DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏNİN ƏN MƏXFİ SƏNƏDİ HESAB OLUNAN “QIRMIZI KİTAB” YENİLƏNİR

Türkiyənin “gizli konstitusiyası” kimi xarakterizə edilən və ictimaiyyət arasında “Qırmızı kitab” adı ilə tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi istiqamətində işlərə başlanılıb. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi sənədin yenilənməsi üçün hərəkətə keçib.

Məlumata əsasən, artıq sənədin yenilənməsi ilə bağlı nazirliklər və aidiyyəti qurumlardan rəylər alınmağa başlanılıb. Araşdırmalardan sonra məsələnin aprelin əvvəlində Ərdoğanın sədrliyi ilə keçirilməsi planlaşdırılan Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir.

Bildirilir ki, “Qırmızı kitab” məzmununa görə dövlətin daxili və xarici təhlükə kimi gördüyü faktorları maddə-maddə özündə əks etdirən sənəddir. Sənəd Milli Təhlükəsizlik Şurasının iclaslarında təhdid dəyişikliklərinə uyğun olaraq vaxtaşırı yenilənir.

Milli təhlükəsizliyin təmin edilməsi və milli məqsədlərə nail olmaq üçün Milli Təhlükəsizlik Şurasının müəyyən etdiyi fikirlər çərçivəsində daxili, xarici və müdafiə fəaliyyətləri metodları prinsiplərini əhatə edən sənəd sonuncu dəfə 2019-cu il 30 sentyabr tarixli iclasda müzakirə edilib.

BMT-DƏN RUSİYA-UKRAYNA MÜHARİBƏSİ İLƏ BAĞLI SİYASƏTÇİLƏRƏ ÇAĞIRIŞ

BMT dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırır. “Report” agentliyinin xəbərinə görə, bu barədə təşkilatın baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

“Münaqişə başlayandan bəri vəziyyəti gərginləşdirə biləcək çoxlu ritorika gördük. Bizim çağırışımız dəyişməyib. Belə ritorikadan qaçmaq lazımdır”, - deyə BMT rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. O, həmçinin hazırda bu məsələ ilə bağlı Avropa ölkələri arasında konsensusun olmadığını diqqətə çatdırmışdı.

Bundan sonra Böyük Britaniya, Almaniya, Macarıstan, Polşa, Avstriya və digər Avropa ölkələrinin liderləri, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq bəyan ediblər ki, Ukraynaya hərbi personal göndərmək planları yoxdur. Ağ Ev, həmçinin əmin edib ki, Ukraynada ABŞ-ın hərbi mövcudluğu olmayacaq.

İLON MASK: QANUNSUZ MİQRASİYA ABŞ-da FƏLAKƏTƏ SƏBƏB OLACAQ

Amerikalı milyarder İlon Maskın fikrincə, ABŞ-a qanunsuz miqrasiyanın davam etməsi ölkədəki bütün sistemlərin çökməsi ilə nəticələnəcək. “Trend” agentliyinin xəbərinə görə, iş adamı bu fikri özünün sosial şəbəkə platformasında qeyd edib.

“Amerikalılar Yer kürəsi əhalisinin 4 faizini təşkil edir. Əlavə 1 faiz insanın bura köçməsi ölkənin bütün əsas xidmətlərinin məhvinə səbəb olacaq. Qanunsuz mühacir axını ölkəni kollapsa sürükləyir”, - deyə sahibkar bildirib.

İlon Maskın sözlərinə görə, ABŞ administrasiyasının miqrasiya siyasəti ölkəni dünyanın müxtəlif yerlərindən ən təhlükəli cinayətkarlar üçün sığınacaq yerinə çevirib.

Qeyd edilir ki, qanunsuz miqrasiya bir neçə ildir cənub ştatları ilə federal hökumət arasında mübahisələrə səbəb olur. Ən gərgin vəziyyət ABŞ administrasiyasının siyasətinə qarşı çıxan Texas ştatında yaranıb.

Texas hakimiyyətinə dəstəyini bundan əvvəl də ifadə edən İlon Mask rəsmi Vaşinqtonu qanunsuz miqrasiyaya göz yummaqda günahlandırıb.

KÖÇƏRİ VƏHŞİ HEYVAN NÖVLƏRİ YOX OLMAQ TƏHLÜKƏSİ ALTINDADIR

Köçəri vəhşi heyvan növlərinin qorunması haqqında Konvensiyada (CMS) sadalanan 1189 növdən beşdə biri populyasiyanın azalması ilə üzləşir. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, söhbət balinalardan, köpəkbalıqlarından, fillərdən, vəhşi pişiklərdən, quşlardan, həşəratlardan və başqalarından gedir.

BMT agentliyinin hesabatında qeyd olunur ki, tədqiq olunan növlərin 44 faizinin populyasiyası azalmaqdadır. Alimləri ən çox miqrasiya edən balıqların vəziyyəti narahat edir: onların 97 faizi tələf olur.

Hesabat köçəri növlərin vəziyyətini qiymətləndirən ilk sənəd olub. Müəlliflər belə qənaətə gəliblər ki, bu növlər üçün əsas təhlükə insan tərəfindən təbii yaşayış mühitinin həddən artıq istismarı və dağıdılmasıdır. Yolların çəkilməsi, infrastrukturun qurulması və kənd təsərrüfatı işləri hevanların miqrasiyasını pozur, onların öz marşrutlarını tamamlamasına mane olur.

Bununla yanaşı, iqlim dəyişikliyi də sözügedən heyvan növlərini təhlükə altına alır. Artan temperatur heyvanları ilin müxtəlif vaxtlarında ariallarından daha da uzaqlaşmağa məcbur edir ki, bu da onların çoxalma prosesinə ciddi təsir göstərir.

RUSİYA DÖVLƏT DUMASININ SƏDRİNDƏN MAKRONA XƏBƏRDARLIQ

Hakimiyyətini qorumağa çalışan Fransa prezidenti Emmanuel Makron Üçüncü Dünya müharibəsini qızışdırmaq cəhdindən yaxşı heç nə düşünmür. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib.

“Makron Ukraynaya NATO qoşunlarının göndərilməsi ehtimalı da daxil olmaqla, ölkəsinin əhalisi və bir sıra Avropa dövlətlərinin başçılarını dəhşətə gətirən yüksək səslə açıqlamalar verib. Makron hakimiyyətini saxlamaq üçün belə bir bəyanatla çıxış edib. Onun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəlidir”, - deyə Volodin bildirib.

Dövlət Dumasının sədrinin sözlərinə görə, hətta Almaniya Kansleri Olaf Şoltz da Hitleri xatırlayaraq belə sərsəm avantürizmdən heyrətə gəlib.

Eyni zamanda, Volodin Fransa prezidentini belə bəyanatlar verməzdən əvvəl bunun Napoleon və onun 600 minlik ordusu üçün necə bitdiyini xatırlasa yaxşı olardı.

İRANDA TERROR AKTI TÖRƏTMƏYƏ CƏHD EDİLİB

İranın Sistan və Bəlucistan əyalətində terror aktı törətməyə cəhd edən terrorçulardan biri vaxtından əvvəl baş verən partlayış nəticəsində dünyasını dəyişib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Zahidan əyalətinin prokuroru Mehdi Şəmsabadi məlumat verib.

“İki terrorçu “Mohammədan” nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul xidməti həyata keçirən avtomobili partlatmaq məqsədi ilə ölkəyə daxil olub, lakin onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb”, - deyə prokuror qeyd edib. Onun sözlərinə görə, ikinci terrorçu hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Sistan və Bəlucistan əyaləti İranda gərginliyin olduğu bölgələrdən biri sayılır. Bu region Pakistan və Əfqanıstanla həmsərhəddir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin böyük hissəsi, eləcə də yanacaq və digər məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasının böyük hissəsi bu ərazi vasitəsilə həyata keçirilir.

ANTARKTİDADA BUZLAQLAR SÜRƏTLƏ ƏRİYİR

Antarktidada dəniz buzları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə enib. “Trend” agentliyinin xəbərinə görə, qitə ətrafında üzən buzlaqların sahəsinin 2 milyon kvadrat kilometrdən aşağı düşdüyü müəyyən edilib.

Cənub yarımkürəsində yerləşən və cənub qütbünü ehtiva edən Antarktida qlobal istiləşməyə ən çox məruz qalan ərazidir. Qlobal istiləşmə nəticəsində Antarktidanın buzlaqları əriyir və dəniz səviyyəsini yüksəldir.

Antarktidada dəniz buzunun peyklə ölçülməsinə 1979-cu ildə başlanılıb. Ərimə həddi 2022-ci ilə qədər nəzərə çarpacaq dərəcədə pozulmamışdı. Lakin son üç ildə bu həddi keçib və buz kütləsi ən aşağı səviyyəyə enib.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin yeni açıqlamasına görə, son üç il qitə ətrafında üzən dəniz buzunun ərimə miqdarı ən aşağı göstərici və rekord həddədir.

Qeyd edək ki, Antarktidanın dəniz buzlaqları hər il fevral ayında qitənin yay mövsümü səbəbindən əriyirdi, lakin bu qədər ərimə hələ müşahidə olunmamışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.