PREZİDENTLİYƏ NAMİZƏDLƏR ÜÇÜN BƏRABƏR İMKANLAR YARADILIB
Region

PREZİDENTLİYƏ NAMİZƏDLƏR ÜÇÜN BƏRABƏR İMKANLAR YARADILIB

Lənkəran rayonunun şəhər, qəsəbə və kəndlərində ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən növbədənkənar prezident seçkiləri ilə əlaqədar xoş ovqat, yüksək əhvali-ruhiyyə hökm sürür. Şəhərin görməli yerlərində, bütün yaşayış məntəqələrində seçkilərlə bağlı plakat və şüarlar diqqəti cəlb edir.

Lənkəran rayonunda 76 saylı Lənkəran-Masallı, 77 saylı Lənkəran şəhər və 78 saylı Lənkəran kənd seçki dairələri və ümumilikdə, 132 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 16-sı yeni yaradılıb.

Seçkilərə hazırlıq mərhələsində təmirə ehtiyacı olan məntəqələr cari təmir edilərək texniki vasitələrlə, zəruri avadanlıqlarla təmin olunub. Məntəqələr elektrik, təbii qaz, su və rabitə xidmətləri ilə təchiz edilib. Veb-kamera quraşdırılan 22 məntəqə genişzolaqlı internet şəbəkəsinə qoşulub. Bütün məntəqələrdə seçki komissiyasının üzvləri, yerli və xarici müşahidəçilər üçün normal şərait yaradılıb.

Seçki məntəqələrinin ərazisində asılmış lövhələrdə təşviqat materialları yerləşdirilib. Məntəqə seçki komissiyalarının üzvləri inzibati ərazi dairəsi üzrə icra nümayəndələri ilə birlikdə seçici siyahılarını dəqiqləşdirib. 76 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 42433 nəfər, 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 49018 nəfər və 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə 48651 nəfər seçici qeydə alınıb.

Seçki məntəqələrində ilk dəfə 8528 nəfər səsvermə hüququndan istifadə edəcəkdir. Seçicilərdən 2483 nəfərinin yaşı 80-100 yaş arasındadır. Beş seçicinin yaşı bir əsrdən çoxdur.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna müvafiq olaraq prezident seçkiləri ilə əlaqədar vətəndaşların, siyasi partiyaların və ictimai birliklərin yığıncaqlarının, mitinqlərinin qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsi və seçkiqabağı təşviqatın aparılması üçün rayonun ərazisində açıq və qapalı yerlər ayrılıb.

78 saylı Lənkəran Kənd Dairə Seçki Komissiyasının sədri Əlövsət Rufiyev dairə və məntəqələrdə görülmüş işlər barədə məlumat verərək dedi:

- Dairə üzrə 53 məntəqə fəaliyyət göstərir. 2, 33, 39, 42 və 44 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Səsvermə prosesinin şəffaf və demokratik qaydada keçirilməsi, 48651 seçicinin öz Konstitusiya hüquqlarından istifadə etməsi üçün məntəqələrdə normal şərait yaradılıb. İlk dəfə səs verəcək gənclərin sayı 2720 nəfərdir. Seçkiləri izləmək üçün 609 nəfər müşahidəçi qeydə alınıb.

Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası", eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallarla təchiz edilib. Maarifləndirmə proqramı çərçivəsində məntəqə sədrləri, katib və üzvlər üçün treninqlər təşkil olunur. İştirakçılar seçki gününün prosedurları haqqında ətraflı məlumatlandırılıb.

76 saylı Lənkəran-Masallı, 77 saylı Lənkəran şəhər seçki dairələrində də treninqlər keçirilir, məntəqə seçki komissiyalarının üzvlərinin məlumatlılığı, peşəkarlığı artırılır.

Lənkəran şəhərindəki 1 saylı seçki məntəqəsinin sədri Söhbət Ağayev rayonun tanınmış, nüfuzlu ziyalılarından biridir. Seçki sahəsində 50 illik təcrübəsi vardır. Məntəqənin hazırlığı barədə sualımıza aydınlıq gətirərək dedi: "Hazırlıq işləri başa çatmaq üzrədir. Seçici siyahıları dəqiqləşdirilərək divardan asılıb. Səsvermə kabinələri qurulub, müşahidəçilər üçün yerlər ayrılıb. Məntəqə Seçki Komissiyasının üzvləri treninqlərdə fəal iştirak ediblər. Seçki günü 1438 nəfər seçicinin səsverməsi üçün lazımi şərait yaradılıb".

15 saylı seçki məntəqəsi Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqədə cari təmir işləri görülüb, veb-kamera qurulub və səsverməyə hazır vəziyyətə gətirilib.

Məntəqənin sədri Mayis Kazımov söhbət zamanı bildirdi ki, komissiya üzvləri treninqlərdə "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticəsi haqqında protokol nümunəsi, digər zəruri metodiki vəsaitlərlə təmin olunub. Seçki günü məntəqədə 1406 nəfər seçicinin seçmək hüququnun tam təmin edilməsi üçün normal şərait vardır. Onlardan 28 nəfər ilk dəfə səs verəcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".