“AKULA
Region

“AKULA" LƏQƏBLİ KƏŞFİYYATÇI

Gecədən səhərə kimi aramsız yağan yağış kəsmişdi. Hava bir qədər çiskinli idi. Arabir göydən günəş gülümsəyirdi. Sanki bununla təbiət də şəhid Anar Novruzovun ad gününə öz hədiyyəsini verirdi.

2020-ci ilin iyulunda Tovuz istiqamətində düşmənin növbəti təxribatının qarşısının alınmasında xüsusi igidlik, şücaət göstərib şəhidlik zirvəsinə ucalmış mayor Anar Novruzovun 46 yaşı tamam olacaqdı. Özü cismən aramızda olmasa da, mərmər başdaşından qartal baxışları ilə ətrafı süzürdü.

Peşəkar hərbçi idi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirib, "Taktiki motoatıcı qoşunların komandiri" ixtisasına yiyələnmişdi. Türkiyədə mükəmməl təlim keçmişdi. 1998-2013-cü illərdə ön cəbhədə, 2013-2018-ci illərdə Sumqayıtdakı hərbi hissədə xidməti borcunu yerinə yetirmişdi.

2016-cı ilin Aprel döyüşlərində fədakarlıq, şücaət göstərmiş, döyüş zamanı qəlpə yarası almışdı. 2018-2020-ci illər ərzində ən qaynar nöqtələrdə xidmət etmişdi. Hərb sahəsində 25 illik zəngin təcrübə qazanmışdı. Siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlmişdi.

Xidmət dövründə hərbi texnikanın sirlərini dərindən mənimsəmişdi. Snayperdən atdığı dəqiq atəşlə dəfələrlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. AQS-17 silahının "atası" adını qazanmışdı. "Akula" ləqəbli kəşfiyyatçı kimi tanınan Anar Novruzov ermənilərin qəniminə çerilmişdi. Hətta düşmən onu öldürənə pul mükafatı da ayırmışdı.

A.Novruzov "Qüsursuz xidmətə görə" I, II, III dərəcəli, Silahlı Qüvvələrin yubiley medalları, çoxlu Fəxri fərmanlarla, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilimişdir. doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsinin küçələrindən birinə adı verilmiş, büstü qoyulmuşdur. Keçdiyi şərəfli ömür və döyüş yolu haqqında film çəkilmişdir.

Qəhrəman zabitin 46-cı ad günü onsuz keçirilirdi. Mərasimə Masallı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının rəsmiləri, idarə rəhbərləri, şəhidin ailə üzvləri, qohumları, döyüş yoldaşları, qazilər, qəsəbə sakinləri toplaşmışdılar.

Sonra Masallı Xalq Teatırının baş rejissoru Cəmaləddin Əliyevin rəhbərliyi ilə ədəbi-bədii kompozisiya təqdim edildi. Ərkivan qəsəbə 1 və 5 saylı məktəblərin şagirdləri Vətənə, Azərbaycan Bayrağına, şəhid Anar Novruzova həsr edilən şeirlər söylədilər.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov şəhid zabitin anadan olmasının 46-cı ildönümü ilə əlaqədar Masallı Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və "Masallı Gənclər evi" sosial xidmət müəssisəsi ilə birgə məktəblilər arasında tir atıcılığı, şahmat üzrə kişilər arasında rayon turnirinin keçirildiyini diqqətə çatdırdı. Qaliblərə diplomlar, mükafatlar təqdim olundu.

Şəhidin döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal Məmmədov və başqaları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Anar Novruzov kimi igid oğulların canı-qanı bahasına torpaqlarımızın işğaldan azad edildiyini, xalqımıza böyük qələbə sevinci yaşatdıqlarını, qəhrəman şəhidlərin xatirəsinin daim ürəklərdə yaşayacağını söylədilər.

Şəhidin qardaşı Sücəddin Novruzov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".