DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ SENATORLARINDAN COZEF BAYDENƏ UKRAYNA İLƏ BAĞLI ÇAĞIRIŞ

ABŞ Senatının 42 respublikaçı üzvü prezident Cozef Baydenə məktub göndərərək Ukraynaya daha konkret müdafiə yardımı göstərməyə çağırıb. “Teleqraf.com”un xəbərinə görə, senatorlar məktubda Baydenin Ukraynaya müdafiə yardımını alqışladıqlarını, lakin administrasiyanın Ukraynaya təcili ehtiyacı olan döyüş təyyarələri göndərməkdə qeyri-adekvat olduğunu bildiriblər.

“Ukraynaya silah göndərilməsini yüksək qiymətləndiririk, lakin Polşanın döyüş təyyarələrini Ukraynaya təhvil vermək variantını rədd etmək qərarınızla qətiyyən razılaşmırıq”, - deyə məktubda qeyd olunub.

Senatorlar vurğulayıblar ki, onlar Bayden administrasiyasını Polşa və digər NATO ölkələri ilə birlikdə təcili ehtiyacının olduğu döyüş təyyarələrini Kiyevə mümkün qədər tez göndərməyə təşviq edirlər.

Ukraynaya döyüş təyyarələri göndərilməsi ilə bağlı ABŞ və Polşa arasında fikir ayrılığı yaranıb. Polşa döyüş təyyarələrini birbaşa Ukraynaya verə bilməyəcəyini, lakin bunları ABŞ-ın Almaniyadakı bazasına çatdırmağa hazır olduğunu açıqlayıb, ABŞ isə bu variantı qəbul etməyib.

 

PAKİSTANDAN HİNDİSTANA XƏBƏRDARLIQ

Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, Hindistandan atılan raket Pakistanın ərazisinə düşüb.

Qeyd olunub ki, Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan XİN-nə çağırılıb və ona etiraz notası təqdim olunub.

“Hindistan hökumətinə bu cür səhlənkarlığın pis nəticələrinin olacağını nəzərə alması və gələcəkdə belə halların təkrarlanmaması üçün təcili təsirli tədbirlər görməsi barədə xəbərdarlıq edilib”, - deyə nazirlikdən bildirilib.

Rəsmi İslamabad isə bildirib ki, 2022-ci il martın 9-da Hindistanın Suratqarxa rayonundan Pakistanın Mian-Çannu şəhəri yaxınlığına düşən raket mülki şəxslərin əmlakına ziyan vurub.

           

ÖZBƏKİSTAN VƏ İRAN BIRGƏ TƏHLÜKƏSİZLİK KOMİSSİYASI YARADIB

Özbəkistan və İran arasında Birgə Təhlükəsizlik Komissiyası yaradılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Daşkənddə Özbəkistan Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxaninin iştirakı ilə komissiyanın ilk iclası keçirilib.

Bildirilir ki, görüşdən əvvəl Mahmudov və Şamxani Birgə Təhlükəsizlik Komissiyasının yaradılması haqqında sənədi imzalayıblar.

Məlumata əsasən, sənəd birgə komissiyanın yaradılması, eləcə də iki ölkə arasında terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transsərhəd mütəşəkkil cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın hüquqi əsasını təşkil edəcək.

Şamxanini ölkədəki təmasları çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də qəbul edib.

 

RUSİYANIN BÖHRANDAN ÇIXMASI ÜÇÜN 1 TRİLİYON RUBL LAZIMDIR

Rusiya iqtisadiyyatına sanksiyaların təsirindən çıxmaq üçün 1 trilyon rubldan çox vəsait lazım olacaq. “APA”nın xəbərinə görə, bu barədə “İzvestiya” qəzeti Nazirlər Kabinetinin plan layihəsinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu vəsaitin böyük hissəsi sosial dəstəyə, daha doğrusu məşğulluğun stimullaşdırılmasına və işsiz qalanlara yönləndiriləcək.

Verilən xəbərə görə, kiçik və orta biznesə kömək üçün 23,3 milyard rubl, sənayeni dəstəkləmək üçün isə 20 milyard rubl ayrılacaq.

Bununla yanaşı, əmanətlərin sığortalanması həddinin 1,4 milyon rubldan 2 milyon rubla qədər artırılması da nəzərdən keçirilir.

 

PUTİN: DANIŞIQLARDA MÜSBƏT ADDIMLAR MÜŞAHİDƏ OLUNUR

“Rusiya və Ukraynanın danışıqlarında müəyyən müsbət addımlar müşahidə olunur”. “Trend” agentliyinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı bəyan edib.

“Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, danışıqlar indi demək olar ki, gündəlik əsasda keçirilir. Bizim tərəfimizdən nümayəndələrin mənə məruzə etdiyi kimi, bu istiqamətdə müəyyən müsbət addımlar var”, - deyə Vladimir Putin vurğulayıb.

Bununla yanaşı, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara toxunan Vladimir Putin əlavə edib ki, bu sanksiyalar yekunda Rusiyanın xeyrinə olacaq.

“Biz daha çox səlahiyyətlər, bacarıqlar əldə edəcəyik. Bu, bizə daha müstəqil olmaq üçün imkan yaradacaq və əvvəllər olduğu kimi, yekunda bizim xeyrimizə olacaq”, - deyə V.Putin əlavə edib.

 

MIXEIL SAAKAŞVİLİNİN SAĞLAMLIQ DURUMU ACLIQ AKSIYASINA GÖRƏ PISLƏŞIB

Gürcüstan ombudsmanı keçmiş prezident Mixeil Saakaşvilini lazımi tibbi müayinələr üçün dərhal xəstəxanaya köçürülməsinə çağırış edib. “Report”un xəbərinə görə, bu barədə xalq müdafiəçisinin Xüsusi Penitensiar Xidmətə ünvanladığı məktubda bildirilib.

Müraciətdə qeyd olunub ki, martın 9-da ombudsman aparatının nümayəndələri M.Saakaşvilini ziyarət edib və tibbi heyətlə söhbət aparıblar. Müəyyən olunub ki, keçmiş dövlət başçısı dərhal müvafiq müayinələrdən keçirilməli və ona əlavə tibbi xidmətlərin göstərilməsi zəruridir.

Həkimdən əldə olunan məlumata əsasən, M.Saakaşvilinin sağlamlıq durumu aclıq aksiyasına görə pisləşib, onun bir sıra göstəriciləri və şikayətləri xüsusi diqqət tələb edir. Qeyd edilən müayinələrin aparılması üçün həbsxanada müvafiq şəraitin olmadığı bildirilib.

 

RUSİYANIN “SWIFT”DƏN AYRILMASI TÜRKIYƏ ILƏ TİCARƏTİ İNKİŞAF ETDİRƏ BILƏR

Bir sıra Rusiya banklarının “SWIFT” beynəlxalq ödəniş sistemindən ayrılması Rusiya ilə Türkiyə arasında milli valyutalarda ticarətin inkişafına xidmət edə bilər. “Trend”in məlumatına görə, bu barədə Türkiyə İxracatçılar Birliyinin açıqlamasında qeyd olunur.

Məlumata əsasən, Rusiyaya qarşı tətbiq olunan sanksiya və məhdudiyyətlərə baxmayaraq, fevral ayında Türkiyə lirəsi ilə ixrac təxminən 100 faiz artıb.

Eyni zamanda, Türkiyə İxracatçılar Birliyi bildirib ki, “SWIFT” sistemindən ayrılma Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükünə təsir etməyəcək.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında milli valyutalarda hesablaşmalar barədə saziş 2019-cu ilin oktyabrında imzalanıb.

 

AVROPADA “DELTAKRON” ŞTAMMI AŞKARLANIB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “deltakron” ştammının Avropada üzə çıxması barədə xəbərdarlıq edib. “Report”un məlumatına görə, bunu ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove brifinq zamanı bildirib.

ÜST rəsmisinin sözlərinə görə, “deltakron” Avropanın bir sıra ölkələrində qeydə alınsa da, yoluxma faizi aşağıdır.

“Yeni ştamm Fransa, Niderland və Danimarkada müəyyən edilib. Lakin infeksiyanın çox aşağı yoluxma səviyyəsi aşkar olunub”, - deyə ÜST rəsmisi əlavə edib.

Məlumat üçün qeyd edək ki, koronavirusun “deltakron” ştammı “delta” və “omikron” alt növlərinin birləşməsindən yaranıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.