DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

EMMANUEL MAKRONDAN AVROPANIN “ÖLÜMÜ” İLƏ BAĞLI XƏBƏRDARLIQ

“Avropanın sağ qalması qitənin sakinlərindən asılı olacaq, lakin onlar cəld hərəkət etməlidirlər, əks halda Avropa növbəti onilliyin sonuna kimi qlobal rəqiblərindən kənarda qalacaq”. “Le Figaro” nəşrinin xəbərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Sorbonnada hökumətinin Avropa siyasəti haqqında  çıxışı zamanı bəyan edib.

“Avropa ölə bilər, bu, yalnız bizim seçimlərimizdən asılıdır”, - deyə Fransa lideri bildirib. Onun sözlərinə görə, Avropa dönüş nöqtəsindədir, sürətlə silahlanan qlobal rəqiblərlə rəqabət aparmaq üçün daha çox işlər görməlidir.

Emmanuel Makron həmçinin qeyd edib ki, qlobal azad ticarət qaydalarına əsas rəqiblər tərəfindən meydan oxunduğu bir mühitdə Avropa iqtisadi cəhətdən geri qalmaq riski ilə üzləşir, buna görə də böyümə modeli nəzərdən keçirilməlidir.

Eyni zamanda, Fransa prezidenti Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə imkan verilməməsi, Avropanın kibertəhlükəsizlik imkanlarının artırılması, yüksək səviyyəli hərbi kadrların yetişdirilməsi üçün Avropa Akademiyası yaradılmasının vacibliyini vurğulayıb.

ALMANİYA NİGERDƏKİ MÖVCUDLUĞUNU DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR

Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Avropa Nigerdəki mövcudluğunu qorumalıdır. “Report” agentliyinin məlumatına görə, bu barədə nazir “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

Müdafiə nazirinin sözlərinə görə, Almaniya regionda fəal qalmaq niyyətindədir: “Bizim nöqteyi-nəzərimizdən Avropanın Nigerdə mövcudluğunu davam etdirməsi vacibdir. Regionda fəallığımızı sabitliyin daha da pozulmasına töhfə verən başqalarının öhdəsinə buraxmamalıyıq”.

Bununla yanaşı, Boris Pistorius qeyd edib ki, Sahel bölgəsində gələcək sabitliyin pozulmasının Avropa üçün istər terror, istərsə də qeyri-qanuni miqrasiya baxımından çox spesifik nəticələri olacaq.

Xatırladaq ki, 2023-cü ildə Nigerdə hakimiyyətə gələn üsyançılar Fransa ilə hərbi razılaşmaları pisləyib, fransız qüvvələrin ölkədən çıxarılmasını tələb ediblər. Nəticədə Nigerdə qalan fransız kontingentinin sonuncusu ötən ilin dekabr ayında bu ölkəni tərk edib.

İRANDA MƏŞHUR FƏAL EDAM CƏZASINA MƏHKUM EDİLDİ

İran hakimiyyəti əleyhinə keçirilən ümumxalq etirazları zamanı həbs edilən reper Tumac Salehi edam cəzasına məhkum edilib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə onun vəkili məlumat verib.

Xəbər verilir ki, T.Salehi ölkə rejimi tərəfindən tez-tez fəallar və məhkumlara qarşı istifadə edilən “fitnə-fəsad salmaq” ittihamı ilə mühakimə olunub.

Reper 2022-ci ilin oktyabrında rejimə qarşı ümumxalq etirazları ilə əlaqədar həbs edilib. İran mediası onu “iğtişaşların liderlərindən biri” adlandırır.

Tumac Salehi ötən ilin iyulunda 6 il 3 ay həbs cəzasına məhkum edilsə də, İran Ali Məhkəməsi ilkin hökmdə “nöqsanlar” aşkar etdikdən sonra onu zaminə buraxıb. O, həbsdə olarkən işgəncələrə məruz qaldığını bildirən video yayımladıqdan sonra dekabrda yenidən həbs edilib.

BEXTEREV XƏSTƏLİYİNİN MÜALİCƏSİ ÜÇÜN İLK DƏRMAN QEYDİYYATA ALINIB

Rusiya Səhiyyə Nazirliyi Bexterev xəstəliyinin müalicəsi üçün dünyada ilk dərmanı qeydiyyata alıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Dərmanı qeydiyyata aldıqdan sonra istehsalçı şirkət sənaye istehsalına başlaya bilər”, - deyə məlumatda vurğulanır.

Bildirilir ki, hazırlanmış dərman bədənin öz hüceyrələrinə hücum edən patoloji T-limfositləri məhv etməyə imkan verir. İlkin klinik tədqiqatlar xəstəliyin gedişatının bütövlükdə orqanizmin immun sisteminin fəaliyyətini azaltmadan dayandırıldığını təsdiqləyib.

Məlumat üçün qeyd edək ki, Bexterev xəstəliyi ankilozlaşdırıcı spondilit adlanır. Ankilozlaşdırıcı spondilit - ağrılı, kəskinləşən, fəqərə qırılmasına və osteoparoza səbəb olur. Əsasən onurğanı əhatə etsə də, oynaq və bağlara, bəzən hətta göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərir. Oma və çanaq sümükləri arasında oma-qalça oynağı ankilozlaşdırıcı spondilitin başladığı yer sayılır.

VLADİMİR PUTİN DÖYÜŞ MEYDANINDA UĞURUN SƏBƏBİNİ AÇIQLAYIB

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı bunu texnoloji imkanlarla əlaqələndirib.

Prezident qeyd edib ki, uğur texnoloji problemlərin həllinin sürəti və səmərəliliyi ilə mümkündür. Həmçinin onun sözlərinə görə, Rusiya bunun öhdəsindən uğurla gəlir.

Eyni zamanda, Vladimir Putinin fikrincə, bu məsələdə mühüm amil həm də döyüşən tərəflərdən birinin digəri üzərində texnoloji baxımdan önə keçməsindən asılıdır.

Ölkə liderinin sözlərinə görə, Rusiya bu sahədə inkişaf edir: “Süni intellektə əsaslanan texnologiyalar ölkədə inkişaf edən ən mühüm sahələrdən biridir. Dronların istehsalında belə texnologiyalardan istifadə olunur”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

ÇİNİN ORBİTAL STANSİYASI KOSMİK TULLANTILARLA TOQQUŞUB

Çinin “Tyanqun” orbital stansiyası kosmik tullantılarla toqquşma nəticəsində zərər görüb. Zərbə günəş panellərini zədələyərək stansiyada elektrik enerjisinin kəsilməsinə səbəb olub. “Sinhua” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin Kosmik Agentliyi məlumat yayıb.

Bildirilir ki, kosmik stansiyanın “Tyanhe” əsas modulu elektrik kabellərinə dəyən kosmik tullantılar səbəbindən qismən enerji itkisinə məruz qalıb.

Eyni zamanda, agentlik konkret olaraq orbital stansiyaya kosmik zibilin və ya mikrometeoritlərin fraqmentlərin dəydiyini açıqlamayıb.

Qeyd edək ki, Çinin “Tyanqun” orbital stansiyası kosmosda 10 ildən artıq fəaliyyət göstərəcək və 3 nəfər üçün nəzərdə tutulub. Orbital qurğu 2022-ci ildən normal fəaliyyətə başlayıb.

SİNTETİK ALMAZLARIN İSTEHSALI YÜZ DƏFƏLƏRLƏ SÜRƏTLƏNDİRİLİB

Cənubi koreyalı alimlər sintetik almazların sürətlə istehsalı üçün yeni üsul hazırlayıblar. Bu da cəmi 150 dəqiqə ərzində kristal əldə etməyə imkan verir. Məlumata görə, tədqiqatın nəticələri “Nature” elmi jurnalında dərc olunub.

Qeyd edək ki, təbiətdə almazlar milyardlarla il ərzində böyük təzyiq və yüksək temperatur altında əmələ gəlir. Mövcud almaz sintez texnologiyaları bir neçə həftə çəkir və eyni zamanda bir neçə on minlərlə atmosfer təzyiqi tələb edir.

Yeni araşdırmada komanda bir atmosfer təzyiqində maye metallara əsaslanan üsuldan istifadə edib. Tələb olunan təzyiq 1025 dərəcəyə qədər qızdırılan qallium, dəmir, nikel və silikonun hazırlanmış qarışığından istifadə etməklə əldə edilmişdir.

Xəbər verilir ki, prosesə başladıqdan cəmi 15 dəqiqədən sonra kristalların kiçik fraqmentləri metaldan ayrılmağa başlayır və 2,5 saatdan sonra onun səthi davamlı almazla örtülür. Alimlər hesab edirlər ki, onların hazırladıqları prosesi digər metallardan istifadə edərək nəhəng almaz təbəqələr əldə etmək mümkün olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.