Sağlam həyat
Maraqlı

Sağlam həyat

Bitkilərin “şahı” xərçəngin “qənimi”dir

Uzun illərdir ki, təbabətdə bir sıra xəstəliklərin müalicəsində istifadə edilən ispanaq, misilsiz faydaları ilə kulinariyada da məşhurdur. Tərkibindəki mineralların zənginliyi baxımından hətta insanlar bu bitkini “dəmir deposu”, məşhur şərq təbibi İbn Sina isə ispanağın faydalarından bəhs edərkən onu “bitkilərin şahı” və “mədənin süpürgəsi” adlandırmışlar. Yaşıl yarpaqlı tərəvəzlər içərisində heç bir rəqibi olmayan ispanaq yenə də öz statusunu qorumaqdadır. Belə ki, amerikalı alimlərin son araşdırmalarına görə, bu bitki insanı həm də bağırsaq xərçəngindən qoruya bilər.

Texas A&M Universiteti Sağlamlıq Elm Mərkəzinin alimlərinin “Gut Microbes” jurnalında dərc edilən məqalələrində bağırsaq sağlamlığı və kolerektal (yoğun) xərçəngi arasındakı əlaqədən bəhs olunub.

Elm adamları 26 həftə ərzində siçanlar üzərində sınaqlar aparıblar. Onlar ispanaqla bəslənmiş heyvanların bağırsaqlarındakı poliplərdə aktivliyin zəiflədiyini müşahidə ediblər. Ən maraqlısı odur ki, alimlər ispanağın gəmiricilərdə polipləri məhv etməsilə yanaşı, bağırsaq florasında da mikrob müxtəlifliyinin artdığını təsbit ediblər. Daha sonra bu tərəvəzin müntəzəm istifadəsinin bağırsaq iltihabını tənzimləyən yağ turşularını artırdığı faktını da qeydə alıb.

“İspanağın, irsi adenomatoz polipləri olmayan insanlar üçün də qoruyucu ola biləcəyinə inanırıq. İnsanlar bağırsaq xərçənginin qarşısını almaq üçün ispanağı pəhrizlərinə nə qədər tez əlavə etsələr, bir o qədər yaxşıdır. Bu cür profilaktik tədbirlərə başlamaq üçün poliplərin yaranmasını gözləməməlisiniz” - deyə tədqiqat rəhbəri Roderick Dashwood qeyd edib.

 

Görmə qabiliyyətinin pozulması ölümə yol aça bilər

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada iki milyarddan çox insan görmə problemi ilə qarşılaşır. İnsanlar arasında yüngül görmə qüsuru ciddi problem kimi qəbul edilməsə də, yeni araşdırmaya görə, o, ölüm riskini artırır.

Michigan Universitetinin alimlərinin “The Lancet Global Health” jurnalında dərc edilən məqalələrinə görə, görmə qüsuru olan insanların problemi olmayanlara nisbətən, bütün səbəblərdən ölüm riski 20 faiz daha çoxdur. Elm adamları bu nəticəyə 17 fərqli araşdırma zamanı 48.000-dən çox insanın məlumatlarını qiymətləndirdikdən sonra gəliblər.

Dünyada görmənin itməsinin əsas səbəblərindən biri olan katarakt, ümumiyyətlə, süni linzaların implantasiyası ilə müalicə olunur. Tədqiqat müəllifləri qeyd edirlər ki, insanların çox hissəsi gözlük taxmamaq üçün oftalmoloji müayinələrdən imtina edirlər. Bu da onların görmə qabiliyyətində sonradan ciddi problemlərə səbəb olur.

“Bu problemin erkən həll edilməsi vacibdir, çünki, görmə qabiliyyətinizi itirmək birbaşa həyatınıza mənfi təsir etməklə, ruhi sağlamlığınıza zərbə vurur. Bütün dünyada görmə zəifliyinin bərpası, yaxud qarşısının alınması təkcə sağlamlıq və rifah deyil, həm də uzunömürlülüyü təmin etmək üçün əhəmiyyətli addımdır” - deyə tədqiqat müəllifi Joshua Ehrlich qeyd edib.

Tədqiqatçıların gələcək araşdırmaları görmə pozğunluğunun depressiya və demansla əlaqəsini əhatə edəcək.

 

Süd məhsulları ürək-damar xəstəlikləri riskini azaldır

Dünyaya gəldiyimiz ilk gündən etibarən, ömrümüzün sonunadək içdiyimiz südün orqanizmimiz üçün nə qədər əhəmiyyətli və misilsiz olduğunu bilirik. Kalsium, fosfor və maqnezium kimi bir çox faydalı minerallarla zəngin olan südü, hələ uşaqkən boyumuz uzansın deyə çox içərdik. Üstəlik ondan hazırlanan məhsulların da orqanizmimiz üçün ən az özü qədər xeyirli olduğunu bildiyimiz halda, bu içkinin faydası ilə əlaqədar gün keçdikcə yeni-yeni məlumatlar eşidirik. Bu dəfə amerikalı alimlərə süd və ondan hazırlanan məhsulların ürək-damar xəstəliklərinin də qarşısını ala biləcəyi məlum olub.

Dünyanın ən çox süd istehlak edilən ölkələrində aparılan yeni araşdırmalar daha yağlı ağartı məhsullarının ürək-damar xəstəlikləri riskini aşağı salması faktını üzə çıxarıb. Johns Hopkins Universitetinin alimləri bütün dünya üzrə aparılan tədqiqatların nəticələrini birləşdirərək, yağlı süd istehlakı ilə ürək-damar xəstəliklərinin arasındakı əlaqəni araşdırıblar. Elm adamları südün tərkibindəki yağın qandakı yağ turşularının səviyyəsi ilə ölçüldüyünü söyləyirlər.

“Süd məhsullarında olan müəyyən yağ turşularının qanda səviyyələrini ölçdük. Ən yüksək səviyyəyə sahib olan insanların ürək-damar xəstəlikləri riskinin çox aşağı olduğunu gördük. Bu əlaqələr bizi heyrətləndirdi. Çünki əvvəlki araşdırmalar ölüm riskini yağlı süd məhsulları ilə əlaqələndirmişdi. Ancaq tapıntılarımızın nikbinlik yaratmasına baxmayaraq, daha çox araşdırmalara ehtiyac var” - deyə tədqiqat müəlliflərindən Matti Marklund qeyd edib.

Tədqiqatla bağlı məlumat “Plos Medicine” jurnalında dərc edilib.

 

Elm adamlarının ömrü uzadan yeni pəhrizi

Buck Yaşlanma Araşdırmaları İnstitutunun mütəxəssisləri, həddindən artıq karbohidrat istehlakının orqanizm üzərində böyük bir metabolik təzyiq yaratmasını nəzərə alaraq, ömür müddətini kəskin şəkildə artırmağa kömək edəcək qidalanma sistemi hazırlayıblar. Elm adamları az karbohidratlı bu pəhrizin “gənclik iksiri” olduğunu söyləyirlər.

Daha çox şəkər səviyyəsinin piylənməyə, maddələr mübadiləsinin ləngiməsinə, ürək-damar xəstəlikləri, yüksək təzyiq və hətta xərçəngə səbəb ola biləcəyini qeyd edən mütəxəssislər, karbohidratı az olan keto pəhrizini daha sağlam ömrün sığortası hesab edirlər.

İnsanlar arasında keton və ya keto adı ilə tanınan bu pəhriz praktik baxımdan karbohidratsızdır. Pəhrizdə tərkibinə görə daha az karbohidratlı yaşıl tərəvəz, qoz, fındıq, toxumlar kimi qidaların istehlakına üstünlük verilir. Buna baxmayaraq, pəhriz ümumi kalori qəbulunu məhdudlaşdırmadan, kilo nəzarəti və ya idman olmadan da bədəndə yağların əriməsini təmin edir.

Keto pəhrizinə riayət edən könüllülər üzərində aparılan araşdırma zamanı məlum olub ki, bitki tərkibli qidaların istehlakı ürək-damar xəstəlikləri riskini 16 faiz aşağı salır. Elm adamları yağlı, proteinli qidalarla zəngin keto pəhrizinin, yaddaş və hərəkət funksiyasını qorumaqla yanaşı, çəkinin itirilməsi ilə uzun ömürlülüyə yol açdığını və Tip2 diabet xəstələrinə də müsbət təsir etdiyini vurğulayıblar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.