DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-IN DÜNYA ARENASI ILƏ BAĞLI NIYYƏTI AÇIQLANIB

ABŞ dünya arenasında lider olmaq niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə  prezident Cozef Bayden bəyan edib.

Eyni zamanda, ABŞ lideri qeyd edib ki,  o artıq Avropadadır və bir neçə sammitdə iştirak edəcək. Bu tədbirlər arasında “Böyük yeddilik” ölkələrinin görüşü və NATO-nun iclası da var.

“Sonra isə Vladimir Putinlə görüşəcəm ki, o nə istədiyimi bilsin”, - deyə Cozef Bayden vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, səfərinin bütün mərhələlərində “Amerikanın artıq geri qayıtdığını” bəyan edəcək.

Qeyd edək ki, ABŞ və Rusiya rəhbərlərinin görüşündə Ukrayna məsələsi də müzakirə olunacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

TÜRKIYƏDƏ YERLI PEYVƏNDIN SON SINAQ MƏRHƏLƏSI BAŞLAYIB

Türkiyədə “COVID-19”a qarşı peyvəndin vurulmasına namizəd olan könüllülər üzərində sınaqların son mərhələsi başa çatıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca koronavirusla mübarizə üzrə Elmi Məsləhət Şurasının virtual iclasından sonra bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, gələn həftə Türkiyədə üçüncü faza çərçivəsində insanlar üzərində sınaqlar məqsədilə könüllülər peyvənd olunacaq. “Bir çox peyvənd istehsalı üzrə layihələr həyata keçirilir. Onlardan biri son mərhələyə çatıb”, - deyə nazir qeyd edib.

Fahrettin Koca əlavə edib ki, Türkiyə iyunun 10-da koronavirusa qarşı peyvəndləmə kampaniyasının yeni bir mərhələsinə qədəm qoyur. Belə ki, bu kampaniya çərçivəsində 45 və yuxarı yaşda olan insanlar peyvənd olunacaq.

 

POLŞADA RUSIYAYA CASUSLUQ EDƏN ŞƏXS HƏBS OLUNUB

Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın xeyrinə casusluqda ittiham olunan Yanuş N. adlı keçmiş jurnalisti  həbs edib. “Report”un verdiyi xəbərə görə, bu barədə Polşanın Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluqdan bildirilib ki, Yanuş N. Rusiya kəşfiyyat əməkdaşlarının tapşırığı üzrə Polşa və xarici siyasətçilər, o cümlədən Avropa Parlamentində işləyənlərlə təmas qurmalı imiş. “Təqsirləndirilən şəxs Polşanın Avropa İttifaqında və beynəlxalq arenada mövqeyini zəiflətmək məqsədi ilə Avropa İttifaqı və başqa ölkələrdə Rusiyanın tapşırığını yerinə yetirib”, - deyə açıqlamada bildirilir.

Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İttihamlar təsdiqlənəcəyi halda Yanuş N-i 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

MƏRMƏRƏ DƏNIZINDƏ EKOLOJI FƏLAKƏT YAŞANIR

Türkiyədə Mərmərə dənizinin sahillərində ekoloji fəlakət yaşanır. Belə ki, su səthi ilə sahil kənarını qalın tünd rəngli məhlul bürüyüb. Onu, adətən, dəniz seliyi adlandırırlar. Bu barədə “Sputnik” informasiya agentliyi xəbər verib.

Sahilin və dəniz suyunun təmizlənməsi üçün bütün mümkün vasitələrdən, o cümlədən texnika və dalğıclardan istifadə olunur.

Özlüyündə dəniz seliyi təbii yaşıl lildir, isti havada və suyun çirklənməsi nəticəsində “yemi” bol olan zaman çox sürətlə artır.

Yerli dalğıclar bildiriblər ki, Mərmərədə hətta 25-30 metr dərinlikdə də dəniz seliyinə rast gəliblər. Bu cür hadisə dəniz canlılarının məhvinə gətirib çıxara bilər.

Mütəxəssislər Mərmərənin dəniz seliyinin əsarətinə düşməsinə səbəb kimi su hövzəsinə təmizlənməmiş sənaye sularının axıdılmasını və orta temperaturun artmasını göstərirlər.

Əvvəllər Mərmərə dənizində bu miqdarda dəniz seliyinə rast gəlinməyib. Axarların təmizlənməsi üçün təcili tədbirlər görülərsə, o zaman suda oksigenin miqdarı beş-altı il ərzində bərpa oluna bilər.


NATO QOŞUNLARINI UKRAYNAYA GÖNDƏRIR

Minlərlə əsgər, yüzlərlə zirehli texnika, onlarca təyyarə və gəmi - Ukrayna NATO ilə birgə son illərin ən irimiqyaslı “Sea Breeze-2021” təliminə hazırlaşır. Bu barədə “Sputnik” informasiya agentliyinin “RİA Novosti”nin şərhçisi Andrey Kotsa istinadən verdiyi xəbərə görə, Moskva əmindir ki, qoşunların döyüş hazırlığının yoxlanmasından başqa Pentaqonun gizli məqsədləri də var.

Ukrayna ərazisində “Sea Breeze” təlimləri 1997-ci ildən etibarən praktiki olaraq hər il keçirilir. Lakin indiyə qədər təlimlərdə bu qədər hərbçi iştirak etməyib. Belə ki, Ukrayna silahlı qüvvələri ilə yanaşı təlimlərdə əksəriyyəti NATO-ya daxil olan 27 ölkənin əsgər və zabitləri iştirak edəcəklər.

Ukrayna Müdafiə Nazirliyinin rəsmi press-relizlərinə əsasən, manevrlərə 4 minə qədər hərbi qulluqçu, 40 döyüş gəmisi, kater və təminat gəmisi, 30 təyyarə və vertolyot, habelə 100-dən çox yerüstü texnika cəlb olunacaq.

Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Belə ki, təlimlərin ən aktiv fazası məhz Rusiya sərhədlərinin bilavasitə yaxınlığında keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkovun sözlərinə görə, onun təmsil etdiyi qurum “Sea Breeze”in gedişatını diqqətlə izləyəcək və yaranmış vəziyyətə adekvat reaksiya verəcək.

 

KÜRDLƏRLƏ PKK ARASINDA GƏRGINLIK PIK HƏDDƏ ÇATIB

PKK terror təşkilatının İraqın Duhok şəhərində peşmərgə qüvvələrinə qarşı qurduğu tələdən sonra intiqam almaq niyyətini ortaya qoyan Məsud Bərzani cəbhəsində hazırlıqlara başlanılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Şimali İraq Muxtar Bölgəsinə bağlı peşmərgə qüvvələrinin PKK terrorçularına qarşı əməliyyat keçirməsinin an məsələsi olduğu bildirilir.

Faktiki olaraq PKK terrorçuları ilə peşmərgə qüvvələri arasında gərginlik qarşıdurmaya çevrilib. Şimali İraq Muxtar Bölgəsinə qarşı hücumları terror aktı olaraq qiymətləndirən Məsud Bərzani PKK-dan intiqam alacaqlarını bəyan edib.

Məlumat üçün qeyd edək ki, PKK ilə muxtariyyət arasında 380 kilometrlik təmas xətti mövcuddur. Bəzi mənbələr isə qeyd edirlər ki, muxtariyyət bütövlükdə hərbi arsenalını müharibəyə hazır vəziyyətə gətirib.

 

ABŞ İRANLA DANIŞIQLARI BƏRPA EDIR

“Bu həftənin sonunda Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq üçün danışıqlar bərpa olunacaq”. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ-ın dövlət katibinin müavini Vendi Şerman bəyan edib.

“Biz ciddi irəliləyiş əldə etmişik. Lakin son detallar razılaşdırılmayanadək anlaşmanın olub-olmayacağını qeyd edə bilmərik”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Vendi Şerman bildirib ki, iyunun 18-də İranda keçiriləcək prezident seçkiləri danışıqları mürəkkəbləşdirir.

 

SIBIRDƏ 24 MIN IL YAŞI OLAN CANLI TAPILIB

Sibirdə donmuş torpaq təbəqəsində çoxhüceyrəli mikroskopik bir canlının 24 min il yaşı olduğu müəyyən edilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Rusiyalı alimlərin Sibir bölgəsində tədqiqat apararkən yığdıqları donmuş torpaq nümunəsində “Bdelloid rotifer” adlı mikroskopik canlı aşkar edilib.

Əldə edilən nümunənin içərisində donmuş halda bu çoxhüceyrəli orqanizmi araşdıran alimlər canlının həyat funksiyasının davam etdiyinin şahidi olublar.

Orqanizmin yaşını təyin etmək üçün radio-karbon testləri aparan tədqiqatçılar canlının yaşının 24 min il olduğunu müəyyənləşdiriblər.

Araşdırma qrupundan Stas Malavin bu elmi işin çoxhüceyrəli heyvanların kriptobiyoz halında on minlərlə il yaşaya biləcəklərini isbat edən çox güclü bir əsas olduğunu vurğulayıb.