KƏLBƏCƏR RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
Region

KƏLBƏCƏR RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ

2023-cü ilin yanvar-sentyabr aylarında Kəlbəcər rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 694 milyon 199,9 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə artmışdır. Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə sənayedə 2,9 dəfə, nəqliyyat və anbar təsərrüfatında 2,1 faiz, kənd təsərrüfatında 22,0 faiz, tikintidə isə 3,2 dəfə artmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında məhsul və xidmətlərin 6,2 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuş və 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 9413,77 manat təşkil etmişdir.

Sənaye. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 1443,8 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 2,9 dəfə çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın həcmində emal sektorunun xüsusi çəkisi 21,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin xüsusi çəkisi 46,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin xüsusi çəkisi 31,9 faiz təşkil etmişdir. Sənaye məhsulunun 30,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Emal sektorunda 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 309,9 min manatlıq məhsul istehsal edilmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 3,4 dəfə artmış, rayon əhalisinə və digər istehlakçılara 13009,78 MVt-saat elektrik enerjisi verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artmış, əhaliyə və digər istehlakçılara 454,30 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı. 2023-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 41600,8 min manat təşkil etmişdir ki, onun da 41076,8 min manatı heyvandarlıq, 524,0 min manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 22,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 21,1 faiz, bitkiçilik məhsulları üzrə isə 2,9 dəfə artmışdır.

2023-cü ilin məhsulu üçün 292,5 hektar sahədə əkilmiş payızlıq taxılın yığımı yekunlaşmışdır. Səpilən taxıl sahəsindən 8315,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5170,0 sentner və ya 2,6 dəfə çoxdur. Buğda istehsalı 2450,0 sentner olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 1720,0 sentner və ya 3,4 dəfə çox, arpa istehsalı isə 5865,0 sentner olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 3450,0 sentner və ya 2,4 dəfə artıqdır. Taxılın ümumi məhsuldarlığı hər hektardan 28,4 sentner təşkil edir.

2024-cü ilin məhsulu üçün 55,0 hektar sahədə şum qaldırılsa da, payızlıq səpin aparılmamışdır. Fərdi sahibkar təsərrüfatları tərəfindən səpin aparılmış torpaq sahələrinin 66 hektarını yonca əkinləri təşkil edir. İşğaldan azad olunmuş Kəlbəcər rayonunda bu il, ilk dəfə olaraq 23,0 hektar ərazidə kartof səpini aparılmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində 4024,5 ton ət (diri çəkidə), 19965,7 ton süd, 4298,0 min ədəd yumurta, 299,3 ton yun istehsal edilmişdir. 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 195,1 ton (5,1 faiz), süd istehsalı 2164,9 ton (12,2 faiz), yun istehsalı 14,3 ton (5,0 faiz) artmışdır.

2023-cü il oktyabr ayının 1-nə təsərrüfatlarda 35835 baş iribuynuzlu mal-qara (ondan 18859 baş inək və camış), 179235 baş qoyun və keçi mövcuddur. 2022-ci ilin müvafiq dövrünə nisbətən mal-qaranın sayı 1353 baş və ya 3,9 faiz, qoyun və keçilərin sayı isə 3866 baş və ya 2,2 faiz artmışdır.

Tikinti. 2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 653 milyon 20,3 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox vəsait yönəldilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 650 milyon 370,0 min manatı və ya 99,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1835,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 12,2 faiz artım müşahidə olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 240,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artmışdır.

Əməkhaqqı. 2023-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 601,0 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı dövlət sektorunda 592,4 manat, qeyri-dövlət sektorunda 958,2 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 1407,5 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1018,4 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 782,2 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 637,2 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. 2023-cü ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı 324 nəfər artaraq 2023-cü il 1 oktyabr vəziyyətinə 73 min 743 nəfər təşkil etmişdir.

Kəlbəcər Rayon Statistika İdarəsi.