DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

YAXIN ŞƏRQDƏKİ VƏZİYYƏTƏ GÖRƏ Aİ-NİN BÖHRAN MEXANİZMİ İŞƏ SALINIB

2023-cü ilin sonuna qədər Avropa İttifaqı Şurasına sədrlik edən İspaniya Yaxın Şərqdəki vəziyyətlə əlaqədar böhran mexanizmini işə salıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Bildirilir ki, Aİ-nin böhran mexanizmi əsas məlumatların toplanması və böyük böhranlar zamanı siyasi qərarların sürətli koordinasiyası üçün olan prosedurdur.

Eyni zamanda, bu mexanizm humanitar yardım, qaçqın axını və təhlükəsizliklə bağlı məlumatları birləşdirmək məqsədi daşıyır. Mexanizm üzvləri oktyabrın 20-də müzakirələr üçün ilk iclasını keçirəcəklər.

Nəşr həmiçinin vurğulayır ki, Yaxın Şərq böhranı regionda zorakılığın artmasına gətirib çıxara və Aİ-nin xarici və daxili təhlükəsizliyinə təsir göstərə bilər.

Məlumat üçün qeyd edək ki, mexanizm Ukraynadakı münaqişə səbəbindən və koronavirus pandemiyasının ən qaynar çağında artıq işə salınıb.

YOAV QALANT: HƏMAS-A QARŞI BÜTÜN TAPŞIRIQLAR  YERİNƏ YETİRİLƏCƏK

İsrailin müdafiə naziri Yoav Qalant HAMAS-ın hücumunun qarşısını ala bilmədiyi üçün özünü günahlandırıb. “The Times of İsrael” nəşrinin verdiyi xəbərə görə, nazir bunu jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Bununla yanaşı, nazirin sözlərinə görə, o, son iki həftə ərzində, hazırkı çətin vəziyyətdə İsrailin qələbə əldə etməsi üçün cavabdehdir və məsuliyyət daşıyır. Qalant həmçinin bildirib ki, İsrail ordusu HAMAS-a qarşı bütün tapşırıqlarını yerinə yetirəcək.

Yoav Qalantdan əvvəl İsrail Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə səbəb olan nöqsanlara görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, ordu komandanlığının yüksək rütbəli nümayəndələri və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri də analoji etiraflarla çıxış ediblər.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başlayıb və ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

RUSİYA PAYTAXTINDA POLİS GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇİB

Dünyada müsəlmanlarının kütləvi etirazları ilə əlaqədar Rusiyanın paytaxtı Moskva şəhəri və onun vilayətində polis gücləndirilmiş iş rejiminə keçib. Bu barədə “Sputnik” informasiya gentliyi məlumat yayıb.

Bildirilib ki, gücləndirilmiş iş rejimi oktyabrın 19-dan növbəti xəbərdarlığa, xüsusi sərəncama qədər tətbiq edilib.

Məlumata əsasən, Daxili İşlər Nazirliyinin əməkdaşlarının regionu tərk etməsi qadağan edilib, növbələrin davam müddəti 12 saata qədər artırılıb.

Eyni zamanda, qeyd olunub ki, polis rəhbərliyi Fələstində baş verən hadisələrə görə Moskvada müsəlmanların mümkün etirazlarına belə hazırlaşır.

Xatırladaq ki, son iki gündə bir çox ölkədə müsəlmanların etiraz mitinqləri keçirilib. Nəticədə aksiya iştirakçıları ilə yerli hakimiyyət orqanları və polis arasında toqquşmalar baş verib.

LİVAN ƏRAZİSİNDƏN İSRAİLƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİLİB

Livan ərazisindən İsrailin şimalına atılan 6 raket səbəbilə hava hücumu xəbərdarlığı siqnalı işə düşüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Ordusunun açıqlamasında qeyd olunub.

Məlumata əsasən, İsrail hava hücumundan müdafiə sistemləri 1 raketi zərərsizləşdirib, digər 5 raket isə açıq ərazilərə düşüb. İsrail ordusu hücumların həyata keçirildiyi bölgələri hədəf aldığını bildirib.

Bununla yanaşı, Livanın “Hizbullah” hərəkatının verdiyi açıqlamada isə sərhəd bölgəsində 4 kazarma, bir müşahidə qülləsi və hərbi-texniki maşınlara hücum edildiyi vurğulanır.

Qeyd edək ki, “Hizbullah” ilə İsrail ordusu arasında oktyabrın 8-də başlayan qarşıdurmalarda indiyədək 12 “Hizbullah” üzvü və 2 İsrail əsgəri həlak olub.

Verilən xəbərə görə, Livanla sərhəddə baş verən qarşıdurmalarda biri jurnalist olmaqla 3 mülki şəxs, İsraildə isə bir nəfər həyatını itirib.

İRAN XİN BAŞÇISI: REGİONDA VƏZİYYƏT KRİTİK MƏRHƏLƏYƏ ÇATIB

İran xarici işlər naziri Hüseyn Əmir Abdulahiyan səudiyyəli həmkarı Feysəl bin Fərhanla görüşündə İsrail-Fələstin münaqişəsini müzakirə edib. Bu brədə “Teleqraf.com”un məlumatında qeyd olunur.

Verilən xəbərə görə, İranlı nazir həmkarına “Hizbullah”, HƏMAS və “İslami Cihad” hərəkatlarının liderləri, eləcə də region liderləri ilə keçirdiyi görüşlər barədə məlumat verib.

Eyni zamanda, Hüseyn Əmir Abdulahiyan müsəlman ölkələrinin birgə səylərinin vacibliyini vurğulayıb. İranın baş diplomatı qeyd edib ki, regionda vəziyyət kritik mərhələyə çatıb və nəzarətdən çıxa bilər, ona görə də zaman amili böyük əhəmiyyət kəsb edir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Qəzzadakı durumdan narahatlığını dilə gətirib. Feysəl bin Fərhan rəsmi Ər-Riyadın bu istiqamətdə səylərini davam etdirəcəyini diqqətə çatdırıb.

PAKİSTAN RUSİYA İLƏ UZUNMÜDDƏTLİ ƏMƏKDAŞLIĞA ÜMİD EDİR

Pakistan Rusiya ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığa ümid edir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Pakistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Baloç bildirib.

“Pakistan enerji sektorunda Rusiya ilə təmasdadır. Biz Rusiyadan ilk neft tədarüklərini almışıq və biz uzunmüddətli əməkdaşlığı, xüsusən də enerji sektorunda səbirsizliklə gözləyirik”, - deyə Pakistan XİN nümayəndəsi bildirib.

Qeyd edilir ki, iki ölkə arasında müqavilənin şərtləri ilə bağlı aylarla davam edən danışıqlardan sonra Pakistan bu ilin aprelində 100 min ton Rusiya xam nefti üçün ilk sifarişini verib. Rusiyadan xam neft daşıyan iki gəmi iyunun 11 və 26-da Kəraçi limanına gəlib. Bu gəmilər ümumilikdə 101 min ton xam neft gətiriblər.

Daha öncə Moskvada keçirilən Rusiya Enerji Həftəsi zamanı Pakistanın energetika naziri Məhəmməd Əli bildirib ki, rəsmi İslamabad gələcəkdə neftə olan tələbatının təxminən 10 faizini Rusiyadan tədarük hesabına ödəyə biləcəyini gözləyir.

İSRAİL ORDUSU HƏMAS-IN YÜKSƏK VƏZİFƏLİ QADIN ÜZVÜNÜ ZƏRƏRSİZLƏŞDİRİB

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvü olan Cəmilə əl-Şantini zərərsizləşdirib. “Report” agentliyinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, 68 yaşlı siyasətçi HƏMAS-ın Siyasi Bürosunun ilk qadın üzvü, təşkilatın qadın qolunun qurucusu olub.

Bildirilir ki, Qəzzada İslam Universitetində müəllim işləmiş Cəmilə əl-Şanti 2006-cı ildə HƏMAS-dan parlamentə deputat seçilib. Eyni zamanda 2021-ci ildə qadın məsələləri üzrə nazir təyin olunub.

Bununla yanaşı, məlumata əsasən, o, İsrail hökumətinin vaxtilə zərərsizləşdirdiyi HƏMAS lideri Əbdül Əziz əl-Rantisinin həyat yoldaşıdır.

Qeyd edək ki, HƏMAS qruplaşmasının həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1400-ə çatıb, 4475 İsrail vətəndaşı yaralanıb. Ərazidə 1300-dən çox bina dağılıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.