Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Genlərimiz elektriklə idarə edilə bilər

İsveçrəli elm adamları geyilə bilən cihazlarla gələcəkdə sağlamlığımıza birbaşa təsir göstərə biləcəklərini iddia edirlər. Belə ki, alimlər yeni hazırladıqları texnologiya vasitəsilə genlərimizi idarə etməyin mümkün olduğunu söyləyirlər.

Eksperiment məqsədilə təqdim edilən yeni texnologiyaya "elektrogenetika" adı verilib. Bu texnologiya ehtiyac yarandıqda geyilə bilən cihazlar vasitəsilə elektrik impulslarından istifadə edərək hədəf genləri aktivləşdirir. Məsələn, insulin istehsalını birbaşa stimullaşdıraraq diabetli insanlara kömək edə bilər.

Diabetli siçanlar üzərində təcrübə aparan tədqiqatçılar, onların bədəninə kiçik elektrik impulsları ötürməklə insulin istehsalını artırmağa müvəffəq olublar. Sınaq zamanı insanın mədəaltı vəzi hüceyrələri 1-ci tip diabetli siçanlara implantasiya edilib, daha sonra isə onların bədəni akupunktur iynələrinin köməkliyi ilə cərəyanla stimullaşdırılıb. Tədqiqatçılar bu üsulla diabetli siçanların qan şəkərinin səviyyəsini normal həddə çatdıra biliblər.

"Geyilə bilən cihazlar elektrogenetik interfeysin olmaması səbəbindən gen əsaslı terapiyaları birbaşa proqramlaşdıra bilmir. Biz burada sadəcə çatışmazlığı təmin edirik", - deyə tədqiqat müəlliflərindən biri qeyd edib.

Elm adamları bu üsulla diabeti tam olaraq idarə etməyin mümkün olduğunu söyləməsələr də, gələcəkdə bəzi genetik xəstəliklərin müalicəsinə işıq sala biləcəyinə ümid edirlər.

 

Pandemiyanı proqnozlaşdıra bilən süni zəka sistemi

ABŞ-ın Şimal-Qərb Universitetinin mütəxəssisləri gələcəkdə baş verə biləcək pandemiyalar zamanı virusların təhlükəli versiyalarının ortaya çıxacağını əvvəlcədən xəbər verən süni zəka əsaslı sistem yaradıblar. Yaradılmış yeni sistemə "EWAD" (Early Warning Anomally Detection) adı verilib.

Sözcü.com.tr veb saytının yaydığı informasiyaya görə, yeni sistem virusların müxtəlif versiyalarının genetik ardıcıllıqları, tezlikləri və ölümə səbəb olan nisbətlərini analiz edir. "EWAD"ı COVID-19 ilə bağlı real məlumatlar üzərində test edən tədqiqatçılar, sistemin virusun mutasiyası prosesi zamanı hansı problemli versiyaların yarana biləcəyini öncədən proqnozlaşdıra bildiyini müəyyən ediblər.

Süni zəka əsaslı yeni sistem həmçinin vaksinasiya və tibbi maskalardan istifadə kimi səhiyyə tədbirlərinin virusun təkamülünə necə təsir göstərəcəyini də qiymətləndirə bilir. "EWAD" mövcud olan məlumatlar əsasında yeni məlumatları proqnozlaşdırmağa imkan verən riyazi üsuldan istifadə edir. O, virusların təkamül proseslərinin qanunauyğunluqlarını və qaydalarını təyin edəbilmə potensialına malikdir. Mütəxəssislərin fikrincə, sistem virusların baza biologiyalarını və onların ətraf mühitə necə adaptasiya olduqlarını anlamaqda yardımçı ola bilər. Bu isə öz növbəsində viruslarla mübarizədə daha effektiv üsulların yaradılmasına köməklik göstərəcək.

 

Məşhur brend smart üzük patentini əldə edib

Dünyanın ən çox sevilən brendlərindən olan "Apple" istehsal etdiyi bəzi məhsullarını idarə etmək üçün nəzərdə tutulmuş smart üzüyün patentini əldə edib. Patent sənədlərinə görə smart üzük vasitəsilə istifadəçi mouse işarəsini hərəkət etdirə, bu və ya digər cihazda fayllarla sənədləri aça, daxil olan zənglərə cavab verə, cihazdakı səsi tənzimləyə, müxtəlif cihazlarda idarəetməni yerinə yetirə və s. əməliyyatları reallaşdıra bilər.

Şirkətdən verilən məlumatda qeyd edilib ki, smart üzüyün konstruksiyası bu və ya digər əməliyyatı yerinə yetirmək üçün özündə xüsusi sensorları birləşdirəcək. Bundan əlavə, həmin sensorlar barmağın vəziyyətini, hərəkətini və üzüyə nə dərəcədə sərt sıxıldığını təyin edə biləcək. Bununla yanaşı, smart üzüyün səthi sensorlu idarəetmə sisteminə sahib ola bilər. Qeyd edək ki, hələlik bu, sadəcə bir patentdir və Apple şirkətinin nəticədə bu cür üzüyü istehsal edib-etməyəcəyi barədə heç bir məlumat yoxdur.

 

"Google"dan daha bir yenilik

Dünyanın ən böyük axtarış sistemi olan "Google" hər keçən gün yeniliklər etməkdə davam edir. Bu dəfə isə şirkət müxtəlif Android cihazların sinxronlaşdırılmasına hədəflənmiş yeni funksiyasını işə salmağı planlaşdırır.

Şirkətdən verilən məlumata görə, sözügedən funksiya "Apple" ekosistemində eyni məqsədə hədəflənmiş "Continuity" adlı funksiyaya bənzəyəcək. Əgər istifadəçi bir neçə Android cihaza sahibdirsə və onların hamısında bir "Google" hesabına daxil olubsa, həmin cihazlar sözügedən funksiya vasitəsilə bir-biriləri ilə qarşılıqlı əlaqədə ola biləcəklər. Bu funksiya çərçivəsində reallaşdırılacaq "Call Switching" imkanı zəng prosesi zamanı bir cihazdan digərinə keçidi mümkün edəcək. "Apple" ekosistemində oxşar funksiya bir "iPhone" modelinə daxil olan zəngi digər "iPhone"da qəbul etməyə imkan vermir. Lakin "Google" şirkətinin hazırladığı alternativ çərçivədə hətta smartfonlar da daxil olmaqla istənilən cihaz arasında keçidi reallaşdırmaq mümkün olacaq.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".