İsveçdən olan dünya səyyahları Azıx mağarasında
Digər xəbərlər

İsveçdən olan dünya səyyahları Azıx mağarasında

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100" təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Füzuli rayonuna gələn isveçli səyyahlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və Füzuli rayonu azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri ilə yerində tanış olublar.

Xarici səyyahlar Füzulidən sonra Xocavənd rayonundakı Azıx mağarasına gəliblər.

Burada onlara məlumat verilib ki, Azıx mağarası Qarabağın qədim tarixə malik olmasını nümayiş etdirən nadir abidədir. Bu mağara Azərbaycan ərazisində daş dövründə ibtidai insan məskənlərinin olduğunu sübut edir.

Mədəniyyət Nazirliyinin əməkdaşı Pərviz Nəcəfov səyyahlara Azıx mağarasının tarixi, burada aparılmış arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verib.

Onlar işğal dövründə bu tarixi-mədəni abidənin də talan edilməsi, burada qanunsuz tədqiqat və qazıntı işlərinin aparılması barədə faktlarla yerində əyani şəkildə tanış olublar.