COVİD-19 ilə mübarizə gücləndirilir
Region

COVİD-19 ilə mübarizə gücləndirilir

Gəncə

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq Gəncədə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri davam etdirilir. Şəhərdə tərtib edilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri aparılıb. Səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xusisi dezinfeksiyaedici məhlulla yuyulub. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə də dezinfeksiya işləri görülüb. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

Lerik

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda ardıcıl, təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq Lerik şəhərinin Hacı Heydər, Arzuman Əsədullayev, Camal Şahiyev, Həmid Həmidov və digər küçələrində, çoxmənzilli yaşayış binalarının həyətlərində, pilləkən qəfəslərində, idarə, müəssisə və təşkilatların inzibati binalarında, təhsil müəssisələrində, sosial obyektlərdə dezinfeksiya işləri aparılıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında qərargahın onlayn qaydada keçirilən iclaslarında mövcud vəziyyət ətraflı təhlil olunur, qərargah üzvlərinin və ərazi icra nümayəndəliklərində yaradılmış mobil qrupların fəaliyyəti nəzarətdə saxlanılır. Yoluxma halları aşkar edildikdə operativ qaydada tədbirlər görülür.

Vaksinasiya ilə əlaqədar əhali arasında maarifləndirmə işləri aparılır. Vətəndaşların peyvəndə cəlb edilməsi gündəlik nəzarətdə saxlanılır.  

Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət olunur. Qərargah üzvlərinin və rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə müntəzəm reydlər keçirilir, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət gücləndirilir. Mövcud qaydalara əməl etməyən hüquqi və fiziki şəxslər, vətəndaşlar cərimə edilib, ticarət və iaşə obyektlərinin sahiblərinə, idarə, müəssisə rəhbərlərinə xəbərdarlıqlar olunub.

Şəmkir

Dünyanı cənginə alan, hər gün öz arealını bir  qədər də genişləndirən COVİD-19 virusuna qarşı respublikaının hər yerində olduğu kimi, Şəmkir rayonunda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Rayonda mütəmadi olaraq küçələrdə, parklarda və digər ictimai yerlərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. İnsanlarla maska taxmaq, məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək kimi maarifləndirici tədbirlər həyata keçirilir. İnsanların virusa yoluxmasının qarşısının alınması üçün geniş miqyasda peyvəndləmə işləri aparılır. Məlumdur ki, peyvənd olunan insanlarda virusa yoluxma ehtimalı minimum olur. Buna görə rayonda vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir. Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Emin İsmayılov bildirdi ki, vaksinasiya prosesi mərkəzi rayon xəstəxanasında, kənd və qəsəbə tibb məntəqələrində, eyni zamanda ailə-sağlamlıq mərkəzlərində aparılır. Bundan başqa rayon mərkəzindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrində vaksinasiyanı həyata keçirmək üçün səyyar həkim biriqası yaradılmışdır.

Biriqada soyuq zəncir sisteminə əməl edir. Vaksinlərin keyfiyyətinin qorunması diqqətdə saxlanılır. Şəmkirdə əsasən “Sinovak” vaksinindən istifadə olunur. Rayonda kifayət qədər vaksin dozası tədarük olunmuşdur. 13 avqust tarixinədək COVİD-19 virusuna qarşı birinci doza 53360 nəfərə, hər iki doza isə 32345 nəfərə vurulmuşdur. Rayonda peyvəndləmə mütəşəkkil qaydada həyata keçirilir.

Gədəbəy

Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Gədəbəydə də yerinə yetirilir. Son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq rayonda bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə rayonda növbəti dezinfeksiya işləri aparılıb.

Gədəbəy Rayon İcra Hakimiyyətinin birbaşa nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən səhər saatlarından şəhərin əsas küçə və prospektlərdə, əhalinin sıx toplaşdığı ərazilərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərinin qarşısında tibbi-profilaktik işlər aparılıb.

Rayonun digər yaşayış məntəqələrində əhalinin gediş-gəlişinin intensiv olduğu ərazilərdə, park və digər ictimai yerlərdə də dezinfeksiya tədbirləri həyata keçirilmişdir. Əhali ilə maarfləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, geniş vaksinləşmə prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.

Quba

Qubada Covid-19 infeksiyasına qarşı aparılan profilaktik və əks-epidemik tədbirlər davam edir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tahir Nuriyev bildirir ki, mərkəzin əməkdaşları və əlaqədar təşkilatların nümayəndələri tərəfindən əhali arasında müntəzəm maarifləndirici tədbirlər həyata keçirilir. Bu zaman əhaliyə tövsiyə olunur ki, adamların sıx toplaşdığı yerlərə mümkün qədər az getsinlər. İctimai nəqliyyatdan istifadə zamanı ara məsafəni gözləsinlər. Şəxsi gigiyena qaydalarına ciddi riayət etsinlər. Qapalı yerlərdə mütləq tibbi maskadan istifadə olunmalıdır.

Rayonda infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə görülən kompleks tədbirlər çərçivəsində bu günlərdə Quba şəhərində xüsusi texnikalar vasitəsilə növbəti dezinfeksiya işləri həyata keçirilmişdir. Dezinfeksiya işləri əsasən şəhərin mərkəzi küçələrində, park və xiyabanlarda, çoxmərtəbəli binaların girişində və əhalinin daha çox toplaşdığı məkanlarda aparılmışdır. 

Covid-19 infeksiyasının profilaktikasında əsas tədbirlərdən biri də əhalinin vaksinasiyasıdır. Hazırda vaksinasiya işləri Mərkəzi Rayon Xəstəxanasında, Müalicə-Diaqnostika Mərkəzində həmçinin səyyar qaydada aparılır.

“Respublika”.