Həmrəyliyin, ədalətin və rifahın təmin olunmasında birgə fəaliyyət
Siyasət

Həmrəyliyin, ədalətin və rifahın təmin olunmasında birgə fəaliyyət

Ölkəmiz 1991-ci ilin dekabrında İslam KonfransıTəşkilatına tamhüquqlu üzv qəbul edilmişdir

Dünyada islamofobiya meyillərinin gündən-günə artdığı bir zamanda Azərbaycan müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin möhkəmləndirilməsi, türkdilli dövlətlər arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və səylərin birləşdirilməsi istiqamətində mühüm addımlar atır. Müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verən ölkəmiz türk dövlətləri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir.

İslam Əməkdaşlıq Təşkilatı 25 sentyabr 1969-cu ildə Mərakeş Krallığının Rabat şəhərində müsəlman ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən konfransda qəbul olunmuş qərara əsasən təsis edilmiş və ilk olaraq İslam Konfransı Təşkilatı adı altında fəaliyyətə başlamışdır.

Əsas məqsədləri sosial, iqtisadi və siyasi sahədə islam həmrəyliyinin təşviqi, müstəmləkəçilik, neokolonializm və irqçiliyə qarşı birgə mübarizə olan təşkilatın yaranmasından qısa müddət sonra Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İKT Xarici İşlər Nazirlərinin I konfransında İƏT Baş Katibliyi təsis edilmişdir. 2008-ci ilin 13-14 mart tarixlərində Dakar şəhərində (Seneqal) XI zirvə toplantısında isə İKT-nin yeni nizamnaməsi qəbul olunmuşdur. Humanizm, dözümlülük, bərabərlik, ədalət kimi insani dəyərləri qorumaq, təşviq etmək, üzv dövlətlər arasında həmrəyliyi möhkəmləndirmək, dünyada gedən qlobal proseslərdə müsəlman ölkələrinin eyni mövqedən çıxış etməsinə səy göstərmək kimi ali məqsədlərə xidmət edən təşkilatın nizamnaməsində üzv dövlətlərin öz müqəddəratlarını təyinetmə hüququna malik olması, hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması, baş verə biləcək istənilən mübahisənin sülh yolu ilə tənzimlənməsi əsas prinsiplər kimi göstərilmişdir. 28 iyun 2011-ci ildə Astanada keçirilən Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında İslam Konfransı Təşkilatının adı dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılmışdır.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan həmin il dekabrın 8-də İslam Konfransı Təşkilatına üzv qəbul olunmuşdur. Müstəqil ölkə kimi özünü dünyada təsdiq edən, dünya ölkələri ilə sülh və dostluq şəraitində əməkdaşlığa böyük önəm verən, bölgədə və dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycan keçmiş sovet respublikaları arasında İslam Konfransı Təşkilatına üzvlük barədə müraciət edən ilk ölkədir. İslam həmrəyliyi, müsəlman ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər sahələrdəki əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Konfransı Təşkilatının (İKT) üzvü kimi Azərbaycan o illərdə haqq səsini dünya ictimaiyyətinə çatdırmışdır. Belə ki, 1994-cü il dekabrın 12-də Mərakeşdə İKT-nin VII Zirvə toplantısında qəbul olunan qətnamələrə keçmiş Qarabağ münaqişəsi ilə bağlı müddəalar salınmış, ölkəmizə iqtisadi yardımın göstərilməsi məsələləri müzakirə edilmişdi. Həmçinin BMT-nin dörd qətnaməsinin icrası və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunmuşdu. Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olaraq təşkilatın zirvə görüşlərində Qarabağ problemi daim diqqət mərkəzində saxlanılmış və bu barədə beynəlxalq hüquq normaları çərçivəsində bir sıra bəyanatlar qəbul edilmişdir. İKT-nin Zirvə görüşləri tarixində ilk dəfə 1994-cü ildə Kasablankada "Ermənistan-Azərbaycan münaqişəsi haqqında" qətnamə qəbul edilmiş, qətnamədə Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal edən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində mülki şəxslərə qarşı edilən hərəkətlər bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilmişdir.

Azərbaycanla İslam Konfransı Təşkilatı arasında əlaqələr ümummilli lider Heydər Əliyevin yenidən respublikaya hakimiyyətə qayıdışından sonra daha da inkişaf etmişdir. Belə ki, 1997-ci ilin dekabrında Prezident Heydər Əliyevin sayəsində təşkilatın Tehranda keçirilən VIII sammiti Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamış, 2000-2003-cü illərdə keçirilən sammitlərdə də Azərbaycanın ərazi bütövlüyünə hörmət, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, BMT-nin qətnamələrinə əməl olunması öz əksini tapmışdır. 2005-ci ilin dekabrında Prezident İlham Əliyev Məkkə şəhərində İKT-nin üçüncü təcili toplantısında çıxış edərək təşkilatın dünyada sülhün və rifahın təmin olunmasında göstərdiyi səyləri yüksək qiymətləndirmişdir. 2006-cı ilin iyun ayında Bakıda İKT-yə üzv ölkələrin Xarici İşlər Nazirlərinin 33-cü sessiyasında təşkilata sədrlik Azərbaycana keçmiş, sonrakı illərdə keçirilən sammit və konfranslarda ölkəmizlə əlaqədar mühüm qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının təşəbbüsü ilə İslam Əməkdaşlığı Gənclər Forumu, onun Avrasiya Regional Mərkəzi (İƏGF ARM) və İƏT Əmək Mərkəzi kimi qurumlar yaradılmışdır. Bu gün İƏT təxminən 1,5 milyard əhalisi olan 57 ölkəni özündə birləşdirən nüfuzlu beynəlxalq təşkilat olaraq müsəlman dövlətləri arasında əməkdaşlığın inkişafı, beynəlxalq arenada birgə iştirakı, üzv ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün həll yollarının tapılması və həyata keçirilməsində mühüm rol oynayır.

Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilat olan İƏT-in ölkəmizə qarşı ədalətli mövqeyi həmin təşkilatla münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son illər ölkəmizin təşkilat ilə əlaqələri daha da möhkəmlənmiş, üzv dövlətlərlə hərtərəfli əlaqələr inkişaf mərhələsinə yüksəlmişdir.

Qeyd edək ki, 2020-ci ildə ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma "seçkilər"lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı "İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir" ("OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh") başlıqlı bəyanatla çıxış etmişdir. İkinci Qarabağ müharibəsindən sonra İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad etdiyi Ağdam və Füzuli şəhərlərində faktaraşdırıcı missiya həyata keçirməsi də uğurlu əməkdaşlığın bariz nümunəsidir. Prezident İlham Əliyev bu il noyabrın 23-də Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciətində demişdir: "İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləmiş, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl şəkildə dəstəkləmişdir. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə minnətdarlığımızı bildiririk".

Bölgədə türkdilli dövlətlərlə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə yüksək dəyər verən Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində öz milli maraqlarından çıxış edir. İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin inkişafı da ölkəmizin xarici siyasət kursunda prioritet təşkil etməklə yanaşı, eyni zamanda strateji əhəmiyyət kəsb edir.

Mehparə ƏLİYEVA,

"Respublika".