SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Səhər yeməyinin vacibliyi sual altındadır

Səhər yeməyinin günün ən vacib yeməyi olduğunu uşaqlıqdan bəri böyüklərimizdən eşidirik. Görəsən qədim ingilis atalar sözündə deyildiyi kimi “Krallar və kraliçalar kimi səhər yeməyi ye” fikrinə əməl etməliyikmi? Bəs bu barədə mütəxəssislər nə deyir?

Son dövrlər qidalanma mütəxəssisləri və elm adamları arasında bu qidanın vacibliyi ilə bağlı ziddiyyətli fikirlər meydana çıxıb. Bir sıra araşdırmalara baxmayaraq, elm ictimaiyyəti günün ilk yeməyinin nə vaxt yeyiləcəyi və vacib olub-olmaması ilə bağlı qəti bir nəticəyə gəlməyib.

İdman və qidalanma mütəxəssisi, dietoloq Leslie Bonciyə görə bu sualın cavabı yaşa və gündəlik vərdişlərə bağlıdır. Araşdırmalar göstərir ki, səhər yeməyi uşaqların məktəbdə zehni fəaliyyətinə müsbət təsir göstərir. Ancaq yaşlı insanlar üçün günün ilk yeməyinin nə vaxt yeyilməsi şəxsi istəyə bağlıdır. Mütəxəssislər şəxsi istəklərin gündəlik vərdişləri əks etdirdiyini söyləyirlər.

“Gündə üç dəfə yemək rejimi müasir cəmiyyətdə kök salmış olsa da, insan orqanizminin bu qədər sərt qrafiklə işləməsinə ehtiyac yoxdur. Bir gecə yatmazdan əvvəl çox yemək yediyiniz təqdirdə, səhər qidalanmasanız, ac qalmayacaqsınız. Amma yuxudan oyananda su içmək sağlamlığınız üçün vacibdir” - deyə dietoloq Leslie Bonci bildirib.

Yemək vərdişlərinin digər vərdişlərdən daha yaxşı olub-olmaması hələ də alimlərin müzakirə mövzusudur. Səhər yeməyinin çəki atmaq və ya arıqlamağa müsbət təsir etdiyini göstərən heç bir sübut tapılmayıb. Lakin alimlər, şəkərli diabet və ya hər hansı xroniki xəstəliklərdən əziyyət çəkənlərin, səhərlər qidalanmasının vacib olduğunu söyləyirlər.

İnformasiya “Popular Science” veb saytında yayımlanıb.

 

İdman xərçəngdən qaynaqlanan anemiyanın qarşısını alır

Bir çox xərçəng xəstələrinin anemiyadan əziyyət çəkmələri, fiziki fəaliyyət qabiliyyətinin itirilməsinə səbəb olur. Dərmanlar nadir hallarda bu tip anemiyaları yüngülləşdirə bilirlər. Lakin Bazel Universitetinin tədqiqatçıları fiziki məşqlərin xərçəng xəstələrində anemiyanın qarşısını ala biləcəyini iddia edirlər.

Xərçəngin iki əsas əlaməti əzələ kütləsi ilə hemoqlobinin azalmasıdır, bu da xəstələrdə kilo itkisi, yorğunluq, latergiya və fiziki performansın azalmasına səbəb olur. Elm adamlarına xərçəngin əzələ atrofiyası və anemiya yaratmasının səbəbi hələ də məlum olmasa da, potensial müalicə yollarını axtarmaqdadırlar.

“Science Advances” jurnalında dərc edilən tədqiqat işinə görə, idman xərçəngin səbəb olduğu metobolik anormallıqları normallaşdırmaqla anemiyanı da azaldır.

Sınaq zamanı tədqiqat qrupu, formakoloji vasitələrlə xərçəng xəstələrində maddələr mübadiləsini normallaşdırmağa çalışıblar. Ancaq dərmanların heç biri anemiyanı əhəmiyyətli dərəcədə azalda bilməyib. Bunun əksinə olaraq, fiziki məşq, maddələr mübadiləsinin tənzimlənməsi ilə yanaşı, iltihabın və anemiyanın azalmasına səbəb olub.

Bu araşdırma, xərçəng xəstələri üçün anemiya ilə əlaqəli yorğunluq, halsızlıq kimi ümumi rifaha təsir edəcək bir sıra problemlərlə mübarizədə faydalı bir müalicəyə yol açır.

“İndi xərçəngin qırmızı qan hüceyrələrinin tənəzzülünə səbəb olduğunu aydınlaşdıra bildik. Xərçəng lipidlərin və digər birləşmələrin maddələr mübadiləsini əhəmiyyətli dərəcədə dəyişir. Bu, yalnız qırmızı qan hüceyrələrini deyil, makrofojları da dəyişdirməklə hemoqlobinin azalmasına səbəb olur. Makrofojlar ağ qan hüceyrələrinin bir növü və immunitet sisteminin bir hissəsidir. Tapıntılarımız xərçənglə mübarizəyə yeni ümidlər vəd edir” - deyə tədqiqat müəllifi Christoph Handschi bildirib.

 

Beyinin bərpasında yuxu mərhələlərinin rolu

Tsukuba Universitetinin alimləri, müəyyən bir yuxu mərhələsinin beyinin fəaliyyətinə təsiri ilə bağlı yeni kəşflər ediblər. Daha çox yuxu görməyə meyilli olduğumuz mərhələ REM (sürətli göz hərəkəti) adı ilə tanınır.

Əvvəlki tədqiqatlar REM yuxusu zamanı və oyaq vəziyyətdə, beyində qan axınının müxtəlif yollarla ölçülməsi, ziddiyyətli nəticələr meydana çıxarmışdır. Lakin indi elm adamları yeni araşdırmalarında, fərqli bir metoddan istifadə edərək yuxuda və oyaq halda siçanların beyinlərindəki kapillyarlarda, qırmızı qan hüceyrələrinin hərəkətini birbaşa görüntüləməyi bacarıblar. Məlum olub ki, beyindəki kapillyarlar, hüceyrələrlə qan arasında qida və tullantı məhsullarının mübadiləsini təmin edirmiş. Tədqiqatçılar eyni zamanda REM olmayan yuxu (NREM) və oyanışları təyin etmək üçün beyindəki elektrik aktivliyini ölçməklə, bu mərhələlər arasındakı qan axınının fərqini araşdırıblar.

“İki fotonlu mikroskopiya olaraq bilinən metoddan istifadə edərək, bir boyanın köməyi ilə beyindəki damarları floresan işığında görüntüləyə bildik. Bu şəkildə anesteziya olunmayan siçanların beyinindəki kapillyarlarda qırmızı qan hüceyrələrini birbaşa müşahidə etdik. Nəticələr bizi təəccübləndirdi. Ancaq REM olmayan yuxu ilə oyaq vəziyyət arasında heç bir fərq görmədik. Bu, REM yuxusunun bənzərsiz olduğunu göstərir. Tapıntılarımız, yuxunun funksiyasını daha dərindən başa düşməklə Alzheimer kimi beyində tullantıların yığılmasına səbəb olan neyrodegenerativ xəstəliklərin müalicəsinə yeni ümidlər vəd edir” - deyə araşdırmanın həmmüəlliflərindən biri, professor Yu Hayashi izah edib.

Tədqiqatla bağlı məlumat “Cell Reports” saytına istinad edilib.

 

“Gənclik çeşməsi” sümüklərdə yaşlanma prosesini geri çevirə bilər

Yaş artdıqca sümüklərin incəlməsi və qırıqlara daha çox meyilli olması osteoporoz kimi xəstəliklərə yol açır. Bunun ən böyük səbəbi yaşlandıqca sümük iliyi kök hüceyrələrinin funksiyasının azalmasıdır. Ancaq “Nature Aging” jurnalında yayımlanan araşdırmaya görə, almaniyalı tədqiqatçıların yeni kəşf etdikləri “gənclik çeşməsi” adlı maddə sümüklərdə kök hüceyrələrin qocalması prosesini geri çevirə bilər.

Max Planck Yaşlanma Biologiyası İnstitutu və Köln Universitetinin bir qrup elm adamı, kök hüceyrələrdə funksiyanın azalmasının səbəbinin epigenetika ilə bağlı olduğunu söyləyirlər. Onların fikrincə, kök hüceyrələrə asetat adlı maddəni əlavə etməklə sümükləri zəiflədən yaşlanma prosesini geri çevirmək olar.

Elm adamları insan yaşlandıqca sümüklərin inkişafdan qalma səbəbini araşdırıblar. Yaş artdıqca kök hüceyrələrinin daha az maddə istehsal etməsi, sümük iliyində daha çox yağ yığılmasına səbəb olub. Alimlər yaşla birlikdə, epigenomun da əhəmiyyətli dərəcədə dəyişdiyini  müşahidə ediblər. Kök hüceyrələrinin epigenomunu cavanlaşdırmaq məqsədilə tədqiqatçılar siçanlar üzərində sınaq apararaq gəmiricilərin sümük iliyinə natrium asetat məhlulunu əlavə ediblər. Nəticədə, hüceyrələr asetatı bədənin fermentlərinin histonlarına (DNT-də olan zülal növü) bağlayaraq bir bina blokuna çevirib. Bu isə genlərə çıxışları artırmaqla, DNT aktivliyinə də təsir edib.

“Bu metod təsirli bir şəkildə epigenomun cavanlaşmasına, kök hüceyrə aktivliyinin yaxşılaşmasına və sümük hüceyrələrinin daha yüksək istehsalına səbəb oldu. Bu müalicəni yaşlı insanlar üzərində də sınaqdan keçirdik və eyni nəticə alındı. Asetatın qocalma əleyhinə bir dərman olaraq istifadəsinə gəlincə, bunun diqqətlə planlaşdırılması lazımdır. Asetat əslində istehlak üçün mövcud olsa da, cavanlaşdırıcı sümük sağlamlığında  xüsusi kök hüceyrə müalicələrini tələb edir. Ehtimal olunan riskləri nəzərə alaraq bütünlüklə orqanizmə təsirini daha ətraflı araşdırmalıyıq” - deyə tədqiqat müəllifi Andromachi Pouikli izah edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.