Təmiz və yaşıl dünya naminə
Ekologiya

Təmiz və yaşıl dünya naminə

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkədir. Vətən müharibəsində tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan araşdırmalar nəticəsində bəlli oldu ki, buradakı su ehtiyatlarından enerji almaq üçün də istifadə etmək olar.

Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensiallarının mövcudluğu ilə yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli imkan var. Bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda ilkin araşdırmalara əsasən Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib.

COP29 ölkəsi olaraq Azərbaycanda bu cür enerji qaynaqlarının olması və onlardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz 2030-cu ilədək və ondan sonrakı dövrdə "yaşıl enerji", iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir. Hazırda Odlar yurdunda iqlim dəyişmələrinə qarşı mübarizə yüksək səviyyədə aparılır. Respublikamızda istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək 40 faiz azaldılması nəzərdə tutulub. Daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə "yaşıl enerji" planlarının 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox "yaşıl enerji" güclərinin reallaşdırılması mümkün olacaq. İlin sonunadək texniki-iqtisadi əsaslandırması hazır olacaq "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi Azərbaycanı bərpaolunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkəyə çevirəcək.

COP29 yüksək beynəlxalq standartlara uyğun səviyyədə baş tutacaq. Ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin yaxın keçmişdə örnək sayılacaq səviyyədə keçirilməsi bu fikrə əminlik yaradır. Dövlətimizin siyasi iradəsi, xalqımızın qonaqpərvərliyi, könüllülərimizin təcrübəsi, peşəkarlığı, paytaxtımızın infrastrukturu və sair amillər COP29-un da yüksək səviyyədə baş tutmasına imkan yaradır. Tədbir miqrasiya və turizm sahələrinin inkişafı baxımından da çox əhəmiyyətlidir. COP29-da müxtəlif dövlətlərin pavilyonları fəaliyyət göstərəcək. Hər dövlət özünün müvafiq sahələr üzrə uğurlarını nümayiş etdirdiyi kimi, eyni zamanda Azərbaycan da "yaşıl enerji" sahəsində qazandığı nəticələri təqdim edəcək. Bu isə şirkətlərarası, hökumətlərarası, dövlətlərarası yeni işbirliklərinin qurulması, inkişaf etdirilməsi, təcrübə və uğurların mübadiləsi, bundan irəli gələn müəyyən sənədlərin imzalanması və digər məsələlər baxımından önəm daşıyır.

Beləliklə, iqtisadi tərəqqi meyillərinin məhz həmin yöndə formalaşmasına səbəb ola biləcək mühit yaradılacaq. Buna əsasən, aprelin 24-də COP29-da iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbuluna başlanılıb. COP tədbirlərində geniş təcrübəyə sahib olan "Orientations.events" şirkəti vahid prosesin təşkili və icrası üzrə tərəfdaş seçilib. Dövlətlərin iştirakını asanlaşdırmaq üçün rəqəmsal platforma olan "COP29 nümayəndəlik xidmətləri portalı" maraqlı tərəflərin istifadəsinə təqdim edilib. Portal nümayəndə heyətlərinə konfransda iştirak üçün maraqlarını ifadə etməyə imkan verir.

Bundan başqa, fərqli məkanlarda xarici nümayəndələrlə davamlı olaraq görüşlər keçirilir, COP29-la bağlı maarifləndirmə aparılır. Təkcə bu həftə ADA və ADNSU-da beynəlxalq konfranslar baş tutub. Tədbirlərdə bir çox ölkələrdən olan alimlər, mütəxəssislər iştirak ediblər. ADA Universitetində baş tutan görüşdə iştirak edən Prezident İlham Əliyev bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsindəyik. Bizim bir ildən az vaxtımız var idi və yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq. Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

COP29-un ölkəmizdə keçirilməsi həqiqətlərimizi həmin platformadan irəli gələn imkanlarla daha yaxşı təqdim edəcəyik. Bu konfrans genişhəcmli, çoxşaxəli sosial-iqtisadi, ictimai-siyasi yanaşmaların formalaşmasına, pozitiv yeniliklərə gətirib çıxaracaq. Bundan başqa, COP29-un baş tutacağı Bakı Olimpiya Stadionu vahid məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcək. Rəsmilər bildirir ki, BMT-nin təşkilatçı qrupu ilə birgə Stadionun ərazisinin COP29-un Göy və Yaşıl Zonalarına ayrılması işi son mərhələdədir.

Töhfə SƏMƏDOVA,

"Respublika".