Qərb bloku və ABŞ eyforiyaya qapılıb
Siyasət

Qərb bloku və ABŞ eyforiyaya qapılıb

Amerika Birləşmiş Ştatları üçün dünyada artıq daşlaşmış bir ifadə işlədilir - "öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtaran". Həqiqətən də bu gün öz keçmişini, bu gününü unudan Amerika Birləşmiş Ştatları başqalarının işinə burnunu soxur, hər hansı bir dövlətin işlərinə "qulp qoymaq" siyasətini davam etdirir.

Son dövrlərdə gözünü Cənubi Qafqaza dikən ABŞ regionun lider dövləti olan Azərbaycanla hesablaşmadan öz maraqlarını diktə etməyə çalışır. Hadisələrin bu fonda cərəyan etməsi isə təbii ki, bölgəyə yad qüvvələrin daxil olması və buradakı sabitliyi pozması ilə nəticələnə bilər. Bu baxımdan, ölkəmiz bütün təhlükələrin fərqindədir və məkrli planları hər dəfə fiaskoya uğradır. Baş verən uğursuzluqların ardınca eyforiyaya qapılan Qərb bloku və ABŞ isə yeni cızma-qaralar, əhəmiyyətsiz qətnamələrlə bizi qorxutmağa cəhd edir.

Belə ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2023-cü il üzrə insan haqlarına dair açıqladığı hesabatında Azərbaycana aid hissəsində yenə qərəzli, reallığı əks etdirməyən məlumatlar dərc edilib. Bu tipli hesabatların əsas məqsədi isə digər ölkələrə təzyiq etməkdən ibarətdir. Öz qüsurlarını ört-basdır etmək istəyən Ağ Ev Cənubi Qafqazın sabit ölkəsi olan Azərbaycana böhtan atmağa davam edir. Özünü dünyanın "ağa"sı hesab edən ABŞ 1977-ci ildən bəri hər il hazırladığı bu hesabatda öz ölkəsində baş verənləri cidd-cəhdlə gizlədir, ört-basdır edir. 2020-ci il mayın 25-də polis tərəfindən boğularaq öldürülən qaradərili gənc Corc Floyd, Prezident İlham Əliyevin də adını çəkdiyi jurnalist Culian Assanj və digəri insan haqlarının pozulması faktlarının üzərini örtməyə çalışan ABŞ digər ölkələr haqqında hansı haqla hesabat hazırlayır? Üstəlik, bu hesabatlar 2-ci və 3-cü dərəcəli ABŞ diplomatları tərəfindən sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən aparılır. Digər tərəfdən bu məsələdə erməni lobbisinin əlinin olduğu açıq-aşkar hiss olunur. Çünki hazırlanan qərəzli hesabatda sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bəhs edilir. ABŞ Dövlət Departamenti hesabatında vurğulayır ki, guya bunun nəticəsində demək olar bütün erməni əhali bölgəni tərk edib. Eyni zamanda burada məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından bəhs edilib. Buradan da aydın olur ki, Amerika Erməniləri Milli Komitəsi (AEMK) hesabata birbaşa müdaxilə edib.

Azərbaycan ötən ilin sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticəsində bölgədə separatizmin kökünü birdəfəlik kəsmişdir. Bu ərazidə yaşayan erməni sakinlərin köç etməsinə isə heç bir maneə yaradılmamışdır. Üstəlik, Azərbaycan hökuməti tərəfindən həmin şəxslərə reinteqrasiya fürsəti də verilmişdir. İkinci bir tərəfdən xunta rejiminin bəzi "rəhbərlər"i saxlanılaraq Bakıya gətirilmişdir. Həmin şəxslərin isə əli birbaşa və ya dolayısıyla azərbaycanlıların qanına batmışdır. Yəni ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı hər hansı bir əks fikir bildirməsi tamamilə yersiz və istehza doğurur. Bütün bu cəhdlər Qərb və ABŞ-ın Prezident İlham Əliyevin təbirincə, regionda ayırıcı xətlər yaratmaq cəhdləridir.

Əgər Amerika Birləşmiş Ştatları həqiqətən də düzgün hesabat hazırlamaq və insan haqları sahəsinə "nəzarət" etmək istəyirsə, ilk növbədə, sosial mediada yayılan, həqiqətdən tamamilə uzaq şayiələrdən qaçmalı, tam olaraq təsdiqlənmiş real məlumatlar fonunda məsələni hesabata daxil etməlidir. Üstəlik, bu hesabatlar hazırlanarkən ABŞ-da olan hüquq pozmaları da nəzərə alınmalıdır. Belə ki, ABŞ-da dini və etnik zəmində qətllərin nisbəti 2011-ci ildə 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. Eyni zamanda öldürülənlərin 14,1 faizi sırf dini nifrət zəminində, dini mənsubiyyətinə görə olub. Qətllərin yarıdan çoxu isə antisemitizm və islamafob təzahürlüdür. Bütün bunların fonunda Azərbaycan isə sabitlik və təhlükəsizlik adası, tolerantlığın vətəni hesab olunur. Həmçinin Azərbaycanın heç bir dövrdə öz ərazilərindən başqa digər dövlətin sərhədinə göz dikməyib, öz torpaqlarımızdan başqa yerlərdə zorla məskunlaşmağa cəhd etməyib.

Son 200 ildə ermənilər isə azərbaycanlıların tam əskinə olaraq, onlara məxsus olmayan torpaqlarda sırf təəssübkeşlik hesabına yerləşməyə nail olublar. Bu gün isə həmin hayların hüquqlarından ağızdolusu dəm vuran Ağ Ev nədənsə Qəzza hadisələri barədə susmaqda qərarlıdır. Bu da təbiidir. Çünki ABŞ tərəfindən İraqda, Əfqanıstanda demokratiya adı altında uzun müddət bəşəri cinayətlər törədilib. Azərbaycan isə heç bir dövlətin ərazisində beynəlxalq hüququn norma və prinsiplərini pozmayıb. Ölkəmizin imicinə xələl gətirmək istəyən xarici qüvvələr erməni lobbisinin də eyforiyasına qapılaraq bu cür sərsəm hesabatlar dərc edirlər. Bütün bunlar təbii ki, əhəmiyyətsiz xarakter daşıyır.

Ümumilikdə anti-Azərbaycan bəyanatları verməklə, Ermənistana "dəstək" göstərməklə ölkəmizi haqq işindən çəkindirməyə çalışanlar sadəcə boş xülyalarla yaşayırlar. Ölkəmiz hələ ki, bu kimi cılız hərəkətlərə reaksiya vermir. Lakin Prezident İlham Əliyevin də dediyi kimi: "Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".

Tacir SADIQOV,

"Respublika".