Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Maestro Niyazi

Məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru - Niyazi Zülfüqar oğlu Tağızadə (Hacıbəyov)... Bu dahi şəxsiyyətimizin həyatı faciələrlə keçib, desək yanılmarıq. 

Tiflisdə ziyalı ailəsində doğulan dirijorun atası Zülfüqar Hacıbəyov dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Anası Böyükxanım isə ixtisasca həkim olub.

Əmisi Üzeyir bəy körpəni ilk dəfə Zülfüqar bəyin qucağında görəndə, onun baxışlarından çox xoşlanır və deyir: "Bu uşaq lap knyaza bənzəyir". Bir müddət uşağı zarafatla "Knyaz" deyə çağırırlar, amma yaş kağızında Niyazi adını yazdırırlar. Di gəl, Üzeyir bəyin verdiyi "Knyaz" adı həyatı boyunca maestro Niyazi adı ilə birgə səsləndi. Yaxın dostları onu həmişə "Knyaz" deyə çağırdılar.

Həyatı boyu bir dəfə evlənən maestronun Həcər xanımla tanışlığı təsadüfən olub. Belə ki, əslən Cənubi azərbaycanlı olan tələbə Həcər xanımla Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxınlıq yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birilərinə aşiq olurlar. Sonradan bu ailə İrana dönməli olur və Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. Qızın ailəsi bu izdivaca heç cür razı olmur. Bu səbəbdən də gənclər gizlicə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nikahı isə daha sonralar rəsmiləşdirilir. Beləcə, düz 51 il birgə ömür sürürlər.

Həcər xanım xatirələrində qeyd edir ki, gənclik illərində olduqca kasıb yaşayıblar. Hətta Niyazi ayaqları islanmasın deyə ayaqqabılarının içərisinə qat-qat qəzet qoyurmuş. Bu səbəbdən də Niyazi soyuqlayır və vərəm xəstəliyinə tutulur. Bəstərkarlar İttifaqının köməyi ilə onu Ukraynaya yollayırlar.

Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir. Və evdəki əşyaların hamısını, hətta maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl dirijor çubuğunu da oğurlayıb satır.

Dirijor ürək çatışmazlığından  71 yaşında vəfat edib. Əsl dəhşət isə onun ölümündən sonra baş verib. Belə ki, Niyazi dünyasını dəyişəndən beş il sonra Ceyhun onun evinə gələrək Həcər xanımdan pul istəyir, ancaq istədiyini əldə edə bilmədiyi üçün Həcər xanımı boğaraq qətlə yetirir. Bundan sonra o həbs olunur və deyilənlərə görə elə həbsxanada da dünyasını dəyişir...

 

Boris Pasternak

Ömrü özünü və həqiqəti axtarmaqla keçən şair. 70 illik həyatında sovetlərin həm sevimlisi, həm də düşməni olmuş adam. Tarixdə Nobel mükafatından imtina etmiş müəmmalı bir sovet şairi kimi qaldı.

Ancaq "Doktor Jivaqo" romanına görə Nobel alan  ilk sovet adamı idi. Söhbət XX əsr rus ədəbiyyatının unudulmaz simalarından olan yazıçı, şair, tərcüməçi Boris Leonidoviç Pasternakdan gedir...  Ədəbiyyata olan sevgisi, yazdığı şeirlər onun necə bir insan olduğunu izah edirdi. Bəzən deyirlər qadın şeirə bəhanədir. Bəlkə də Pasternakın qadınları da onun şeirləri, onun ədəbiyyatı üçün idi. Ədəbiyyat isə onun üçün yalnız həqiqətdən keçirdi. Yaşadığı cəmiyyətdən haqqı olan diqqəti və dəyəri görmədi. Ancaq Boris Pasternak ömrünün sonunadək həqiqəti yazmaqdan çəkinmədi. Şairin həyat yolunu izlədikcə qarşımıza üç söz çıxacaq: sevgi... çarəsizlik... həqiqət...

Boris Leonidoviç Pasternak  Moskvada rəssam və pianoçu ailəsində dünyaya gəlib. Uşaqlıqdan Pasternak öz evlərində məşhur insanlar görüb: doğulduğu evə musiqiçilər, rəssamlar, ədəbiyyatşünaslar təşrif buyurardı. Məhz buna görə, o, Rusiyanın ən məşhur incəsənət adamları ilə uşaqlıqdan tanış olmuşdu.

Pasternakın özü heç də pianoda pis ifa etmirdi, rəsm çəkməyi də yerindəydi. Beləcə, balaca Boris gördüklərini tətbiq edə-edə böyüdü. 18 yaşına çatanda Moskava İmperiya Universitetinin hüquq fakültəsinə daxil oldu, ancaq bir neçə il keçdikdən sonra fəlsəfə tarixi fakültəsinə köçürüldü. Bir neçə il fəlsəfəylə məşğul olan Pasternak anasının günlərlə yığdığı pulla Almaniyaya, ordakı tanınmış filosofların mühazirələrini dinləməyə gedir. Özünü bu sahədə yetişdirəcəyini düşünən Pasternak Almaniyada ümidsizliyə düşür. Geridə qalan pulla İtaliyaya getməyi qərara alır. Moskvaya geri qayıdanda isə Pasternak artıq fəlsəfənin içində bütövləşə bilməyəcəyini anlayır və poeziyaya atılır...

Şair Oktyabr inqilabı dönəmində yeni hökumətin qəddarlığını görsə də, onun inqilabı dəstəkləməkdən başqa çarəsi qalmır. Müasirləri, yaxın tanışları, dostları Pasternakın gözəl səsindən, yaraşığından danışmaqdan doymurdular. Deyilənə görə, Pasternakın görkəmində nəsə cazibəli bir şey vardı ki, o da insanı özünə cəlb edirdi. Onun əllərinin zərif, pianoçu əlləri kimi yumşaq olduğunu deyənlər də var. Pasternak qadınların daim diqqətindəydi. Bu adama vurulan çox qadın var idi. Pasternak öz tox duruşu, sakit təbiəti ilə digər kişilərdən seçilirdi. Bəlkə də qadınların ona vurğunluğu məhz bu səbəbdən idi. Onun ilk sevdiyi qadın rəssam olub. Adı Yevgeniya Lurye idi. Pasternak bu qadınla düz yeddi il yaşadı. Yeddi ildən sonra Zinaida adlı bir qadınla tanış olan şair  Yevgeniyanı tərk edir. O, Luryedən, yəni ilk qadınından ayrılıb Zinaida ilə evləndi. Bu onun ikinci evliliyi idi. On altı il xoşbəxtliyin zirvəsinə qalxan cütlüyün gözəl günləri yeni bir qadının peyda olmasıyla yoxa çıxacaqdı...  Olqa İvinskaya adlı qadın isə Pasternakın son seçimi idi. Ömrünün sonuna qədər şair bu qadının sevgisi ilə alışıb yandı...

Həyatının son günlərini  sakit və xəstə bir şəkildə keçirən Boris Pasternak 70 yaşında  xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişdi. Şairin tərəfdarları onun şeirlərini metro stansiyalarında adamlara paylayırdılar. Peredelkino bağındakı cənazə mərasiminə çoxlu adam gəlmişdi...

 

İlya Repin

Görkəmli rus rəssamı Repin İlya... "Burlaklar Volqada" əsəri ilə bütün dünyada  məşhurlaşan,  mistik gücə malik olan bu rəssamın fırçasında sanki bir sehr var idi...

İlya Repin  indiki Ukrayna ərazisində yerləşən Çuquyev şəhərində anadan olub. Atası hərbçi, anası isə müəllim idi. İlya Repin Bunakov adlı ikona sənətçisinin yanında şagird olaraq işləyib və ondan portret rəssamlığı üzrə ilkin təhsilini alıb. Çəkdiyi ikonaları yerli kilsələrə sataraq dolanışığını təmin edib. Daha sonralar Sankt-Peterburqa gedən rəssam Rus İncəsənət Akademiyasında təhsil almağa başlayıb.

Repinin fırçasının gücü qəribədir: onun bütün qəhrəmanları rəsm başa çatandan sonra vəfat edirdilər. Onların çoxu da öz əcəli ilə ölmürdü. Rəssamın "qurbanlar"ının arasında bu adları çəkmək olar: Musorqski, Pisemski, Piroqov, aktyor Mersi d`Arjanto. Fyodor Tyutçev isə Repin onun rəsmini hələ çəkməyə başlayanda vəfat edib. Bununla yanaşı, tamamilə sağlam kişilər də "Yedəkçilər" adlı əsəri çəkiləndən sonra vəfat ediblər.

İlya Repin əsərlərində Ukrayna və Rusiyadakı gündəlik həyatı təsvir edib və sosial haqsızlıqları göstərməyə çalışıb. Bundan başqa, tarixi və dini mövzularda rəsmlər, eləcə də əsasən bir sıra bəstəkar və yazıçıların portretlərini çəkib. Əsərlərində rəng və işıq oyunlarını ustalıqla istifadə etməsi impressionizmin təsiri şəklində qiymətləndirilib, çəkdiyi insan portretləri isə duyğuları əks etdirməsi ilə önə çıxıb.

Həyatı boyu iki dəfə evli olan rəssam birinci xanımı Vera Şevtsova ilə 15 il həyat sürüb. Bu izdivacdan onun 3 qızı, 1 oğlu dünyaya gəlib. İkinci həyat yoldaşı isə ədəbiyyatşünas və fotoqraf Nataliya Nordman olub və o gənc yaşda vərəm xəstəliyindən həyatını itirib.

Tədricən iş qabiliyyətini itirən rəssam 86 yaşında dünyasını  dəyişib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".