Mal-qaranın   cins   tərkibi   yaxşılaşdırılır
Region

Mal-qaranın   cins   tərkibi   yaxşılaşdırılır

Kənd  Təsərrüfatı  Nazirliyinin  qurumu   olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə xaricdən yeni cins damazlıq heyvanlar gətirilib. “Aberdin-Anqus” cinsli inəklər kompleksin iribuynuzlu heyvanlar fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb.

Qeyd edək ki, Avropada geniş yayılmış və vətəni Şotlandiya olan cinslərdən olan ətlik  istiqamətli Aberdin-Anqus inəkləri ekoloji şəraitə tez uyğunlaşan cins damazlıq heyvanlardır.

Bu heyvanlar yerli cinslərin damazlıq xüsusiyyətlərinin təkmilləşdirilməsində istifadə olunur. Aberdin-Anqus inəklərinin məhsuldarlıq göstəriciləri olduqca yüksəkdir. Bu inəklərin ətində yağ faizi digər inəklərə nisbətən 6 dəfə aşağıdır. Yerli inəklərin ətində yağlılıq dərəcəsi 35-36 faiz , Aberdin-Anqus inəklərində isə cəmi 6-7 faiz olur. Törədici inəklərin çəkisi 900-1100 kiloqram, düyələrin çəkisi isə 500-600 kiloqram olur.  Ət çıxımı 60-65 faizə çatır. 12 aylıq cöngələrin çəkisi 350 kiloqrama çatır və intensiv yemləmə zamanı çəki sutkada 800-850 qram artır. Satışa çıxarılanlar 18-26 aylıq boğaz inəklərdir.

Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir.

Nəriman CAVADOV,

“Respublika”.