Problemlər hələ də qalır...
Region

Problemlər hələ də qalır...

Ölkəmizdə bələdiyyə institutunun təkmilləşdirilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətinin artırılması daim diqqət mərkəzindədir. Bu sahədə dövlət, vətəndaş cəmiyyətləri və eləcə də bələdiyyələr bir sıra əhəmiyyətli tədbirlər həyata keçirirlər.

Ağsu rayon Növcü kənd bələdiyyəsinin sədri Samirə Dəmirova bildirdi ki, 2019-cu ildən başlayaraq bir çox problemləri, eləcə də vətəndaşların, şəhid ailələrinin, vətən müharibəsi iştirakçıları və qazilərin torpaqla, əmlakla, mülkiyyətlə bağlı problemlərini yerindəcə həll etməyə çalışmışıq. Bu dövr ərzində kənddə su problemini həll etmək üçün 40 min metr uzunluğunda kənddaxili yeni arxları çəkilib və istifadəsiz qalan su arxları bərpa edilərək vətəndaşların istifadəsinə verilib. Hansı ki, bu arxlar 30 il idi ki, istifadəsiz qalmışdı. İndi isə görülən işlərin sayəsində taxıl zəmiləri suvarılır və məhsuldarlıq yüksəlir. Əgər əvvəllər bir hektar sahədən 12 sentner taxıl əldə edilirdisə, indi isə eyni sahədən 35-40 sentner taxıl toplanır.

Qarəvəlli kəndində yol kənarında 2 dayanacaq quraşdırılmışdır. Kəndin ara yollarını çınqıl və daş örtüyü ilə bərpa etmişik. Hər il 2 dəfə yaz və payız aylarında kənd qəbiristanlıqlarında quruculuq, abadlıq və bərpa işləri aparılır.

Kənd bələdiyyəsinin qarşılaşdığı çətinliklərə toxunan sədr qeyd etdi ki, əsas problemlərimiz vergi ödənişi ilə bağlıdır. 2023-cü ilin statistik məlumatlarını əsas götürsək, Növcü bələdiyyəsində 367 vergi ödəyicisinin il ərzində ödənişləri 42 000 manat olmalıdır. Ancaq ödənişlər heç də ürəkaçan deyil, yəni ötən il üzrə cəmi 12 000 manat ödəniş olunmuşdur. Bu da bəzi problemlərin həlli üçün qənaətbəxş deyildir.

Vətəndaşın bələdiyyəyə vergi borcu ola-ola onlar indiki halda alqı-satqı əməliyyatını gərçəkləşdirə bilirlər. Bunu düzgün hesab etmədiyimizdən təklif edirəm ki, belə əməliyyatlar icra olunarkən vətəndaşın bələdiyyəyə borcunun olub-olmaması ilə bağlı arayış tələb edilsin. Digər tərəfdən dövlət tərəfindən vətəndaşa hər hektarına 220 manat subsidiya verilir, təklif edirəm ki, bunun ödənməsi üçün vergi borclarının olub-olmadığı bilinsin və nəzərə alınsın.

Əks təqdirdə, vergi borcları verilmədiyi üçün həmin vəsait ya ödənməsin, ya da subsidiyalardan birbaşa tutulsun. Belə olarsa bələdiyyələr yerli əhalinin qarşılaşdığı bir sıra cari problemləri həll etmək üçün vəsait tapar.

Əgər bu gün bələdiyyələr öz vəsaitləri hesabına tədris, tibb, idman, mədəniyyət müəssisələri, ticarət, məişət, ictimai iaşə obyektləri tikib istifadəyə verərsə, yol çəkər, park salar, kimsəsizə, qocaya, uşağa, imkansıza köməklik göstərər və xeyir-şər məclislərinin keçirilməsinə öz köməkliyini göstərə bilər. Bununla da bələdiyyənin fəaliyyəti və rolu cəmiyyətdə genişlənər və kənd sakinlərinin həyat şəraiti durmadan yaxşılaşar.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".