İrəvanı uçuruma sürükləyən Fransa
Siyasət

İrəvanı uçuruma sürükləyən Fransa

Son dövrlərdə baş verən hadisələrə nəzər yetirsək, beynəlxalq aləmdə Ermənistandan sonra Fransa qədər rəzil duruma düşən ikinci bir dövlətə rast gəlmərik. Makron hakimiyyəti müstəmləkələrdən qovulmanın, antifransız əhvali-ruhiyyənin səbəblərini araşdırmaq, mövcud problemləri aradan qaldırmaq əvəzinə özünü daha pis vəziyyətə salır.

Belə ki, Fransa gah Ermənistanı silahlandırmaqla, gah da İsrail-HƏMAS qarşıdurması ilə bağlı absurd açıqlamalar verməklə fikirləri yayındırmağa çalışır. Fransanın hazırkı uğursuzluqlarının arxasında səriştəsiz Emmanuel Makron hakimiyyəti dayanır. Prezidentin tapşırıqlarına kor-koranə boyun əyən komandası isə ölkənin vəziyyətini daha da ağırlaşdırır. Rəsmi Parisin xain planlarının icraçısı rolunda xarici işlər naziri Ketrin Kolonna və müdafiə naziri Sebastyan Lekorn xüsusilə seçilirlər. Onlar erməni lobbisinin əlində oyuncağa çevrilərək Ermənistanın yarıtmaz siyasətinə dəstəklərini açıq şəkildə nümyiş etdirirlər.

Xatırladaq ki, oktyabrın 26-da müdafiə naziri Sebastyan Lekorn erməni həmkarı Suren Papikyanla Parisdə İrəvana silah satışı barədə sazişə imza atmışdı. Daha sonra Lekorn "X" sosial şəbəkəsində yazdığı statusda Fransanın Ermənistanı dəstəklədiyini qeyd etmişdi. Lekorn bu paylaşımı ilə bir daha Makronun Cənubi Qafqazı münaqişə zonasına çevirmək istəyini reallaşdırmaq niyyətini təsdiqləyir. Yeri gəlmişkən son günlərdə ermənipərəstliyi ilə gündəmə gələn Kolonna həmçinin Fransanın keçmiş müstəmləkələrindən qovulmasında da təqsirkar bilinir. Fransalı senatorlar dəfələrlə bildiriblər ki, Nigerdən qovulma və mövqelərin itirilməsi məhz Kolonnanın yarıtmazlığı ucbatından baş verib. Hətta bundan bir neçə ay öncə 90-dan artıq fransız senator xarici siyasətdəki uğursuzluqları diqqətə çatdıraraq bəyanat da imzalayıblar. Bütün bunların günahkarı isə Makron hakimiyyəti göstərilib.

Fransanın keçmiş müstəmləkələrində geniş vüsət alan antifransız əhvali-ruhiyyə də yarıtmaz xarici siyasətlə əlaqələndirilir. Bu yaxınlarda Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransda da sözügedən məsələ diqqət mərkəzində olub. Belə ki, konfransda Fransa keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırılıb. Tədbirdə, həmçinin rəsmi Parisin müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları vurğulanıb. Konfransda iştirak edən ölkələrin Fransanın kolonial siyasətini tənqid etmələri dünya KİV-lərində də işıqlandırılıb. Prezident İlham Əliyevin çıxışı zamanı Fransanı müstəmləkə siyasətində ittiham etməsi isə ciddi rezonans doğurub. Konfrans iştirakçıları Parisin manipulyasiya siyasəti həyata keçirdiyini, bu səbəbdən də ona qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Məsələnin təəccüblü tərəfi isə Makron və komandasının bu ittihamlardan dərs çıxarmaq əvəzinə Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq etməsidir. Əslində, Makron hakimiyyəti İrəvanla "dostluq" münasibətlərində heç də səmimi deyil. Məqsəd seçki kampaniyalarında Makrona dəstək verən erməni diasporuna yaltaqlanmaqdır. Belə ki, Fransa prezidenti Emmanuel Makronun Ermənistanı regional maraqlarının forpostu hesab etməsi də hər kəsə məlumdur. Fransa bununla Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışır. Fransanın məkrli əməllərinə ortaq olmaq isə bu gün Ermənistana baha başa gəlir. Məhz bu səbəbdən rəsmi İrəvan süh prosesindən yayınır.

Nəzrin ELDARQIZI,

"Respublika".