Seçkiyə hazırlıq mütəşəkkilliklə davam edir
Region

Seçkiyə hazırlıq mütəşəkkilliklə davam edir

Zəngilan

Milli ordumuzun rəşadəti nəticəsində işğaldan azad olunan Zəngilan rayonunda həyat tamamilə dəyişib. 3 il əvvələ qədər düşmənin vandal və qəddar əməlləri sayəsində darmadağın olan yurd yerləri dövlətimizin daxili imkanları hesabına müasir şəraitdə tam yenidən qurulub. Dünyanın "ağıllı kəndi" hesab olunan Ağalı kəndində yeni həyat başlayır.

Yerli sakinlərin doğma yurdlarına qayıdışı və ərazidə aparılan quruculuq işlərində çalışan işçilərin növbədənkənar prezident seçkilərində səsverməsi ilə əlaqədar olaraq rayonda yeni seçki məntəqələri yaradılıb. Həmsöhbət olduğum kənd sakinləri qarşıdan gələn növbədənkənar prezident seçkilərində fəal iştirak edərək layiqli namizədə səs verəcəklərini bildirirlər. Qeyd edirlər ki, 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərindən sonra rayon ərazisində ilk dəfə səs verəcəklər. Bu səbəbdən, qürur hissi ilə seçkidə yekdilliklə iştirak edəcəklər.

Ağalı kəndində 33 saylı seçki məntəqəsinin sədri Mübariz Fərhadov seçicilərin arzu və istəklərinin reallaşması üçün tam demokratik şəraitin yaradıldığını bildirdi. Bununla əlaqədar olaraq komissiyada səs verəcək 1206 seçicinin siyahısı dəqiqləşdirilərək müvafiq yerdən asılıb. Bununla yanaşı, seçicilərin sayı mütəmadi yoxlanılır. Kənddə yaşayanların və işləyənlərin sayının artımı ilə əlaqədar buna daim ehtiyac duyulur.

Seçki məntəqəsinin yaxınlığında quraşdırılmış dəmir lövhədə prezidentliyə hər bir namizədin təşviqatı üçün bərabər səviyyədə yer ayrılıb. Səsvermənin gedişini izləyən müşahidəçilər üçün də lazımi şərait yaradılıb. Seçki məntəqəsində aşkarlıq və şəffaflıq tam təmin olunacaq. Bunun üçün veb-kamera quraşdırılıb. Bununla yanaşı, məntəqə seçki komissiyası MSK tərəfindən bütün lazımi avadanlıqlarla təmin olunub. Hazırda seçici siyahılarına uyğun olaraq seçicilərə bildirişlər paylanılır. Seçkiyə çağırış plakatları qanunvericiliyə uyğun olaraq lazımi yerlərdən asılıb. Komissiyanın üzvləri MSK-nın təşkil etdiyi treninqlərdə iştirak ediblər. Bir sözlə, məntəqə azad və ədalətli seçki prosesinə tam hazırdır.

Rayonun Alıbəyli kəndində "DOST AQROPARK"ın inzibati binasında yerləşən 61 saylı seçki məntəqəsinin sədri Gülnaz Mahmudova və "KAL YON" şirkətinin binasında fəaliyyət göstərən 62 saylı seçki məntəqəsinin sədri Babək Novruz da qeyd etdilər ki, məntəqələrdə yaradılan şərait prezident seçkilərinin yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Biləsuvar

Respublikamızın şəhər və rayonlarında Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinə hazırlıq tədbirləri uğurla davam edir. Dairə və məntəqə seçki komissiyaları Seçki Məcəlləsinin tələblərinə, Mərkəzi Seçki Komissiyasının təlimat və tövsiyələrinə uyğun fəaliyyət göstərir, təşkilati-maarifləndirmə işləri yüksək səviyyədə həyata keçirilir.

Dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilmiş seminarlardan, məntəqə komissiyalarının üzvləri üçün təşkil olunmuş treninqlərdən sonra seçkiyə hazırlıq işləri daha da sürətlənib. Bu metodiki yardım bütün proseslərin qüsursuz aparılmasına zəmin yaradıb.

Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 4c ünvanda yerləşən 69 saylı Biləsuvar seçki dairəsində seçki komissiyalarının fevralın 7-də keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı fəaliyyəti ilə tanışlıq zamanı yüksək işgüzarlığın, vətəndaş məsuliyyətinin və fəallığının şahidi olduq.

69 saylı Biləsuvar Seçki Dairəsinin sədri Əzizağa Həsənov bizimlə söhbət zamanı bildirdi ki, seçicilərin seçkidə iştirak hüququnun təmin edilməsi üçün dairə və məntəqələrdə bütün zəruri işlər ardıcıllıqla həyata keçirilir. Artıq seçki siyahıları dəqiqləşdirilərək səsvermə məntəqələrindən asılmışdır. Zəruri təmir-abadlıq işlərindən tutmuş kameraların qurulmasınadək bütün işlər yüksək səviyyədə həyata keçirilmişdir. DSK-nın sədri bildirdi ki, ötən prezident, parlament və bələdiyyə seçkilərində səsvermələrin təşkilində böyük təcrübə toplamış dairə komissiyası qarşıdan gələn növbədənkənar prezident seçkilərinə hazırlığı yüksək peşəkarlıqla davam etdirir. DSK-nın və ərazidəki 11 şəhər, 35 kənd məntəqələrinin hamısı səsverməyə hazır vəziyyətə gətirilmişdir. Rayonun Əliyabad və Xırmandalı kəndlərində olan 6 məntəqə 68 saylı Salyan, Biləsuvar və Neftçala dairəsindədir. 10 məntəqədə veb-kamera quraşdırılmışdır. Fevralın 7-də dairə üzrə 53262 seçicinin səsvermədə iştirakının təmin edilməsi üçün onların siyahısı hazırlanmış, özləri də məlumatlandırılmışdır. İlk dəfə səs verəcək 3545 nəfərin təcrübəsizliyi nəzərə alınaraq onların hər biri ilə ayrılıqda söhbət aparılır. Yaşı 80-100 arasında olan 876 seçici haqqında məlumat bir daha dəqiqləşdirilmişdir. 100 yaşdan yuxarı 3 seçicinin və yataq xəstələrinin sağlamlıq vəziyyəti, onların səsvermədə iştirak imkanları öyrənilmiş, müvafiq formalar müəyyənləşdirilmişdir. Müşahidə aparmaq üçün edilən müraciətlər diqqətlə cavablandırılır. Son hazırlıq işlərini də tələb olunan səviyyədə başa çatdırmaqla seçkidə səsvermənin mütəşəkkil şəkildə keçirilməsini təmin edəcəyik.

"Respublika".