Əqli mülkiyyətin qorunması zamanın tələbidir
Sosial həyat

Əqli mülkiyyətin qorunması zamanın tələbidir

Hər il aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir. Həmin tarix Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə təsis edilib. Bununla yanaşı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında Konvensiya 1970-ci il aprelin 26-da qüvvəyə minib. Qeyd edək ki, 1974-cü ildə ÜƏMT Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatına çevrildi. Təşkilat qanunların formalaşdırılması, əqli mülkiyyətin qeydiyyatı və onun qorunması üçün üzv dövlətlərlə əməkdaşlığa əsaslı töhfə verməyə başladı. 1883-cü ildə Sənaye Mülkiyyətinin Mühafizəsi üzrə Paris Konvensiyasının imzalanmasından sonra əqli mülkiyyətin qorunması daha da gücləndirildi. Xüsusilə, müxtəlif ixtiraları, ticarət nişanlarını və sənaye nümunələrini qorumaq bu yolla daha əlçatan oldu.

Bu günü qeyd etməyin ən yaxşı yolu əqli mülkiyyətin qorunması ilə bağlı müxtəlif qanunlar haqqında maarifləndirmədir. İnnovasiya yaradıcılıq və intellektual xüsusiyyətləri qoruduğumuz zaman daha çox inkişaf edir. Bu da inamı artırmağa, yaratdığımız bədii və elmi əsərlərin tanınmasına kömək edir. Daha çox yeniliklər etməyə, dünyaya yaxşı layihələr təqdim etməyə yardımçı olur. Bununla belə, əqli mülkiyyət qorunmayanda və piratçılığa yol verildikdə, onlar başqaları tərəfindən açıq hədəfə rast gəlirlər. Sözsüz ki, bu da mənəviyyatı, yenilik və yaradıcılıq hissini daha da aşağı sala bilər. Digər tərəfdən, Beynəlxalq Əqli Mülkiyyət Gününün digər bir vacib istiqaməti rəqəmsal dövrün problemlərini və imkanlarını nəzərdən keçirməkdir. Rəqəmsal texnologiyaların və internetin inkişafı ilə əqli mülkiyyət məsələləri daha da mürəkkəbləşib. Onlayn cinayətlər, saxtakarlıq və müəllif hüquqların pozuntuları kimi problemlər yaradıcılıqla məşğul olan şəxslər üçün ciddi problemlər yaradır. Digər tərəfdən, rəqəmsal texnologiya yaradıcılara qlobal auditoriyaya çatmaq və yaradıcılığından pul qazanmaq üçün yeni imkanlar da təqdim edir. Qeyd edək ki, 2024-cü il "Ümumi Gələcəyimizi İnnovasiya və Yaradıcılıqla Qururuq" mövzusuna həsr olunub və builki Ümumdünya Əqli Mülkiyyət Gününü qeyd etmək üçün onlarla ölkədə 150-yə yaxın tədbir nəzərdə tutulur.

Ölkəmiz isə 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Əqli mülkiyyət sahəsində bir sıra beynəlxalq konvensiyaların üzvüdür. 2001-ci ildən başlayaraq isə hər ilin bu günü bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi tədbirlər, konfranslar və yığıncaqlarla qeyd edilir. Qeyd etmək lazımdır ki, sözügedən gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınması ilə bağlı görülən işlər hələ də kifayət etmir. Eyni zamanda bu əlamətdar günlə bağlı keçirilən müxtəlif növ tədbir, görüş, dəyirmi masa, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq şəkildə göstərməkdən ibarətdir.

Prezident İlham Əliyevin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin, Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Xüsusilə müəllif hüquqlarının qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi məsələsi agentliyin əsas vəzifəsidir. Bununla yanaşı, sözügedən agentliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

2021-ci ilin aprel ayında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında innovativ fəaliyyətin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların inkişafını və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən publik hüquqi şəxsdir.

Mövcud sistemin təkmilləşdirilməsi və inklüziv dəyişmələrin həyata keçirilməsi Əqli Mülkiyyət Agentliyində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir. Bu sahədə tətbiq edilən "vahid pəncərə" və "istənilən yerdən xidmətə əlçatanlıq" prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin edib, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərir, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldir.

Əqli mülkiyyətin qorunması ətrafında yeni fikirlərin ortaya çıxarılması və fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi üçün bundan sonra da mühüm addımlar atılacaqdır.

Nurlan ABDALOV,

"Respublika".