşicəsinə qətlə yetirib, kütləvi şəkildə basdırıblar. Onu da qeyd edək ki, Şuşa həbsxanasında saxlanılan girov və əsirlər üçün həmin məkan sanki ölüm zonası hesab edilirdi. Çünki həmin ərazidə saxlanılan çox az adam sağ qala bilib. O da möcüzə nəticəsində. Bu gün erməni vəhşiliyini bütün dünya, beynəlxalq təşkilatlar, komitələr görməli və lazımi ölçü götürməlidirlər.

Bundan əvvəl də iyun ayında Şuşa həbsxanasının ərazisində daha bir kütləvi məzarlıq aşkar edilmişdi. Kütləvi məzarlıqlar yalnız Şuşa ərazisində mövcud deyil. İndiyədək Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində də tapılıb.

Ermənistan keçən 30 il ərzində azərbaycanlılara qarşı terror aktları və qeyri-insani davranışlar həyata keçirib. Hazırda da həmin vəhşi davranışların izləri işğaldan azad olunmuş Qarabağda aşkarlanmaqdadır. Bu vəhşiliklər təkcə hərbçilərə deyil, eyni zamanda, mülki əhaliyə qarşı da törədilib. Eyni işgəncələr yaşlı insanlara, qadınlara, uşaqlara da edilib. 1990-cı illərdə Kəlbəcəri və Laçını tərk edən yerli əhaliyə tutulan divan yaddaşlarda Başlıbel faciəsi kimi qalıb.

Şuşa həbsxanasının ərazisində tapılmış kütləvi məzarlıq nə birincidir, nə də axırıncı olacaq. Çünki gəlinən qənaət belədir ki, kütləvi məzarlıqlar Qarabağ ərazisində olduqca çoxdur. Ermənilər işğal dövründə əsir və girov götürdükləri insanları vəhşicəsinə qətlə yetirərək, cinayət izlərini itirmək üçün kütləvi şəkildə basdırmışlar. Elə o səbəbdən də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi haqqında heç bir məlumat yoxdur. Ermənistan tərəfi bu günə qədər həmin şəxslər haqqında məlumatları Azərbaycana təqdim etməyib. Çünki ermənilər əsir və girov götürülmüş azərbaycanlıları vəhşicəsinə qətlə yetirib, kütləvi şəkildə dəfn ediblər. Tarix sübut edir ki, Ermənistan son 30 il ərzində ört-basdır etməyə çalışdığı qanlı və qaranlıq keçmişini gizlədə bilməyəcək. Zaman ən böyük hakimdir.

İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan məzarlıqlar əsl erməni xislətinin, barbarlığının və vəhşiliyinin bariz nümunəsidir. Törətdiyi hərbi cinayətlərə və vəhşiliklərə görə Ermənistan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməlidir. Hələ də öz hüquqi qiymətini almayan faciələr sırasında ən qəddarı isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən soyqırımıdır. Hələ də Xocalıda girov götürülən 1275 nəfərdən 150-nin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Eyni zamanda, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakini dəhşətli işgəncələrlə qətlə yetirib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. 1992-ci ilin yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxın itkinin də taleyi hələ də məlum deyil. Daha bir dəhşətli cinayət 1993-cü il martın 31-də törədilib. Kəlbəcər rayonunda "Tunel" adlanan ərazidə 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb. Güman edilir ki, bu ərazidə də kütləvi məzarlıq var. Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Kəlbəcərin Başlıbel kəndidir. 1993-cü il aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilmədiklərinə görə ermənilərdən qorunmaq məqsədilə kəndin yaxınlığındakı kahalara sığınmışdılar. Aprelin 18-də ermənilər onlardan 14 nəfərini girov götürmüş, 18 nəfəri isə qətlə yetirmişdilər. Bəli, özlərini yazıq, fağır cildində dünyaya göstərmək və mədət diləmək istəyən Ermənistanın əslində əsl siması budur. Cani, vəhşi, barbar və cinayətkar.

Ramidə YAQUBQIZI,

"Respublika".