Böyük Qayıdışın ilk addımları
Sosial həyat

Böyük Qayıdışın ilk addımları

Dövlət başçımız 2021-ci il aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfər edib

İkinci Qarabağ müharibəsində qazanılan şanlı Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası dövlət siyasətinin əsas prioritet istiqaməti olaraq müəyyən edilib.

Düşmənin viran qoyduğu şəhər və kəndlərin abadlaşdırılması, köçkün düşmüş vətəndaşlarımızın doğma yurdlarına qaytarılması və burada onların həyat şəraitinin yüksək səviyyədə təmin olunması üçün əzm, iradə nümayiş etdirilir. Sözün əsl mənasında tikinti meydançasını xatırladan ərazilərdə irimiqyaslı layihələr icra olunur, yenidənqurma işləri geniş vüsət alıb.

30 il düşmən əsarətində qalan yurd yerlərimizin ürəkağrıdan, qan donduran mənzərələrini abad, müasir, yüksək texnologiyalar əsasında yenidən salınan şəhərlər, kəndlər əvəz edir. 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri çərçivəsində yeni yaşayış binalarının, obyektlərin təməlini qoyan, tikintisi başa çatanların açılışını edən dövlət başçımızın tapşırıq və tövsiyələri sayəsində yer üzündən silinmiş yurd yerlərimiz dirçəldilir. Prezident İlham Əliyevin şəxsi nəzarəti və rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri Böyük Qayıdışın qısa zaman kəsiyində reallaşacağından xəbər verir.

2021-ci il aprelin 26-da dövlət başçımız Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində müharibədən sonra az bir müddət ərzində görülən işlərlə tanış olub. Cəbrayıl rayonunda, Dövlət Sərhəd Xidmətinin Azərbaycan-İran sərhədində 5339 kvadratmetr ərazidə yaradılmış yeni hərbi hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyevə xidmətin yüksək səviyyədə aparılması üçün hərbi hissədə hər cür şəraitin yaradıldığı, yeni hərbi maşınların alınaraq çevik heyətə təqdim olunduğu barədə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşü zamanı ölkə başçımız deyib: "Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib. Bu sərhədin uzunluğu 500 kilometrə yaxındır. Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik". Dövlət başçısı 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə baxmayaraq, hələ də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən revanşistlərə "dəmir yumruğu" bir daha xatırladıb və qətiyyətlə bildirib ki, "Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır". Vətən müharibəsində qazandığımız şanlı zəfərimizdə sərhədçilərimizin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq.

Cəbrayıl rayonundan sonra birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Zəngilan rayonunun Ağalı kəndinə gələn dövlət başçısı ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası işləri ilə tanış olub. Bildirilib ki, birinci "ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir və əsasən yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edən 5 komponent üzrə aparılacaq. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Ölkə başçımız burada xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib. Türkiyə şirkətinin əməkdaşı bildirib ki, Ağalı kəndində qurulan, bərpa olunan enerji qurğusu - karbon dioksid emissiyası sertifikatına malik olan "Arximed" qurğusu "ağıllı kənd"in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq, eyni zamanda sistemdən çıxan isti su kənddəki evlərə və otelə ötürüləcək. Qeyd olunub ki, "Arximed" sistemi günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir, eyni zamanda 100 meqabitə qədər kabelsiz internet paylayacaq. Bu layihədə Türkiyə şirkətinin iştirakından məmnunluğunu ifadə edən dövlət başçımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bütövlükdə bərpası işlərində qardaş Türkiyənin fəal iştirak edəcəyini bildirib.

"Huayvei-Azərbaycan" şirkətinin baş meneceri Azərbaycanda ilk dəfə olaraq "Qiqabit AirPON" texnologiyasından istifadə edəcəklərini və "ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, "ağıllı tədris", "ağıllı səhiyyə" və "ağıllı kənd təsərrüfatı" sistemlərini həyata keçirəcəklərini bildirib. Erməni təcavüzkarlığı nəticəsində dağıdılmış yüzlərlə kənd və şəhərin bərpası və yenidən qurulmasında dost ölkələrin iştirakını yüksək qiymətləndirən Prezident İlham Əliyev süd ferması, camış sağmalçılığı layihəsi üzrə İtaliya, "ağıllı fermalar" üzrə texnologiya ilə işləyən, ölkəsinin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəni Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyən, ölkəmizdə yüksəkkeyfiyyətli südçülük sektorunun yaradılmasını hədəfləyən İsrail şirkətlərinin əməkdaşları ilə videoformatda görüşündə qeyd edib ki, "ağıllı kənd" pilot layihəsinin uğurlu icrasından sonra bu təcrübədən Qarabağın digər yerlərində də istifadə ediləcək və Türkiyə, İtaliya, İsraillə yanaşı, digər dost ölkələr də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında yaxından iştirak edəcəklər.

Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra başlanan quruculuq işləri çərçivəsində ilk bərpa olunan Zəngilan rayonu Ağalı kəndinin sakinləri ilə görüşü, ürəkaçan söhbətlər zəngilanlıların ürəklərində illərdir qövr edən ağrı-acıya məlhəm oldu. Xalqımız bir daha əmin oldu ki, onun rəhbərinin bu cür iradəsinin, mətanətinin, düzgün siyasətinin və humanistliyinin qarşısında heç bir qüvvə dayana bilməz. Ölkə başçımız onların tezliklə doğma yurd yerlərinə qayıdacaqlarını, əvvəlki vaxtlardan daha yaxşı yaşayacaqlarını deyib: "Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma - camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir".

Səfəri çərçivəsində həmçinin Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyulub. Həmçinin dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva üzərində "Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur" sözləri yazılmış xatirə daşını məscidin divarına hörüblər. Bununla da Böyük Qayıdışın ilk addımları Zəngilanda atılıb.

Bu gün müstəqil dövlətimizin öz gücü, potensialı, ölkə başçımızın isə qətiyyəti, əzmkarlığı sayəsində işğaldan azad edilmiş ərazilərimiz abadlaşır, dirçəlir, el-obasından köçkün düşmüş vətəndaşlarımızın bir zaman xəyal etdikləri doğma yurd yerlərinə qayıdışı gerçəkləşir.

Mehparə ƏLİYEVA,

"Respublika".