Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə səmərəli əlaqələrə xüsusi önəm verir
Digər xəbərlər

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə səmərəli əlaqələrə xüsusi önəm verir

Müstəqil siyasət yürüdən Azərbaycanın inkişaf strategiyasında, tərəqqiyə hədəflənmiş uğurlu siyasətində türk dövlətlərinin birliyi, bu birliyin möhkəmləndirilməsi prioritet təşkil edir. Ölkə başçımız türk dövlətləri arasında mədəni və iqtisadi əməkdaşlığı genişləndirməyi, birgə iri layihələr həyata keçirməyin zəruriliyini fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. "Azərbaycan müsəlman aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk", - deyən Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətində müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verir.

1969-cu ildə Mərakeşin Rabat şəhərində müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısında İslam Konfransı Təşkilatı yaradılmış, 1972-ci ilin fevralında xarici işlər nazirlərinin 3-cü iclasında təşkilatın Nizamnaməsi qəbul edilmişdi. Humanizm, dözümlülük, bərabərlik, ədalət kimi insani dəyərləri qorumaq, təşviq etmək, üzv dövlətlər arasında həmrəyliyi möhkəmləndirmək, dünyada gedən qlobal proseslərdə müsəlman ölkələrinin eyni mövqedən çıxış etməsinə səy göstərmək kimi ali məqsədlərə xidmət edən təşkilatın nizamnaməsində üzv dövlətlərin öz müqəddəratlarını təyinetmə hüququna malik olması, hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması, baş verə biləcək istənilən mübahisənin sülh yolu ilə tənzimlənməsi, əsas prinsiplər kimi göstərilmişdir. 2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilmişdir.

Müstəqil ölkə kimi özünü dünyada təsdiq edən, bölgədə və dünyada etibarlı tərəfdaş olaraq qəbul edilən Azərbaycan keçmiş sovet respublikaları arasında İslam Konfransı Təşkilatına üzvlük barədə müraciət edən ilk ölkə olmuş və 1991-ci ilin dekabrında təşkilata üzv seçilmişdir. İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər sahələrdəki əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Konfransı Təşkilatının (İKT) üzvü kimi Azərbaycan o illərdə haqq səsini dünya ictimaiyyətinə çatdıra bilmişdir.

Belə ki, Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olaraq təşkilatın zirvə görüşlərində Qarabağ problemi daim diqqət mərkəzində saxlanılmış və bu barədə beynəlxalq hüquq normalarına əməl olunmasını tələb edən bir sıra bəyanatlar qəbul edilmişdir. İKT-nin Zirvə görüşləri tarixində ilk dəfə 1994-cü ildə Kasablankada "Ermənistan-Azərbaycan münaqişəsi haqqında" qətnamə qəbul edilmiş, qətnamədə Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal edən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində mülki şəxslərə qarşı edilən hərəkətlər bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilmişdir. İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına "Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunun mütəmadi salınmasına nail olunmuş, təşkilatın toplantılarında mütəmadi olaraq erməni təcavüzü qətiyyətlə pislənmiş, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxması tələb edilmiş, bu problemə dair Baş Katibin ənənəvi illik hesabatlarına, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərinə müddəalar salınmışdır.

İslam Konfransı Təşkilatının 2000-ci ildə Dohada keçirilən IX Zirvə konfransında qəbul edilmiş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" qətnaməsi işğal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlmişdir. Konfrans BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb etmiş, problemlə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilmişdir. Kasablanka Zirvə görüşündən bu günə qədər ümumilikdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 100-ə yaxın qətnamə qəbul edilmiş, bəyanatlar verilmişdir.

Müstəqil siyasət yürüdən dövlətimiz İƏT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində birmənalı və dəyişməz mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - İCESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir. Bu günlərdə İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad etdiyi Ağdam və Füzuli şəhərlərində faktaraşdırıcı missiya həyata keçirməsi uğurlu əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti Füzulidə olmuş, ermənilər tərəfindən dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirmiş, o cümlədən Qaraxanbəyli məzarlıqları, Merdinli məscidi, eyni zamanda şəhərin tarixi mərkəzində dağıntılara məruz qalmış sosial və mədəni obyektlərin monitorinqini aparmışdır. İƏT MDİHK-in sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdamın işğalı dövründə Ermənistan tərəfindən dağıdılmış yaşayış binalarına, dini, mədəni və tarixi abidələrə də baxış keçirmiş, Qiyaslı və Qarağacı məzarlıqlarının, Şəhidlər xiyabanının, Cümə məscidinin yerində monitorinq aparmışdır.

Bütün bunlar isə müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verən Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirdiyinin, dövlət başçımızın uğurlu xarici siyasət kursunda İƏT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyinin əyani təzahürüdür.

Mehparə ƏLİYEVA,

"Respublika".