Məşğulluq sahəsində qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxs barəsində cinayət işinin istintaqı başa çatdırılıb
Digər xəbərlər

Məşğulluq sahəsində qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxs barəsində cinayət işinin istintaqı başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş vəzifəli şəxsinin dövlət büdcəsi vəsaitlərinin təyinatından kənar istifadəsi ilə bağlı həmin qurumdan daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla Rövşən Xəlilovun ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləyərkən tanışı Gülgün Nəsirova ilə qabaqcadan əlbir olaraq müxtəlif şəxslərə məxsus ümumilikdə 4900 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməsinə, işlədiyi quruma məxsus olan və ona etibar edilmiş 6200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talamasına, faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün 11 min 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 32.4,312.2-ci (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı Rövşən Xəlilov tərəfindən vurulmuş ziyan tam həcmdə ödətdirilib.

AZƏRTAC