Zəfər – Xalqın yaddaşı
Siyasət

Zəfər – Xalqın yaddaşı

Düz otuz il əvvəl bir millətin torpaqları dünyanın gözü qarşısında qəsb edilib, 1 milyondan artıq insan öz yurd-yuvasını, torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Ermənistanın Azərbaycan ərazisi olan Qarabağı işğal etməsi tarixin qanlı səhifələrinə həkk olundu. Təbii ki, bu  vəhşiliyə son qoyulmalı idi. Otuz illik səbir bir gün daşdı. Həmin gün meydana tamam başqa Azərbaycan çıxdı.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycanda dinc əhaliyə qarşı hücum planlaşdırdı. Bu durumdan sonra ölkəmiz əks-hücum əməliyyatına başladı. Çünki illərlə aparılan diplomatiya nəticə vermirdi. Bu münaqişə artıq bitməli idi. Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə bu məsələ ilə bağlı dünyaya qətiyyətli mesajlar verirdi.

2020-ci ildə dünya bir daha diqqətini Qarabağa çevirdi. Azərbaycan işğal edilən torpaqlarını azad etmək üçün mübarizə apararkən, Ermənistan Birinci Qarabağ müharibəsində olduğu kimi, qadağan olunmuş silahlarla günahsız insanları qətlə yetirməyə davam edirdi. Azərbaycanın Qarabağ sərhədinə yaxın şəhərləri olan Gəncə, Bərdə və Tərtər "Smerç" raketləri ilə hücuma məruz qalırdı. Ermənistan dünyanın gözü qarşısında yenidən qırğınlar törədirdi. Çox vaxt baş verənləri izah etməyə sözlərin aciz qaldığı bir anlar idi. Qeyri-insani hücumların baş verdiyi o günlərdə dünya yenə kor, kar, lal idi.

Günlər keçdikcə mülki əhalinin itkiləri artırdı. Azərbaycan isə qisası cəbhədə alırdı. Ordumuz addım-addım irəliləyir, Ermənistanın işğal etdiyi torpaqları bir-bir azad edirdi. O günlərdə xalqın bütün fikri Şuşada idi. Xalq Şuşanın işğaldan azad olunmasını gözlədiyi bir vaxtda müharibənin ağır günlərini işıqlandıran türkiyəli müxbir Fulya Öztürk və onun "CNN Türk"ə dediyi  sözlər böyük həyəcana səbəb olmuşdu.

- Siz yaxşısınız? Biz bu dəqiqə Füzulidəyik,

- Biz isə Şuşaya, oradakı əsgərlərə çörək aparırıq.

Bəli, əsgərin bu sözlərindən iki gün sonra, yəni 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad olunduğunu bildirdi. Ermənistan tədricən gücünü və muzdlu terrorçu dəstəyini itirir, Paşinyan isə məğlubiyyətini elan etməyə hazırlaşırdı. Və belə də oldu. Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-a keçən gecə məğlubiyyətini etiraf etdi. Rusiyanın vasitəçiliyi ilə Ermənistan otuz il işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxacağına dair müqavilə imzaladı. Həmin gecə Azərbaycanda xalq küçələrə çıxaraq Qələbənin sevincini yaşadı. Üzlərdə sevinc, gözlərdə isə yaş...

Bu il sentyabrın 19-da ölkəmiz lokal antiterror tədbirləri ilə suverenliyimizi tam bərpa etdi. Oktyabrın 15-də isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dədə-baba torpağımız olan Xankəndidə üçrəngli bayrağımızı qaldıraraq, separatçıların  fəaliyyətinə son qoydu.

Bu gün 3 il əvvəlki günlərlə müqayisədə mənzərə fərqlidir. Qarabağ bir tərəfdən minalardan təmizlənir, bir tərəfdən də binalar ucaldılır. Minalardan təmizlənmiş bəzi ərazilərə 2022-ci ildən etibarən köç başlayıb. Zəngilan, Füzuli, Laçın və bəzi digər şəhər və kəndlərimizə qayıdış davam edir. Bütün Qarabağda həyatın bərpası üçün işlər tam sürətlə aparılır.

Azərbaycan 3 il öncə XXI əsrin müharibəsini apardı. Düşmənə aman verməyən Ordumuz 30 illik işğalı tarixi Zəfərlə sonlandırdı.

Tacir SADIQOV,

"Respublika".